Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1785/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları X3, X4, X1 ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. DƏDRX-nin Sumqayıt şəhər Ərazi idarəsindən verilmiş RX seriyalı, 13011174 nömrəli Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2018-ci il tarixdən tam payda iddiaçının mülkiyyətindədir. Qeyd edir ki, iddiaçının həyat yoldaşı vəfat etdikdən sonra mərhuma məxsus olan ev satılmışdır. Mənzilin satışından əldə olunan gəlir isə iddiaçı və onun övladları arasında bölünmüşdür. Cavabdeh özünə Bakı şəhərində mənzil almış, iddiaçı isə, hazırki mənzili almışdır. Cavabdeh öz evinə qeydiyyata düşə bilmədiyi üçün iddiaçı onun və övladlarının öz mənzilinə müvəqqəti qeydiyyata düşmələrinə razılıq vermişdir. Onu da qeyd edir ki, cavabdeh özünə Bakı şəhərindəki yeni tikililərdən birindən mənzil almışdır. Buna baxmayaraq, cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları X3, X4, X2 hələ də iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. İddiaçı bir neçə dəfə bu məsələ ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Hətta cavabdehin həyat yoldaşı tərəfindən ağır təhqirlərə də məruz qalmışdır. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, əvvəllər Sumqayıt şəhəri, 8-ci mkr-dakı mənzildə, yəni ata evində yaşamışdır, yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmuşlar. Daha sonra həmin mənzil satılmış, o, Bakı şəhərində yerləşən MTK-dan ev aldığından həmin evə qeydiyya düşə bilməmişdir. Bu səbəbdən anasının razılığı ilə o və ailə üzvləri anası üçün alınmış evə qeydiyyata düşmüşdürlər. Lakin o heç vaxt həmin mənzildə yaşamamışdır. Əvvəllər Bakıda kirayə evdə yaşamışdır, hazırda isə öz aldığı evdə qalır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək digər məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 13 aprel 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbi ilə bağlı bildirmişdir ki, mübahisəli mənzil 2018-ci ildən tam payda iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının övladıdır. İddiaçının həyat yoldaşı öldükdən sonra mənzil satıldığı üçün paylar ayrılıb. İddiaçı sözügedən evi alıb və hazırda qızı ilə həmin mənzildə yaşayır. Cavabdeh özünə yeni mənzil almağına baxmayaraq qeydiyyata düşə bilməyib, ona görə də müvəqqəti olaraq iddiaçının evində qeydiyyata düşüb, lakin heç vaxt həmin mənzildə yaşamayıb. Cavabdeh hazırda iddia ərizəsində qeyd olunan ünvanda yaşayır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququ heç vaxt yaranmayıb. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığı üçün mülki işin icraatına xitam verilməlidir. Belə ki, tərəflər məhkəmə iclaslarında verdikləri izahatlarında iddiaçının razılığı ilə cavabdehin mübahisəli mənzilə qeydiyyata salındığını, cavabdehin heç vaxt mübahisəli mənzildə yaşamadığını bildirmişdirlər. Hazırda iddiaçı öz razılığı ilə mənzilinə qeydiyyata saldığı şəxslərin mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia qaldırmışdır. Halbuki, vətəndaşların yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanına aid olduğu üçün, sözügedən iddia tələbinə məhkəmədə baxıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinə əsasən, vətəndaşların yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanına verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 244 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, “müvafiq icra hakimiyyətorqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsinin şöbələri) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 3.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin - Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, hazırki iş üzrə mülkiyyətçi olan iddiaçı öz iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə qeydiyyata saldırdığı şəxsi inzibati orqana (müvafiq polis orqanına) müraciət etməklə qeydiyyatdan çıxara bilər. Müvafiq inzibati orqan iddiaçının müraciətindən imtina etdikdə isə, iddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Аzərbaycan Рespublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası MPM-in 261.0.1, 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1785/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1785/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver