Məhkəmə qərarları › İş №e-2(060)-1900/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1900/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1900/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14 qarşı qəzalı mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 6 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 12 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 8 nömrəli mənzilin ümumi sahəsinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X13, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı AKT tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. AKT-da qeyd edilmişdir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükəli vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısa qapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağac materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialları çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəngdaşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərdə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətini keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin aşılıb örtülməsi çətinləşmiş və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq AKT-da aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmişdir; - Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş çıxış məhdudlaşdırılmalıdır. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” 27 may 2016-cı il tarixli 130 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-yə 12624 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı "xxxx" MMC-nin və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” 31 may 2019-cu il tarixli 126 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-nə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bildirmək istəyirlər ki, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 27 may 2016-cı il tarixli 130 №-li Sərəncam verilməsindən sonra qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli yaşayış binasının mənzil sahibləri və sakinləri ilə tərəflərindən dəfələrlə görüşlər keçirilmiş və onlara mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif olunmuşdur. Binada olan mənzil sahiblərinin böyük əksəriyyəti ilə müvafiq razılaşmalar əldə olunmasına və müqavilələrin bağlanmasına baxmayaraq, cavabdeh mənzil sahibləri ilə dəfələrlə danışıqlar aparılsa da heç bir təklif ilə razılaşmamışlar. Mənzil sahibləri mənzilin bazar qiymətindən qat-qat artıq pul istəyirlər ki, bu da Sumqayıt şəhərində mənzillərin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir ki, sonda iddiaçı kimi digər sahibkarlıq subyektləri qəzalı binaların tikintisinə yaxın durmayacaqlar. Cavabdehlər qəzalı binada yaşamaqla özlərinin həyatlarını risk altına salırlar, eyni zamanda həmin binanın əksər mənzil sahiblərinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasına köçmələrini ləngidir və bu hərəkət (və ya hərəkətsizlikləri) nəticəsində mənzil gözləyən sakinlərə və "xxxx" MMC-yə küllü miqdarda ziyan vurulur. Belə ki, qəzalı binanın söküntüsünə süni maneənin yaradılması çoxmərtəbəli binanın vaxtında alıcılarına təhvil verilməsi öhdəliyinin pozulmasına səbəb olmaqla yanaşı hər ay ödəniləcək kirayə haqqı məbləğinin müqavilə müddətindən artıq ödənilməsinə gətirib çıxartmışdır. 11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş AKT-da tələb olunanların (“Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır”) yerinə yetirilməsinə 9 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. İddia ərizəsinə əlavə etdikləri sübutlar və qeyd edilənlər tam əsas verir ki, iddia tələbləri əsaslıdır, təmin edilməlidir. Hesab edirlər ki, hazırki iş üzrə təqdim etdikləri sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binada hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbləri təmin edilməlidir. Qeyd etmək istəyirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Sahəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1, 6, 8, 12 saylı mənzillərinin ümumi sahələrinin üzərinə 20% artıq sahə gəlinərək yeni tikiləcək binada təmirli mənzilin verilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə yaşamalarına imkan verir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbləri işdə olan sübutlara əsasən əsaslıdır və təmin olunmalıdır.

3. Daha sonra İddiaçı X10, X14, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı iddia ərizəsinə əlavə təqdim edərək, ½ payda mülkiyyətçi Cavabdeh4, ½ payda mülkiyyətçi Cavabdeh5 oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093006) ümumi sahəsinə 20%, X10 məxsus ümumi sahəsi 50,49 kv.m Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 6 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093012) ümumi sahəsinə 20%, Cavabdeh3 məxsus, ümumi sahəsi 56.3 kv.m, ünvan 1, mənzil 8-in (reyestr nömrəsi **********45-05101-093008) ümumi sahəsinə 20%, 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X3 məxsus, ümumi sahəsi 58.44 kv.m olan Sumqayıt şəhəri, 16-cı məhəllə bina 28/9, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101-093010) ümumi sahasinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə icraatı gedişində Cavabdeh1 və Cavabdeh2 mərhum X4 hüquqi varisləri qismində, X12 isə mərhum Cavabdeh4 və Cavabdeh5 oğlunun hüquqi varisi qismində tanınmışdır.

5. İddiaçı X16 və X10 qarşı münasibətdə iddia tələbini dəqiqləşdirərək, X10, ümumi sahəsi 50.49 kv.m olan ünvan 1, mənzil 6-nın (reyestr nömrəsi **********45-05101-093012) 1 kv.m-nə 2000 (iki min) manat ödənilməklə kompensasiya verilməklə mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “Ayta- Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinin qəzalı mənzillərin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi tələbinə dair 2(060)-1900/2025 saylı mülki işdən, İddiaçı cavabdehlər X15 və Zairova (Şəfiyeva) Təranə Fazil qızına qarşı hissəsi ayrıca icraata ayrılmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 nümayəndəsi Vəkil2 yalnız təmsil etdiyi cavabdehin adından danışa bilər. Lakin o bütün cavabdehlərin adından məhkəmə iclasında izahat verir. Texniki rəy tərəfindən elektron sistemə yüklənmişdir. İcra Hakimiyyətinin rəyi əsasında iddiaçı MMC tərəfindən artıq 3 ədəd bina tikilmişdir. Ola bilər ki, kimsə tikilən obyektlərdən birini alıb və qarşı tərəfin bildirdiyi yükək məbləğlərdə satışa qoyub. Lakin bu o demək deyil ki, MTK tərəfindən yaşayış və qeyri-yaşayış sahələri həmin qiymətə satışa çıxarılır. Bununla yanaşı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaçı MMC-yə söküntü və tikinti işləri aparmasına İcra Hakimiyyəti tərəfindən icazə verilməsi məsələsinə hüquqi qiymət verilmişdir. Eyni zamanda qarşı tərəf əgər şübhə edirsə, cavabdehlərə 1 illik kirayə haqqı ödənişi əvvəlcədən də edilə bilər. Şirkətin 3 manat nizamnamə kapitalının olması əslində şirkətin gəlirinin də 4 manat olması demək deyildir. 9 ildən çoxdur ki, hazırki iş üzrə cavabdehlərə görə MTK üzərinə qoyulan vəzifəni yerinə yetirə bilmir. 9 il ərzində necə ola bilər ki, cavabdehlərə hər hansı təklif edilməsin. Cavabdehlərə dəfələrlə təkliflər edilmişdir. Lakin cavabdehlər evinin hər kv.metri üçün 6000-7000 manat pul tələb edirlər. Lakin həmin məbləğdə Sumqayıtda heç ev yoxdur. Əgər Şirkət cavabdehlərə istədikləri 250000-280000 manat pulu versə, digər şəxslər, yəni artıq razılaşmış, mənzillərini şirkətə satmış şəxslər yenidən onlardan artıq pul tələb edəcək. Onu da qeyd edir ki, Cavabdeh4 və Cavabdeh5 oğlu hər ikisi vəfat ediblər. Onların yeganə vərəsələri Aygün Əşrəfovadır. Onun da səhhəti ağırdır, xərçəng xəstəliyindən əziyyət çəkir. Onunla telefon əlaqəsi yaratsalar da, səhhəti imkan vermədiyindən məhkəmə iclasında iştirak edə bilmir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Onun evi 3 otaqlıdır. Onun əri 2021-ci ildən bu söhbətlərin ucbatından vəfat etmişdir. Ailə 9 ildir ki, bu məsələdən əziyyət çəkirlər. O, qarşı tərəfdən o vaxt cəmi 140000 manat istəmişdi. Lakin, qarşı tərəf ona həmin məbləği verməmişdir. Hesab edir ki, qarşı tərəf ona təzminat ödəməlidir. Onun qonşusunun mənzilinin pəncərə və qapıları sökülüb. O öz evinin əvəzində qarşı tərəfdən hazırda 1 otaq və 2 otaq olmaqla, ayrı ayrı iki mənzil istəyir. Amma iddiaçı onun bu təklifinə də cavab verməmişdir. Hazırda da iddiaçı ilə məhkəmədən kənar hər hansı bir razılıq əldə edilməyib. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi.

9. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh4 və Cavabdeh5 oğlunun hüquqi varisi X12 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 isə məhkəmə iclasının vaxtında başlamamasına etiraz əlaməti olaraq məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının nümayəndəsinin elektron kabinetə əlavə etdiyi alqı-satqı müqavilələri başqa şəxslərlə razılaşdırılmış müqavilələrdir. Həmin şəxslərin mənzillərini neçəyə satmasının hazırki cavabdehlərə heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, eyni predmet üzrə 2020-ci ildə də məhkəmə işi olmuş və Sumqayıt şəhər Məhkəməsinin hakimi Azər İsmayılov tərəfindən qarşı tərəfin iddiası rədd edilmişdir. Qeyd edilən ərazidə olan obyektlər kommersiya obyektləridir. Həmin ərazidəki əksər mənzillər aylıq 1500 manat gəlir əldə edirlər, lakin həmin obyektlərin dəyəri 400000 manatdır. Əslində bu mübahisə kommersiya mübahisəsi də sayıla bilər. Çünki iddiaçı şirkət cavabdehlərin evlərini alıb kommersiya obyektinə çevirir və kvadratını təxminən 7000 manata satır. İddiaçı şirkət vətəndaşlara təzyiq üçün evlərin qapı və pəncərələrini söküb aparıb. Qeyd edir ki, sakinlər bu söhbətlər ortaya çıxandan artıq 9 ildir ki, öz mənzillərində yaşayırlar və mənzillərini tərk etmək istəmirlər. İddiaçı guya cavabdehlərin qəzalı mənzillərinin yerinə yeni mənzillər verdiyini iddia edir. Lakin, iddiaçının tikdiyi obyektlər əslində kommersiya obyektləridir. Həmin kommersiya obyektləri kvadratı 7000 manata satılır. Məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi elanlardan da göründüyü kimi sözügedən MMC-nin tikdiyi 80 kv.m qeyri yaşayış sahəsi 650000 manata, 60 kv.m qeyri-yaşayış sahəsi isə 400000 manata satılır. İddiaçı MMC bu satışlardan astronomik gəlirlər əldə edir. Amma cavabdehlərə istədikləri məbləğdə kompensasiya vermək istəmir. İş materiallarında olan akt FHN-nin səlahiyyəti olmayan şəxsi tərəfindən imzalanmış aktdır. Həmçinin Sumqayıt Şəhər İcra başçısı da sadəcə layihələndirməyə icazə verib. İddiaçının mübahisələndirilən ərazidə söküntü işləri aparmaq hüququ yoxdur. Hazırki işlə əlaqədar Ali Məhkəmənin 2023-cü il tarixli plenum qərarı da cavabdehlərin hüquqlarının pozulduğunu sübut edir. Əgər təmsil etdiyi şəxsə binanın məhz 1-ci mərtəbəsindən və əlavə 20 faiz də öz mənzilinə artırma ilə mənzil verilərsə, bu halda qarşı tərəflə razılaşarlar. Həmçinin, qarşı tərəf dəqiq müddət göstərilməməklə cavabdehlərə kirayə pulu veriləcəyini deyir. Nizamnamə kapitalı 4 manat olan bir şirkətin belə bir vədi inandırıcı deyil. Bir halı da xüsusilə qeyd edir ki, Ali Məhkəmənin 2023-cü il tarixli plenum qərarına əsasən ev sahiblərinin razı salınaraq mənzillərdən köçürülməsi barədə qərar qəbul edilə bilər. İddiaçının isə cavabdehlərə hansı mənzil verəcəyi məlum deyil. Tərəfinə heç bir layihə təqdim edilməmişdir. Bu iddia tələbi təmin edilə bilməz. Bu iddia tələbinin təmin edilməsi növbəti məhkəmə mübahisələrinin əsasını qoyur. Mülkiyyətçi ilə heç bir razılaşma olmamışdır. Mülkiyyətçilərə heç bir bildiriş, təklif belə göndərilməyib. Qarşı tərəfin qeyd etdiyi razılaşmanın baş tutmaması heç nə ilə əsaslandırılmayıb. Qarşı tərəfin iddia tələbi qeyri-müəyyəndir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, 4 manatlıq nizamnamə kapitalı olan şirkətin verdiyi vədlər inandırıcı deyil. Şirkət özü tikdiyi evləri kvadratı 7000 manatdan satır. Evlər söküldükdən sonra vətəndaşların heç bir hüquqları təmin olunmayacaq. Anoloji belə işlər olmuş və vətəndaşların heç kirayə haqları da bir müddətdən sonra ödənilməmişdir. İddiaçı MMC mübahisəli evlərdə sakinlərinin yaşaya bilməməsi üçün həmin evlərin qəsdən vətəndaşların evlərinin qapı, pəncərələrini, sanitar qovşaqlarını söküb. Bir halı da qeyd edir ki, bu 9 il ərzində iddiaçı MTK cavabdehlərə ancaq pislik edib, tərəfi Saqirin anası, digər cavabdeh Almazxanımın əri bu hadisə nəticəsində vəfat edib. Bundan başqa analoji işlər üzrə kifayət qədər icra edilməyən məhkəmə qətnamələri mövcuddur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, mənzilinin əvəzində ev istəmir. O mənzilin dəyərinin ona ödənilməsini istəyir. Onun fikrincə mənzilinin dəyəri təxminən 280000 manatdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, anası elə bu hadisələrə görə vəfat etmişdir. Onun ölümündən sonra onlar vərəsəlik işi açdırmayıblar, lakin analarının onlardan başqa hər hansı vərəsəsi yoxdur. Bundan başqa onun evi iddiaçı tərəfindən elə bir vəziyyətə qoyulub ki, o, hazırda kirayədə yaşayır. 2 ailə olaraq onlar Şirkətlə və verdikləri iddia tələbi ilə razılaşmırlar. Onun iddiaçıdan tələbi isə 280000 manatdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi.

13. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

14. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-4073/2023 saylı qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yaşayış kompleksinin davamı olaraq 2 ədəd bir tipli 18 mərtəbəli yaşayış və bir ədəd qeyri-yaşayış binalarının tikintisinə başlanması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır.

15. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 223 saylı, 12 oktyabr 2017-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamla Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış, “Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

16. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 130 saylı, 27 may 2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismarı başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir.

17. İddiaçınə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən yaşayış kompleksinin tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında 29 sentyabr 2020-ci il tarixdə 12 saylı icazə verilmişdir.

18. Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X13 “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllədə yerləşən Bina- 9/28, Bina- 5/32, Bina- 29/32A, Bina-11/26, Bina-13/24, Bina-3/42 və Bina-5/40 nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə oldugundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa oıunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. 19.İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X5 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 3 saylı mənzili 80000 manata almışdır. 20.İş materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X1 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 2 saylı mənzili 65000 manata almışdır. 21.İş materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X7 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 5 saylı mənzili 100000 manata almışdır. 22.İşdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32A nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair xx.xx.2016-cı il tarixli aktdan görünür ki, sözügedən binalar qəzalı vəziyyətdədir və həmin binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilir.

23. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən **********45-05101-093006 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1, mənzil 1-in (60.6 kv.m), **********45-05101-093012 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, mənzil 6- nın (50.49 kv.m), **********45-05101-093008 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, 8-in (56.3 kv.m) və **********45-05101- 093010 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, mənzil 12-nin (58.44 kv.m) 1 kv.m-nin 24 aprel 2025-ci tarixinə olan bazar dəyərləri 1300 (bir min üç yüz) manat - 1500 (bir min beş yüz) manat arası təşkil edir.

24. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093006 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh4 və Cavabdeh5 oğlunun (hər biri 1/2 hissə), ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093012 reyestr nömrəsi ilə qeydə alınıb) X8, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində (daşınmaz əmlakın döviət reyestrində **********45-05101-093008 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh3, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093010 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh2, Cavabdeh1 və X4 ( hər biri 1/3 hissə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

25. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh4 xx.xx.2010-cu il tarixdə, Cavabdeh5 oğlu isə xx.xx.2015-ci il tarixdə ölmüşdür.

26. İşdə olan xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh4 özünə məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 4/31 nömrəli evin 1 saylı mənzilini X9 vəsiyyət etmişdir.

27. İşdə olan xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri Cavabdeh4 və Cavabdeh5 oğluna miras olaraq ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil qalmışdır.

28. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində 20 Yanvar küçəsində tikilicək yaşayış kompleksinin şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X13 “Azərdövlətlayihə” DBLİ tərəfindən təsdiq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

29. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərə məxsus mənzilin yerləşdiyi bina mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab vermir. Həmin ərazidə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilmişdir. Hazırda iddiaçı qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32A nömrəli yaşayış binalarının sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları komplekslərinin tikilməsi məqsədi ilə cavabdehlərə mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif etsə də, cavabdehlər həmin təklifləri qəbul etməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etmir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

30. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 71-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 72-ci maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: 1-ci maddəsinə əsasən mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinın müddəalarına görə mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir (Maddə 6.1.4). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Maddə 16.1). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Maddə 152.5.) Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (Maddə 152.6.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Maddə 560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Maddə 560.2).

35. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəlarına görə isə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir (4.1). Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması (4.2) Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi (7).

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

37. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

38. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

39. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur

40. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və tikililərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyriqənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 300 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. 41.İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər və 9 ildən artıqdır ki, cavabdehlərin bu və ya digər formada iddiaçı şirkətlə razılaşmaması artıq belə bir maneəni yaratmışdır. 42.Beləliklə, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir.

43. Eyni zamanda məhkəmə icraatının gedişində də dəfələrlə tərəflərə məhkəmədən kənar razılıq əldə edilməsi üçün şərait yaradılmış, lakin hər hansı razılıq əldə olunmamışdır.

44. Göründüyü kimi, tərəflər bir-birinin təklifini qəbul etmirlər. Ancaq mübahisə də həll edilməmiş qalmamalıdır. Çünki, hər iki tərəfin izahatlarına əsasən eyni vəziyyət artıq 9 ildir ki, davam edir. Tərəflərin bu qədər uzun müddətdə hazırki vəziyyətdə qalması isə hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, yeni təmirli mənzillərini gözləyən çoxsaylı şəxslərin maraqlarını da poza bilər. Ona görə də mübahisənin həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir.

45. Məhkəmə eyni zamanda cavabdehlərin onlara iddiaçı tərəfindən hər hansı təklif edilməməsi barədə dəlillərini inandırıcı hesab etmir. Belə ki, sözügedən ərazidə üzərinə qoyulmuş vəzifələri daha qısa müddətdə icra etməkdə marağı olan iddiaçı MTK-nın mübahisənin başladığı 9 ilə yaxın müddətdə digər bütün sakinlərlə razılıq əldə etdiyi, həmin sakinlərlə bu və ya digər qaydada razılaşdığı halda yalnız hazırki iş üzrə cavabdehlərə hər hansı təklif etməməsi inandırıcı olmamaqla ağlabatan da deyil.

46. Hazırki mübahisənin bu qədər uzanmasının əsas səbəbi ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi kompensasiyadan dəfələrlə artıq məbləğdə kompensasiya tələb etməsi olmuşdur.

47. Məhkəmə isə hesab edir ki, bu hal cavabdehlərin hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.

48. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisə baxımından iddiaçının tələblərlə çıxış etməsi hazırkı cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında olan ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehlərə məxsus mülkiyyət hüququna müdaxilənin olubolmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. 49.Beləliklə hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır ki, məhkəmə də bu zaman kompensasiyanın ədalətli və ağlabatan olmasını və mütənasibliyin qorunmasını təmin etməlidir.

50. Son illərin oturuşmuş təcrübəsi isə ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur.

51. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə təklif etdiyi əvəz qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də bu zaman tərəflərin maraqlarının mütənasibliyi qorunur.

52. Belə ki, cavabdehlər izahatlarında mənzillərinə görə iddiaçıdan 250000-280000 manat kompensasiya ödənilməsini tələb etsələr də, mənzillərinin həmin dəyərdə olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

53. Halbuki, iddiaçı tərəfindən təqdim edilən müstəqil qiymələndiricinin rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən mənzillərin 1 kv.m-nin 24 aprel 2025-ci tarixinə olan bazar dəyəri 1300 - 1500 manat arası təşkil edir.

54. Eyni zamanda məhkəmə Cavabdeh1 vəkilinin mənzillərin birinci mərtəbədə yerləşməklə gələcəkdə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunacağı və bu səbəbdən dəyərinin qeyri-yaşayış sahəsinin kv.metrinin qiyməti ilə hesablanmalı olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli mənzillərdən hər hansı birinin statusu daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməmiş, o cümlədən cavabdehlərin hər biri özünə məxsus mənzildən bugünədək yaşayış sahəsi kimi istifadə edirlər.

55. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsinin dəyərinin qeyri-yaşayış sahəsinin kv.metrinin qiymətinə uyğun hesablanmalı olması barədə tələbi ədalətli və ağlabatan hesab edilə bilməz.

56. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

58. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

60. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən cavabdehlərə məxsus mənzillərin ümumi sahəsinə 20% əlavə olunmaqla cavabdehlərə yeni təmirli mənzil verilməli, cavabdehlərin mənzillərə olan istifadə hüquqlarına xitam verilməli, eyni zamanda cavabdehlərə yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 manat kirayə haqqı ödənilməklə onlar mənzildən çıxarılmalıdırlar.

61. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

62. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. İddiaçı tərəfindən ½ payda mülkiyyətçi Cavabdeh4, ½ payda mülkiyyətçi Cavabdeh5 oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093006) ümumi sahəsinə 20% əlavə olunaraq, Cavabdeh3 məxsus, ümumi sahəsi 56.3 kv.m ünvan 1, mənzil 8-in (reyestr nömrəsi **********45-05101-093008) ümumi sahəsinə 20% əlavə olunaraq, 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X3 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101-093010) ümumi sahasinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilsin. Cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə mənzildən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar