Məhkəmə qərarları › İş №e-2(060)-1722/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1722/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1722/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə 08 iyun 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzilindən istifadə hüququnun tanınması və azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlu ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdü Cavabdeh1 Mahir oğlu və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlu adlı iki övladları olmuşdur. İddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, mübahisəli Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzilinə 2014cü ildən cavabdehlərin razılığı ilə gəlin köçmüşdür. O, gəlin köçərkən həmin mənzil özəlləşdirilməmişdir, order əsasında 1992-ci ildən Cavabdeh1 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Cavabdehlər onun və uşaqlarının hazırda həmin mənzildə yaşamağına maneəçilik törədirlər, evə buraxmırlar. Hansı ki, o, cavabdehlərlə 2014-cü ildən orada yaşayıb birgə təsərrüfat aparmışdır. Hazırda cehiz əşyaları da oradadır. Övladlarının hər ikisi həmin evdə böyümüşdür. Qanunvericiliyə uyğun olaraq uşaq anadan olarkən yaşadığı ünvan üzrə adiyyatı olan xəstəxana və poliklinikaya qeydiyyata düşərək orada müayinə və müalicə olunurlar. Cavabdehlə birgə nikahdan olan uşaqları doğularkən onlar xəsətəxanaya qeydiyyata düşmüşlər. İş materiallarına əlavə olunmuş uşaqların inkişafı tarixi kitabçasından görünür ki, uşaqların və onun da yaşayış ünvanları ünvan 1azırda daimi yaşamaga başqa yerləri yoxdur. Həmin mənzildə istifadə hüququ vardır, oraya uşaqları ilə birlikdə köçürülmələri təmin edilməlidir. Göründüyü kimi mübahisəli mənzildən istifadə qaydaları ilə bağlı aralarındakı hüquq münasibətləri 2014-cü ildən yaranmışdır. Həmin zaman mübahisəli mənzil dövlət fonduna məxsus olmuş, kirayə müqaviləsi ilə cavabdehlərin istifadəsində verilmişdir. Ona görə də hesab edir ki, mübahisə AR Mənzil Məcəlləsin 68.1-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, həmin maddənin tələbinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Göstərilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddaçı Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və gəlin kimi sözügedən mənzilə köçmüşdür. İddiaçı ilə cavabdeh və onun ailəsi arasında daim söz-söhbət, dava dalaş olmuşdur və nəticədə iddiaçı bu kimi hadisələrdən bezərək evi tərk etməli olmuşdur. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, iddiaçı könüllü olaraq deyil, məcburiyyət qarşısında qalaraq yaşadığı evi tərk etmişdir. Belə ki, iddiaçı əgər evdən könüllü çıxsaydı, əşyalarını da özü ilə aparardı. İddiaçı hazırda atasının evində yaşayır və həmin mənzildə qeydiyyatdadır. Bildirir ki, mübahisəli mənzil özəlləşdirilən zaman iddiaçı həmin evdə olmuş, lakin iddiaçı atasının evində qeydiyyatda olduğu üçün mənzilin özəlləşdirilməsi zamanı iddiaçının razılığına ehtiyac olmayıb. Bildirir ki, iddiaçı ilə cavabdeh 2014-cü ildən 2021-ci ilə kimi həmin mənzildə birgə təsərrüfat aparıblar, bu halı qarşı tərəf də mübahisələndirmir. Tərəflər arasında nikah rəsmi qaydada xx.xx.2022-ci il tarixli qətnamə əsasında pozulmuşdur. Hətta cavabdeh boşandıqdan sonra iddiaçıya qarşı zorakılıq hərəkətləri etmiş, iddiaçının atasına məxsus evin həyətində onu döymüş və nəticədə cavabdeh barəsində məhkəmə hökmü çıxarılmışdır. Məhkəmənin nəzərinə onu da çatdıır ki, iddiaçı hazırda atasının evində, 13 nəfərdən ibarət ailə ilə birlikdə yaşayır. Bununla bağlı məhkəməyə arayış da təqdim olunub. Nümayəndə qeyd edilənlərə əsaəsn iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2014-cü ildə Cavabdeh3lə ailə həyatı qurub sözügedən mənzilə gəlin köçmüşdür, 2021-ci ilə qədər həmin mənzildə yaşamışdır. O, yoldaşı üçün ailədə yaşanan bütün söz söhbətlərə dözmüş, öz valideynlərinə ailə problemləri haqqında heç nə deməmiş, hətta ailəsi ərinin narkotik maddələrdən istifadə etməsi məsələsini kənardan öyrənmiş, bu məsələ barədə o, atasıgilə gələndən sonra danışmışdır. O, qaynatasının onun otağına alt geyimində daxil olması barədə yoldaşına demiş, lakin yoldaşı ona inanmadığı, o isə artıq belə vəziyyətdə evdə yaşaması mümkün olmadığından evi tərk etməli olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Tərəflər arasında rəsmi nikah münasibətləri pozulmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixində könüllü qaydada sözügedən evdən çıxmışdır. Belə ki, iddiaçının yaşamağa başqa evi olmasaydı, evdən könüllü getməsəydi və ya zorla çıxarılmış olsaydı, o zaman iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı ola bilərdi. Artıq 1 ildən çoxdur ki, iddiaçı evi tərk edib getmiş və bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Beləliklə də iddiaçı sözügedən mənzilə ehtiyacının olmadığını açıq-aşkar büruzə vermişdir. Onu da bildirir ki, sözügedən mənzil özəlləşdirilmiş mənzildir. Hazırda həmin mənzilin mülkiyyətçisi iddiaçının keçmiş qaynatası Cavabdeh1dir. Həmçinin mübahisəli mənzildə iddiaçıya məxsus heç bir əmlak yoxdur. Əlavə olaraq onu da məhkəmənin nəzərinə çatdırır ki, Ali Məhkəmədə analoji işlər üzrə eyni əsasla çıxarılmış qərarlar qüvvədə qalmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclaısnda iştirak etmiş Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddiaçı könüllü olaraq evi tərk edib getmişdir. Belə ki, iddiaçı onun ata və anası yatan vaxtı uşaqları da götürüb evi tərk etmişdir. Hesab edir ki, iddiaçı artıq onunla yaşamaq istəmədiyindən evi tərk edib getmişdir. Hazırda onun evində iddiaçıya məxsus heç bir cehiz əmlak yoxdur. Belə ki, iddiaçı gəlin gələn zaman özü ilə heç nə gətirməyib. Yalnız uşaqların çarpayısı onlardadır, həmin çarpayı da əvvəllər bacısının uşaqlarına məxsus olub. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Minayə onun bacısıdır. Cavabdehlər isə bacısının yoldaşı, qaynanası və qaynatasıdır. Bacısı 2014-cü ildə ailə həyatı qurub və gəlin kimi Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 11, 39 saylı mənzilə köçüb. Bacısı 2021-ci ildə cavabdehlə rəsmi qaydada boşanmış və ata evinə qayıtmışdır. Bacısı ailəsi ilə dalaşdığı üçün iki uşağını götürüb atasının evinə gəlmişdir. Həmin vaxt bacısı özü ilə ancaq bir balaca çanta götürmüşdü. Bildirir ki, bacısı ilə cavabdeh və onun ailəsi arasında tez-tez söz-söhbətlər olurdu, sonuncu dəfə bacısı onların yanına gələndən sonra da cavabdeh gəlib məhlədə onu döymüşdür, ona görə də cavabdeh barəsində inzibati xəta haqqında icraat aparılmışdı. Sonuncu dəfə bacısı barışmayacağını, barışacağı halda özünü öldürəcəyini demişdir. Hazırda atasıgildə 14 nəfər birlikdə yaşayırlar. O, uşaqları, bacısı, bacısının uşaqları, qardaşının ailəsi– hamısı bir evdə yaşayırlar. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Minayə baldızıdır. Minayə gəlin köçdüyü evdə yaranan söz-söhbətlərə dözməyib ata evinə gəlmişdir. Hazırda onların hamısı qaynatasına məxsus evdə yaşayırlar. Bildirir ki, o, 2011-ci ildə gəlin gəlmiş, Minayə isə 2014-cü ildə gəlin köçmüşdür. Minayə iki uşağı ilə birlikdə 18 iyul 2021-ci ildə ata evinə qayıtmışdır. Həmin vaxt Minayə özü ilə biraz yay paltarı gətirmişdi. Minayəni hər zaman cavabdeh tərəf döyüb təhqir ediblər. Cavabdeh sonuncu dəfə Minayəni onların yaşadıqları məhlədə döyüb. Sonuncu dəfə Minayə ata evinə qayıdanda barışıq üçün cəhd olmayıb. Minayə gəlin köçərkən özü ilə cehiz əşyaları, qonaq və yataq otağı dəsti, qab-qacaq və s. aparmışdı, hazırda həmin əşyaların hamısı cavabdehin evindədir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-128/2023 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/11 ünvanda yerləşən 39 saylı mənzil üzərində Sumqayıt Şəhər lcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 30/1053 nömrəli order, Sumqayıt Şəhər lcra Hakimiyyətı MKTİB 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 810 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 Ns-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh1 mülkiyyərt hüququ qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********1 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-535/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Abdullayeva (Bağırova) Minayə Qalib qızı ilə Cavabdeh3 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir oğlu və xx.xx.2018-ci il təvəllüdlü Abdullazadə Zaur Mahir oğlunun iddiaçı Abdullayeva Minayə Qalib qızının yanında qalması, Cavabdeh3 xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Abdullazadə Zaur Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin tutulub iddiaçı Abdullayeva Minayə Qalib qızına verilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9 saylı MKS-nin sahə ustası və qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatsız yaşamış İddiaçı xx.xx.2021-ci il tarixdən göstərilən ünvanda yaşamır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-717/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşdə olan 243 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlu ünvan 5 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3 ilə xx.xx.2014-cü ildə rəsmi dövlət nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikaha daxil olduqdan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzilinə köçmüşdür. Birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlu anadan olmuşdur. Tərəflər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-535/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən rəsmi qaydada boşanmışdırlar və hal-hazırda ayrı yaşayırlar. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzili xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ilk öncə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzili hal-hazırda Cavabdeh1 mülkiyyətində olduğundan mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvü sırasına daxil deyildir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə iddiaçının evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı da müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Zaur Mahir oğlunun yaşayış yeri anaları İddiaçı yanında müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar