Məhkəmə qərarları › İş №e-2(060)-1873/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1873/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1873/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 49,39 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli 2(060)-3848/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternaSonal Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödədiyi 329,29 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsilə təmin edilmiş və buna görə də iddiaçı tərəfindən "xxxx" MMC-yə 49.39 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1967-ci ildə, Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3848/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 84,50 manat əsas borc, 56,59 manat hesablanmış və ödənilməmiş faiz borcu, 161,70 manat cərimə borcu, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 309,29 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı ilə "xxxx" MMC (bundan sonra - MMC) ilə bağlanmış xx.xx.2016-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən iddiaçı məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərinin aparılmasını MMC-yə həvalə etmiş, bunun müqabilində MMC-yə müvafiq ödənişlər həyata keçirəcəyini öz öhdəsinə\ götürmüşdür. İddiaçı və MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 22 saylı akta əsasən MMC və iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquq xidməti haqqında müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2020-ci ilin noyabr ayı üzrə MMC tərəfindən “World kart” krediti üzrə 6819,53 manat borclu müştərilərin geri ödənişləri və 1022,93 manat 15% xidmət haqqı icra edilərək iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı və MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 22 saylı təhvil aktında MMC tərəfindən iddiaçının xeyrinə vəsaitlərin tutulması təmin edilmiş borclu müştərilərin siyahısında cavabdehin adı da qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). İddiaçı məhkəmə qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə tutulmuş məbləğin ödənilməsi üçün MMC ilə müqavilə bağladığını, həmin məbləğin ödənilməsinin MMC tərəfindən təmin edildiyini, bunun üçün MMC-yə müvafiq haqqın tərəfindən ödənildiyini və həmin məbləğin məhkəmə xərclərinə aid edildiyini bildirərək, həmin vəaitin cavabdehdən tutulmasını tələb edir. MPM-də göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (107). İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (115.0.). Qanunun qeyd edilən normalarından göründüyü kimi, məhkəmə xərcləri özündə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunu və işə baxılması ilə əlaqədar olan məsrəfləri ehtiva edir. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilir. İşə baxılması ilə əlaqədar məsrəflərə isə məhkəmə tərəfindən işə baxılarkən, eyni zamanda məhkəmə qətnaməsi icra edilərkən zəruri olan xərclər aiddir ki, həmin xərclər tərəflərin hüquq və mənafelərinin işə məhkəmədə baxılması zamanı, eyni zamanda məhkəmə aktının icrası zamanı müdafiə və təmin edilməsi üçün məhkəmə tərəfindən zəruri hesab edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan normadan görünür ki, məhkəmə hətta nümayəndə və vəkil tərəfindən tərəflərə göstərilən yardım üçün xərcləri də, tərəfin təqdim etdiyi hesabı nəzərə almadan digər tərəfdən ağlabatan məbləğdə tutaraq xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3848/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün digər bir hüquqi şəxslə müqavilə bağladığını və bunun üçün həmin hüquqi şəxsə vəsait ödədiyini bildirsə də, məhkəmə hesab edir ki, həmin vəsait məhkəmə xərclərinə aid edilə və cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 49,39 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar