Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-160/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “X3 and Foundry Company» MMC-yə qarşı əmək-istehsalat xəsarəti nəticəsində vurulmuş zərərin və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3 and Foundry Company» MMC-yə qarşı əmək-istehsalat xəsarəti nəticəsində vurulmuş zərərin və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək – istehsalat xəsarəti nəticəsində cavabdehin ona hər ay ödənilməli olan 376 manat 50 qəpik müavinət, cəmi 5647 manat 50 qəpik (beş min altı yüz qırx yeddi manat əlli qəpik) müavinət borcunun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (2023-cü ilin aprel ayından) faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında olan 1809 manat 60 qəpik (bir min səkkiz yüz doqquz manat altmış qəpik) vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyasının ödənilməsi, mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək – istehsalat xəsarəti nəticəsində cavabdehin ona 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayının 1-ə kimi ona hər ay ödənilməli olan, lakin ödənilməmiş 469 manat 36 qəpik = 9 ay üçün cəmi 4224,24 manat (dörd min iki yüz iyirmi dörd manat iyirmi dörd qəpik), 2024-cü ilin yanvar ayından 2024-cü ilin noyabr ayının 1-ə kimi ödənilməli olan, lakin ödənilməmiş 494 manat 76 qəpik = 10 ay üçün cəmi 4947,6 manat (dörd min doqquz yüz qırx yeddi manat altmış qəpik), cəmi 19 aya = 9171,84 manat (doqquz min yüz yetmiş bir manat səksən dörd qəpik) müavinət borcunun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (2023-cü ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi – 19 aya) faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərədə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında olan 2754 manat (iki min yeddi yüz əlli dörd manat) vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyasının ödənilməsi, mediasiya sessiyasının keçirilməsi üçün ödədiyim 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Cavabdeh MMC-də işləyərkən maddə əritmə peçində baş vermiş bədbəxt hadisə - partlayış nəticəsində bədən üzvlərinin yanıq xəsarətləri nəticəsində əmək xəsarətləri alaraq əmək qabiliyyətimin 40%-ni itirməklə İİİ qrup əlil olmuş və həmin müəssisədən ayda 376 manat 50 qəpik müavinət almışdır. Lakin 2023-cü ilin aprel ayından müəssisə tərəfindən əmək xəsarətinə görə müavinətin verilməsi qanunsuz və əsassız olaraq dayandırılmışdır. Cavabdeh səbəbini belə izah etmişdir ki, müəssisənin fəaliyyəti dayandığı üçün bu müavinəti ödəyə bilmir. 2023-cü ilin aprel ayından hazıra kimi ona hər ay ödənilməli olan 376 manat 50 qəpik, cəmisi 5647 manat 50 qəpik (beş min altı yüz qırx yeddi manat əlli qəpik) ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 5647 manat 50 qəpik (beş min altı yüz qırx yeddi manat əlli qəpik) təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinind bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək müqaviləsində bu hal üçün işçiyə pul əvəzinin ödənilməsi miqdarı hər gecikdirilmiş gün üçün 1% nəzərdə tutulmuşdur. Onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh X3 AND FOUNDRY COMPANY” MMC ödənişin hər gecikdirilmiş gün üçün ona 1 % olmaqla – 376.50x1/100 = 3,77 manat 1 günün faizi vurulsun 1 ay yəni 30 gün = 113,1 manat və hazırki tarixə 16 ay gecikdirilmiş müddət vurulsun 113,1 manat = 1809,6 manat məbləğində əlavə kompensasiya verilməlidir. Cavabdehlə aralarında olan fərdi əmək mübahisələrinin həlli məqsədilə mediasiya təşkilatına müraciət olunmuşdur. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir və onunla bu mübahisəni sülh yolu ilə aralarında dostcasına həll etmək onun təqsiri üzündən mümkün olmamışdır. Bu barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00083 nömrəli arayış tərtib edilmişdir. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə 30 noyabr 2023-cü il tarixdə onun tərəfindən sifarişli təklif məktubu göndərilmişdir. Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır. Sumqayıt şəhər məhkəməsinin 2(060)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Elektron Məhkəmə Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanıdır. Məhkəmənin qənaətinə görə aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. (sədrlik edən hakim Aynur Behbudova) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən onun Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). (sədrlik edən hakimi Kərim Xudayev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan da görünür ki, Cavabdeh hüquqi ünvanı AZ5002, ünvan 2öründüyü kimi, Cavabdeh hüquqi ünvanı AZ5002, ünvan 3ülki Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən, həmin işin məhkəmə aidiyyəti Sumqayıt şəhər məhkəməsinə aid olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onların bank hesablarına müəyyən məbləğ daxil olur və həmin bank hesablarına əsasən də məhkəmə qərarları icra olunur. Rəsmi qeydiyyatda olduqları yerdə olmasalar da, onların bank hesabları işlək vəziyyətdədir. Bu yaxınlardada cavabdehin hesabına gördükləri işə görə 1 milyon 200 min manat vəsait daxil olmuşdur. İddiaçı da əmək qabiliyyətini 40% miqdarında itirmişdir. 2023-cü ilin may ayından etmədikləri ödənişlər yığılmışdır. Qanuna əsasən hər gecikdirilmiş gün üçün 1% də əlavə məbləğ hesablamışlar. Müəssisəsinin işləyib-işləməməsinin müavinətlərin və haqqın verilməsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh “X3 and Foundry Company» MMC-nin iş materiallarında olan hüquqi (ünvan 4 ünvanına bildiriş göndərilsə də, həmin məktublar "xxxx" poçt qeydi ilə geri qaytarılmış, cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh “X3 and Foundry Company» MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan İddiaçı aid olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, “X3 and Foundry Company» MMC tərəfindən materiallar və hazır məhsullar anbarına kran maşinisti peşəsinə xx.xx.2019-cu il tarixli, 156-BNFFC saylı əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixli, 020-21/1A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən “qaynaqçı” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim edilməsi mümkün deyil. “X3 and Foundry Company» MMC-nin əsas fəaliyyətinin də aid olduğu “Çuqun, polad və ferroərinti istehsalı” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ildə 1173,4 manat, 2024-cü ilin yanvar-iyun aylarında isə 1236.9 manat təşkil etmişdir. İşdə olan AR ƏƏSMN TSEK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə aktının çıxarışdan görünür ki, İddiaçı istehsalat zədəsi nəticəsində əmək qabiliyyətinin 40%-ni itirmiş və yüngül işlərdə işləyə bilər. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(060)-2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh “X3 and Foundry Company» MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, şikayətin təmin edilməməsi, Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(060)-2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 26 noyabr 2008-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh “X3 and Foundry Company» MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş X1 verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli pensiya haqqında arayışdan görünür ki, İddiaçı təyinat tarixi xx.xx.2021-ci il olmaqla əlilliyə görə 325.52 manat məbləğində aylıq ödəniş müəyyən olunmuşdur. İşdə olan “X2» QSC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 28 noyabr 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, “X2» QSC ilə İddiaçı adlı şəxs arasında əmək münasibətləri olmamış və həmin şəxs cəmiyyət tərəfindən hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bu səbəbdən məktubda qeyd edilən sənədlərin onlar tərəfindən təqdim edilməsi imkanları xaricindədir. İddiaçı sonradan iddia tələbinin həcmini artırmasına baxmayaraq, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, 2024-cü ilin yanvar ayından 2024-cü ilin noyabr ayına kimi müavinəti hansı hüquqi əsasla tələb etməsi müəyyən edilmir. Məhkəmə iddiaçınının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - - 384.0.3-cü maddəsinə əsasən iddia müddəti şamil edilmir - fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”nın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. - 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci maddəsinəəsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. (5.2) Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. (5.3) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir (5.5). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. (5.6) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “X3 and Foundry Company» MMC-də əmək vəzifələrini yerinə yetirərkən (maddə əritmə peçində baş vermiş bədbəxt hadisə-partlayış nəticəsində bədən üzvlərinin yanıq xəsarətləri, diaqnoz: bilək və əlin üçüncü dərəcəli termiki yanığı, hər iki biləyin, əlin və barmaqların arxa səthlərinin yanıqdan sonrakı geniş həcmli kobud dartıcı kelloid-hipertrofik çapıqları, çapıq nahiyələrində trofikanın və hissiyatın pozulması ilə, əlin iç və üst səthinin hipertrofik çapıqları, əl barmaqlarının funksiya pozğunluğu, əl barmaqları oynaqlarının kontrakturası) aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin bir hissəsini itirmiş, nəticədə ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Hazırda iddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ümumillikdə 9171,84 manat müavinət borcunun və hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında 2754 manat vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X3 and Foundry Company» MMC-yə qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “X3 and Foundry Company» MMC-də kran maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “beşinci dərəcəli kran maşinisti” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilən məlumatdan görünür ki, “X3 and Foundry Company» MMC-nin əsas fəaliyyətinin də aid olduğu “Çuqun, polad və ferroərinti istehsalı” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ildə 1173,4 manat, 2024-cü ilin yanvar-iyun aylarında isə 1236.9 manat təşkil etmişdir. Məhkəmə cavabdehin müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin 40% hissəsini itirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayının 1-nə kimi hər il üzrə müəyyən edilmiş nominal əmək haqqının 40% həcmində ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayının 1-nə kimi müəyyən edilmiş nominal əmək haqqının 40% həcmi hesablanmaqla iddiaçıya ödənilməli olan ödəncin məbləği 2023-cü il üzrə 4224,24 (1173.4 manat x 40% x9 ay) manat təşkil edir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən - işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Məhkəmə qeyd edir ki, göstərilən normaların mahiyyətindən aydın olur ki, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərti- birinci olaraq əmək haqqının verilməsinin gecikdirilməsi və bu gecikdirilmənin işəgötürənin təqsiri üzündən baş verməsi şərtləndirilmişdir. Lakin qeyd olunan tələb müavinətin verilməsi ilə bağlı olmuş, burada əmək haqqının verilməməsi ilə bağlı tələb müəyyən edilməmişdir. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X3 and Foundry Company» MMC-dən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 4224,24 (1173.4 manat x 40% x 9 ay) manat məbləğində ödənc və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-160/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-160/2025
13.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver