Məhkəmə qərarları › İş №e-2(060)-1916/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1916/2023

18.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1916/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun kompensasiya olaraq ödənilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pulun kompensasiya olaraq ödənilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36.600 manat pulun ona kompensasiya olaraq ödənilməsi barədə, bu mümkün olmadıqda Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 28/4, mənzil 20-nin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair həmçinin iddia ərizəsinə görə ödədiyi 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 21 avqust 2009-cu il tarixdə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah dövründə 04 yanvar 2011ci il təvəllüdlü X7 və 30 aprel 2012-ci il təvəllüdlü X8 adında övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin mənzil Cavabdeh ilə nikahda olduqları zaman əldə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4087/2022 saylı qətnaməsindən də məlum olduğu kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışla ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2016-cı il tarixli, 2(060)-7586/2016 saylı qətnaməsi ilə X1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışla ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil üzərindəki payı mənzilin 2/3 hissəsi, Cavabdeh isə həmin mənzil üzərindəki payı 1/3 hissədə müəyyən edilmişdir. Çıxarışın qeydiyyat nömrəsi **********, onun payına münasibətdə qeydiyyat tarixi xx.xx.2022-ci ildir. Əmlak üzərində payları müəyyən olunandan sonra qanunun tələbini rəhbər tutaraq əmlakın naturada bölünməsi tələbini irəli sürmüş və iddia rədd edilmişdir. Sözügedən mənzil paylı mülkiyyətdə olduğundan özünə məxsus hissəni heç kimə sata bilmir. Bir sözlə heç kəs mənzilin bir hissəsini əldə etmək istəmir. Odur ki, çarə əmlakın hərracda satılmasıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il 2(060)- 4087 saylı qətnaməsindən də göründüyü kimi (2-ci səhifənin əvvəli) o əvvəldə cavabdehi lazımı qaydada məlumatlandırmış və xx.xx.2023-cü il tarixli poçt qəbzi, xx.xx.2023-cü il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamə və azərpoçtun internet səhifəsindən poçt göndərişlərinin izlənməsini təsdiq edən sənədlər də bir daha təsdiq edir ki, onun tərəfindən 36600 (otuz altı min altı yüz) manat pulun kompensasiya formasında ödənilməsini cavabdehə təklif etmişdir. Hesab edir ki, cavabdehə kifayət qədər vaxt vermişdir ki, kompensasiya ilə bağlı məsələyə münasibət bildirsin. Təəssüflər olsun ki, cavabdeh bu günə qədər də bu hala münasibət bildirməmişdir. Ümumiyyətlə iddia ərizəsinə qoşma etdiyi qətnamələrdən də göründüyü kimi cavabdeh tərəf əksər məhkəmə proseslərində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Buna görədə sonda hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qanunda nəzərdə tutulmuş bütün ardıcıllığa uyğun hərəkət etmişdir. Yəni paylar müəyyən ediləndən sonra əmlakın naturada bölünməsi iddiası ilə müraciət etmişdir. Həmçinin bir daha bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il 2(060)-4087 saylı qətnaməsindən də göründüyü kimi (2-ci səhifənin əvvəli) o əvvəldə cavabdehi lazımı qaydada məlumatlandırmış və yenə də iddia ərizəsinə qoşma etdiyi xx.xx.2023-cü il tarixli poçt qəbzi və xx.xx.2023-cü il tarixli xəbərnamə bir daha təsdiq edilir ki, o növbəti mərhələ olan kompensasiya tələb etmək hüququndan da istifadə edərək cavabdehdən iddia ərizəsinə qoşma etdiyi internet saytlarında hazırki mənzilin bazar qiymətinin 2/3 hissəsi olan 36.600 manat pul ödənilməsini təklif edərək buna uyğun dövlət rüsumunuda ödəmişdir. Az öncə yuxarıda qeyd etdiyi kimi təəssüflər olsun ki, cavabdeh bu halla münasibəti nə əvvəl nədə ki, hazırda bildirməyərək onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iş № 2(102)-3736/2022 saylı qərarında (7-ci səhifə 1-ci abzas) qeyd edilmişdir ki, “Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur”. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərəhələni ayrı-ayrılıqda yoxlamaqla, özpayının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Bəzi hallarda məhkəmələrdə müəyyən işlərlə bağlı fərqli yanaşmalar ortaya çıxır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-563/2022 saylı qərardadından da göründüyü kimi möhtərəm kollegiya Abşeron Rayon Məhkəməsinin qərardadını ləğv edərək bildirmişdir ki, hazırkı mübahisə ailə qanunvericiliyi ilə deyil, mülki qanunvericiliyi ilə tənzimləndiyindən bu kateqoriyadan olan mübahisələr üzrə işə məhkəmədən öncə mediasiya qurumuna müraciət edilməli olması barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa yoxdur. Onun da iddiasının həlli qaydası Mülki qanunvericiliklə tənzimləndikdən odur ki, hesab edir ki, mediasiyadan keçməyinə ehtiyyac yoxdur. İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatda olan hazırki iş üzrə iddiaçı tərəfindən Cavabdeh 36.600 (otuz altı min altı yüz) manat pulun ona kompensasiya olaraq ödənilməsi barədə, bu mümkün olmadıqda Sumqayıt şəh, 4-cü mkr ev 28/4, mənzil-20-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair, həmçinin iddia ərizəsinə görə iddiaçı tərəfindən ödənilən 200 (iki yüz) manat dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Sonradan sözügedən işlə bağlı məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin olunduğundan və həmin ekspertizanın xərclərinin yəni 300 (üç yüz) manatın iddiaçı tərəfindən ödənildiyindən odur ki, iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, qeyd etdiklərinə və MPM-nin 53-cü maddəsinə əsasən xahiş etmişdir ki, iddia tələbi aşağıdakı redaksiyada qəbul edilsin. Cavabdeh 36.600 (otuz altı min altı yüz) manat pulun iddiaçıya kompensasiya olaraq ödənilməsi barədə, bu mümkün olmadıqda Sumqayıt şəh, 4-cü mkr ev28/4, mənzil-20-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair, həmçinin iddia ərizəsinə görə iddiaçı tərəfindən ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun və ekspertizaya görə iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz ) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı nümayəndəsi Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırlıq iclaslarında bu barədə ətraflı məlumat vermişdir. İddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, iddia tələbinin həcminin artırılmasını məhkəmədən xahiş etmişdir. 17 avqust 2023-cü il tarixdə elektron sistemə məlumat xarakterli ərizə yerləşdirilmişdir. Bununla məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xx.xx.2023-cü il tarixdən cavabdehə kompensasiya təklifi ilə bağlı poçt qəbzini, xəbərnaməni hətta Azərpoçt-un internet saytından çıxarılmış çıxarışları yerləşdirmişdir. İddia ərizəsində 36.600 manatı qeyd etmişdir. 220-ci maddə ilə bağlı Konstutsiya Məhkəməsinin şərhi vardır. Orda qeyd olunur ki, dörd mərhələdən ibarət olmaqla, iddiaçının cavabdehdən kompensasiya tələb etmək hüququ olduğu qeyd olunmuşdur. Ali Məhkəmənin qərarı vardır ki, qeyd edilən dörd mərhələ üçün ayrıca bir məhkəmə mübahisələndirilməsi nəzərdə tutulmamışdır. Sonda iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı izahatında nümayəndəsi vəkilinin dediklərini təsdiq etdiyini və əlavəsi olmadığını bildirmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişi cavabdehə şəxsən verilmiş, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı və nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4087/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə paylı mülkiyyətlərində olan Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzilin naturada bölünməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə Hacıyeva (Abbasova) Zərifə Hidayət qızı arasında 21 avqust 2009-cu il tarixdə Sumqayıt Şəhər Qeydiyyat şöbəsində bağlanmış akt qeydləri kitabında 1187 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 Hacıyeva (Abbasova) Zərifə Hidayət qızının yanında qalması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq bir uşaq üçün 117 manat olmaqla, ümumillikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7586/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasınınn ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4-də yerləşən ümumi sahəsi 45,95 kv.m, yaşayış sahəsi 32,8 kv.m olan 2 otaqlı 20 saylı mənzil üzərindəki payı mənzilin 2/3 hissəsi, Cavabdeh isə həmin mənzil üzərindəki payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası DƏDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, mənzilin hüquq sahibləri 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Qusar, Xəzri kəndində xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. ünvan 2 ünvanında X8, X7 və Cavabdeh ilə qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 109 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Abbasova soyadı verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-7016/2021 saylı qərardadının ləğv edilməsi, iddiaçı X3 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin icraata qəbul edilib mahiyyəti üzrə baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1916/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pulun kompensasiya olaraq ödənilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə müstəqil qiymətləndiricinin rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş və həmin qərardad ilə bağlı olaraq göndərilmiş Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC tərəfindən 36 nömrəli, xx.xx.2023cü il tarixli Sumqayıt şəhəri, 4-cü mikrorayon, 28/4 saylı evin, 20 saylı mənzilinin real bazar qiyməti (ərazi vahidində) orta bazar qiymətinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, təhlil və hesablamalar nəticəsinə məlum olmuşdur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 28/4 saylı evin, 20 saylı mənzilinin real bazar qiyməti (ərazi vahidində) orta bazar qiyməti 55000 manat təşkil etmişdir. Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 21 nömrəli hesab-fakturadan görünür ki, qiymətləndirmə üçün cəmi 200 manat ekspertiza xərci hesablanmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, bildirmişdir ki, bir nikah dövründə əldə etdikləri əmlakın bölgüsü məhkəmə qaydasında həll olunaraq hər ikisinin payı müəyyən edilmişdir. Daha sonra əmlakın naturada bölgüsü ilə bağlı iddiası rədd edildiyindən ona görədə bu məktubla müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 4-cü mkr ev 28/4, mənzil 20-dən ona məxsus payı almaq istəyir. Buna görədə qanunda qeyd edildiyi kimi kompensasiya təklif etməknən ona düşən payı götürmək istəyir. Sözügedən mənzillə bağlı internet saytlarından maraqlanmışdır ki, mənzilin hazırda orta bazar qiyməti 55.000 (əlli beş min) manatdır. Mənzilin çıxarışından da məlum olduğu kimi 2/3 pay ona məxsusdur. Belə olan halda 55.000-nin 2/3 hissəsi 36.600 manat edir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və ona düşən payı yəni 36.600 manatı ona kompensasiya olaraq ödənilməsini təklif etmişdir. Yeniemlak.az saytından əldə edilmiş iki ədəd çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanında köhnə tikili beş mərtəbəli bir evin dəyəri 53000 manat, digəri isə 55000 manat dəyərində satılışa çıxarılmışdır. İddiaçı tərəfindən məhkəmə təcrübəsi qismində təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3736/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Əsgərov Kamran Almas oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Belə ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin mənasına görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3, 220.4- cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları həmin dispozisiya şərtlərinə uyğundur. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbacan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikah dövründə əldə etdikləri əmlaka münasibətdə payları müəyyən edilmiş (2/3 iddiaçının, 1/3 cavabdehin payı olmaqla), əmlakın naturada bölünməsi tələbi ilə bağlı məhkəmə qətnaməsi əsasında mümkün olmaması müəyyən edilmiş, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi prizmasından çıxış edərək cavabdehə qarşı payına düşən hissədə kompensasiya verilməsi təklifi ilə çıxış edərək əmlakın hərracda satılması və payına mütənasib bölüşdürülməsi tələbi ilə çıxış etmişdir. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği ilə cavabdehin iddiaya dair münasibəti müəyyən edilmədiyindən təmin edilməməli, əmlakın hərracda satılaraq paylara mütənasib bölüşdürülməsi verilən iddianın hüquqi əsasının müəyyən edilməklə, tələbin əsaslı və qanuni olması baxımından məqsədə uyğun olmaqla iddia tələbinin qismən təmin edilməsinə imkan verir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını sübut olunmuş, qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüquqularının müdafiəsi baxımından tərəflərin payına düşən hissədən maneəsiz istifadə imkanın olması üçün onların tanınan və qorunan hüquqları müdafiə edilməklə, şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ekspertiza xərci və dövlət rüsumu olaraq ödənilmiş məbləğin cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, tərəflərin mübahisə etdikləri Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzil açıq hərracda satılmalı, Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzilin açıq hərracda satıldıqdan sonra satışdan əldə edilmiş vəsait paylara mütənasib surətdə bölüşdürülməklə həmin mənzil üzərində paylar 2/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh olmaqla müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 100 manatı İddiaçı və digər yerdə qalan 100 manatı isə Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflərin mübahisə etdikləri Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzil açıq hərracda satılsın. Sumqayıt şəhəri, 4-cü mkr, ev 28/4 ünvanında yerləşən 20 saylı mənzil açıq hərracda satıldıqdan sonra satışdan əldə edilmiş vəsait paylara mütənasib surətdə bölüşdürülməklə həmin mənzil üzərində paylar 2/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh olmaqla müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat və Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar