Məhkəmə qərarları › İş №e-2(060)-167/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-167/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-167/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər X2 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 Məhəmməd qızı, X5, X4 və Cavabdeh1 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 56 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlər X5, X4 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilinə köçürülməyi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən 1998-ci ilədək Sumqayıt Boru Prokat zavodunun nəzdində olan “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. Həmin müəssisədə işlədiyi zaman, yəni 1993-cü ildə müəsissə tərəfindən ona Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzili ayrılmış və müvafiq order verilmişdir. Sözügedən mənzilin ona və ailə üzvlərinə yaşamaq üçün verilməsinə baxmayaraq, bir gün olsun belə həmin ünvanda yaşamaq qismət olmamışdır. Çünki Zəngilan rayonundan məcburi köçkünlər olan Cavabdeh4 Məhəmməd qızı, X5, X4 və Cavabdeh1 ona məxsus mənzili qanunsuz olaraq zəbt etmiş və uzun illərdir ki, heç bir hüquqları olmadan orada yaşayırlar. O, ailəsilə birlikdə neçə illərdir ki, müxtəlif ünvanlarda yaşayır. Övladı Nümayəndə ailəlidir və üç uşaqla birlikdə kirayə mənzildə yaşayır. Halhazırda sözügedən mənzili ailəsilə birlikdə istifadə etmək istəsə də, cavabdehlər mənzili könüllü olaraq boşaltmadıqlarından, bu mümkün olmur. Dəfələrlə cavabdehlərə müraciət edərək mənzili boşaldıb ona təhvil vermələrini xahiş etmiş, lakin cavabdehlər onun xahişinə məhəl qoymamışlar. Bu səbəbdən də cavabdehlərin məhkəmə qərarı əsasında mülkiyyətində olan mənzildən çıxarılması qərarına gəlmişdir. Ona görə də məhkəməyə müraciət edir. O, hal-hazırda da ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər mənzili zəbt edərək uzun illərdir ki, heç bir hüquqları olmadan orada yaşayırlar. İddiaçı dəfələrlə cavabdehlərə müraciət etsə də, buna məhəl qoymamışlar. Ona görə də iddiaçı cavabdehləri məhkəmə qərarı əsasında mənzilindən çıxarmaq qərarına gəlmişdir. Məhkəmə iclasında cavabdeh X5 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Onlar ilk dəfə 30-cu məhəllədə məskunlaşmışlar. Sözügedən mənzili isə zəbt etməmiş, 1995ci ildə Sərdar və Mahirə adlı şəxslərdən almışlar. Sərdar və Mahirədən əvvəl isə mənzil Allahverdi və Elmira adlı şəxslərin istifadəsində olmuşdur. Allahverdi və Elmira mənzili Sərdar və Mahirəyə satarkən orderi də onlara veriblər. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. 1995ci ildə mübahisəli mənzili Sərdar və Mahirə adlı şəxslərdən almış, onlar isə Dağıstan Respublikasına köçmüşlər. Həmin ildən də orada yaşayırlar. Onlar 1995-ci ilin fevral ayında həmin mənzilə köçmüşlər. Daha əvvəl 14-cü məhəllədə kirayədə yaşamışlar. 1995-ci ilin dekabr ayında Mahirə gəlib əşyalarını aparmışdır. Digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 1997-ci ilə qədər məskunlaşmış məcburi köçkünləri mənzildən çıxarmaq olmaz. Onlar 1995-ci ildən həmin mənzildə yaşayırlar. Mənzili sənədləşdirmək üçün müraciət etmişlər. Aidiyyəti qurumdan mənzilin havada olduğu bildirilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 03 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 56 saylı evin 14 saylı mənzilinin icarədarı İddiaçıdur. - Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 888 saylı ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh4 Məhəmməd qızı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilində yaşayır. Ailə üzvləri X5, X4 və Cavabdeh1dur. Zəngilan rayonundan məcburi köçkündürlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 56 saylı evin 14 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aşkar edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 273/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə xx.xx.2018-ci il tarixli qəraı ləğv olunmuş, iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilinə pasport qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. - AR Dövlət Arxivinin Sumqayıt filialının iddiaçının nümayəndəsi və vəkili Vəkilnnun müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sorğu edilən Sumqayıt şəhərində olan mənzillərə məxsus orderlər Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Ərizəçiyə yaşadığı ünvana nəzarət edən Mənzil İstismar Sahəsinə müraciət etməyi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh4 Məhəmməd qızı 9496 nömrəli karta, X5, X4 və Cavabdeh1 Məmməd oğlu 9495 nömrəli karta əsasən Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoruna qeydiyyata alınmışlar və 1993-cü ildən ünvan 5 ünvanında məskunlaşmışlar. Onların dövlət tərəfindən mənzillə təmin olunmaları barədə qeydiyyat aparılması, mənzillə təmin olunmaları, Respublika üzrə hansı ərazidə onlara mənzil ayrılması barədə Sumqayıt şəhər sektorunda məlumat yoxdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 16 avqust 1960-cı il təvəllüdlü İddiaçı 1982-ci ildən 1998-ci ilədək “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsində ("xxxx" MMC) işləmişdir. İşlədiyi dövrdə, yəni 1993-cü ildə İddiaçı (ailə üzvləri: Bayramova Gülnarə - həyat yoldaşı, Bayramova Xəyalə - qızı və Nümayəndə - oğlu) "Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi ("Metallurq-təmir-1” MMC) tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzili ayrılmış və ona müvafiq order verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən iddiaçıya mübahisəli mənzilə dair 03 saylı, tarixsiz (müvafiq təşkilatın məktubuna əsasən 1993-cü ildə) order verilmiş, lakin yaşayış sahəsində məcburi köçkünlər olan – cavabdehlər məskunlaşmışlar. Məhkəmə qərarı ilə iddiaçı sözügedən mənzilə pasport qeydiyyatına alınmışdır. Mübahisəli yaşayış sahəsi özəlləşdirilməmiş, eləcə də iddiaçı orada heç vaxt yaşamamışdır. Bu mənzilin iddiaçıya ayrılması barədə protokol, eləcə də müvafiq qeydiyyat, habelə digər hüquqmüəyyənedici sənədlər həm müəssisənin, həm də dövlət arxivində aşkar olunmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərin mənzildən çıxarılması tələbinə dair vindikasiya iddiası Mülki Məcəllənin müvafiq maddələrinin dispozisiyasına cavab vermir, qanunsuz sahiblik mövcud deyildir. Belə ki, məhkəmə mübahisəli mənzilə dair tarixsiz order qanuni sahibliyə əsas verən mötəbər sübut kimi qəbul etmir. Çünki, mübahisəli əmlakın ayrılması barədə protokol, arxiv arayışı, eləcə də digər hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən sözügedən tarixsiz order qanuni sahibliyi yaradan əsas kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu normadan da göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyat ayrı-ayrı şəxlərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında duran vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaqdır, icazə xarakteri daşımır və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər, yəni mənzilə qeydiyyat ayrı-ayrı şəxslərə heç bir əlavə hüquq, o cümlədən qeydiyyatın aparıldığı mənzildə yaşayan məcburi köçkünlərin çıxarılmasını tələb etmək hüququ vermir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar