Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1695/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evinə köçürülməsi və 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 11 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və həmin vaxtdan onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Birgə nikah dövründə cavabdehlə onun şəxsi vəsaiti hesabına evin yerləşdiyi torpaq sahəsində əlavə tikililər (1 otaq, mətbəxt, hamam-ayaqyolu və əlavə mətbəxt dəhliz) inşa olunmuş və o, cavabdehlə həmin tikilidə yaşamışdır. Onlar birgə nikahda olduqları vaxt xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adında iki azyaşlı övladı anadan olmuşdur. Onun bütün cehiz əmlakları qeyd edilən tikilidədir, lakin cavabdeh onun həmin evdən istifadə hüququnu məhdudlaşdırır, sonuncu ilə bir həyətdə yaşayan anası Zeynəblə əlbir olaraq onun həmin tikilidə yaşamamağı üçün kommunal xidmətlərdən (qaz, su və işıq) istifadə etməməyi üçün hər bir vasitəyə əl atır, onu və uşaqlarını evə buraxmır. Tikiliyə quraşdırılan işıq kodunu keçmiş qaynanası öz adına keçirməklə tikiliyə verilən işığı kəsdirmişdir. O, 2021-ci ilin iyun ayının 1-də həmin tikilidən çıxarılaraq hazırda anasına məxsus olan evdə yaşayır. O, bu müddət ərzində polisə şikayət etmiş, uşaqları ilə həmin evə köçməyə və işıq verilməsini bərpa etməyə çalışmış, lakin cavabdeh buna imkan verməmiş, Sumqayıt şəhər İşıq İdarəsində işləməyindən istifadə edərək bu özbaşına hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi bildirdi ki, iddia əsassızdır və bu səbəbdən iddia təmin edilməməldir. Belə ki, mübahisəli ev cavabdehin atası tərəfindən tikilmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Bələdiyyəsi, Kimyaçılar qəsəbəsi, “Maral Göl” üzrə 2 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 265 №-li və xx.xx.2020-ci il tarixli, 1850 №-li arayışların surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - 989281 №-li qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mediator X1 hesabına 50 manat vəsait köçürmüşdür. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları vardır. - Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayıt Sukanal” İdarəsinin iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Kimyaçılar qəsəbəsi” ərazisində yerləşən 694/A saylı bağ evi xx.xx.2013-cü il tarixində Cavabdeh adına kodlaşdırılmış və xx.xx.2019-cu il tarixdə 19095646 saylı su sayğacı ilə təmin edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəbrayıl Rayon Təhsil Şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru Ş.M.Məmmədovanın iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdə 1-ci sinifə daxil olmuş, xx.xx.2020-ci il tarixdən Sumqayıt şəhər General M.Əsədov adına İnteqrasiya təlimli internat məktəbinə getmişdir. xx.xx.2014-cü il təvəllüdlü X4 xx.xx.2019-cu il tarixdə məktəbə hazırlıq qrupuna daxil olmuş, xx.xx.2021-ci il tarixdən Sumqayıt şəhər, F.Piriyev adına 18 saylı tam orta məktəbə getmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 6 saylı körpələr evi uşaq bağçasının iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixində bağçaya daxil olmuş, xx.xx.2019-cu il tarixdə bağçadan xaric olunmuşdur. - Sumqayit Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əliyeva Həmidə Nurəddin qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış, 586 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası Əliyeva Həmidə Nurəddin qızının yanında qalması və 13 iyul 2020-ci il tarixdən etibarən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər birinə hər ay sabit pul məbləğində 150 manat, ümumilkdə 300 manat miqdarında alimentin Cavabdeh tutularaq Əliyeva Həmidə Nurəddin qızına verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan yaşayış sahəsinin özbaşına tikili olması, mübahisəli evin cavabdehin babası tərəfindən inşa olunması, həmin yaşayış sahəsinin tərəflərin rəsmi nikahda olduğu vaxtdan əvvəl olması, iddiaçı ilə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olması, həmin tarixdən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçərək, həmin evdə yaşaması, daha sonra müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı ilə Cavabdeh arasında bağlanılmış rəsmi nikahın pozulması və birgə nikahdan olan iki azyaşlı uşağın iddiaçının himayəsində saxlanılması halını hər iki tərəf təsdiq etməklə işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmetini iddiaçının özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə tələbinin olması, cavabdeh tərəfin isə həmin tələbə etiraz etməsi halı təşkil edir. Məhkəmə, işin mübahisəli özbaşına tikilinin iddiaçının mərhum qaynatası tərəfindən tikilməsi, vərəsəliyin predmeti olmaması, əmlakın yerləşdiyi torpaq sahəsinə dair hər hansı sənədin qeyri-mövcudluğunu, eləcə də heç bir dövlət və bələdiyyə vergisinin verilməməsi, yalnız kommunal xidmətlərə görə ödənişlərin edilməsini, su sayğacının cavabdehin adına rəsmiləşdirilməsini, bu yaşayış sahəsində nikahları bağlandıqan son dövrlərə qədər yalnız iddiaçı ilə cavabdehin yaşaması hallarına əsaslanaraq hesab edir ki, həmin ev Cavabdeh istifadəsində olmuş, mərhum babası tərəfindən ərsəyə gətirilsə də, son nəticədə onun yaşaması üçün ayrılmışdır. Bununla əlaqədar məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbi özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə tələbinə aid olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, hazırki mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tkinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər xx.xx.2010-cu il tarixində (iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçdüyü tarixdən) yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli evdə yaşayan cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən, onun həmin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Məhkəmə, iddianın 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 11 manat hüquqi yardımla bağlı köçürülən vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı hesab edir ki, evə köçürülmə tələbi təmin edilmədiyindən, həmin tələblər də rədd olunmamalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234- 244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən fərdi yaşayış evinə köçürülməsi və 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 11 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-1695/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1695/2022
15.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver