Məhkəmə qərarları › İş №e-2(060)-1941/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1941/2025

18.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1941/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Elman qızının iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X7 üzrə Dövlət Komitəsini cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin, qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1996-ci il tarixli, 118 saylı orderlə iddiaçının mərhum əri X8 ayrılmışdır. Mərhum əri xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra hüquqi varisi olaraq həmin mənzil iddiaçıya qalmış və həmin mənzilin Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətçisidir. Lakin mənzil ayrıldığı vaxtdan bugünə kimi nə iddiaçı, nə də ki, mərhum əri həmin mənzilə köçüb yaşaya bilməmişlər. Belə ki, mənzil əvvəlcə Qubadlı rayonundan məcburi köçkün olan X4 və ailə üzviləri tərəfindən zəbt olunmuş, o, vəfat etdikdən sonra isə 1994-cü ildə Zəngilan rayonundan məcburi köçkün olan yeznəsi Cavabdeh4 və sonuncunun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İşin tədqiq olunan faktiki hallarından da görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlər həmin mənzildən çıxmır və qəti şəkildə çıxmayacaqlarını bildirirlər. Bu isə onun hüquqlarını və qanuni maraqlarını pozur. Belə ki, iddiaçı özü ailə üzviləri ilə birlikdə hər ay kirayə haqqı ödəyib yataqxanada qalır. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4 Yəhya oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A ünvanında yerləşən 39 saylı mənzildən çıxarılmaları və İddiaçı həmin mənzilə köçürülməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 Elman qızı iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 118 saylı orderə əsasən ümumi sahəsi 39,60 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A ünvanında yerləşən 39 saylı mənzil X9 verilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhalinin Sağlamlığının Milli monitorinq sistemi tərəfindən verilmiş ******* № AZS 106 saylı ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə ağciyər ödemindən vəfat etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakı üzərində daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində, xx.xx.2011-ci il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli, 996 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh4 Yəhya oğlu ünvan 1 ünvanında 1996-cı ildən ailə üzvləri – Cavabdeh1, X3 və Cavabdeh2 ilə yaşayırlar.

12. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan İddiaçı “mənzildən çıxarılma” tələbinə dair mülki işlə bağlı Zəngilan şəhərindən məcburi köçkünlər - Cavabdeh4 Yəhya oğlunun, Cavabdeh1, Cavabdeh2 və X1 məcburi köçkün kimi qeydiyyatdan keçib-keçməmələri, mənzillə təmin olub-olmaması, (mənzil ehtiyacı olan şəxslərin siyahısında adlarının olub-olmaması, onlara hər hansı yerdə inşa edilmiş evlərdə mənzil təklif edilib-edilməməsi, əgər varsa həmin şəxslərin gələcəkdə yaşayış sahəsi ilə təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, hazırda müvəqqəti olaraq başqa bir yaşayış sahəsində yerləşdirilməsi imkanları və s.) barədə məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Zəngilan şəhərindən məcburi köçkün Cavabdeh4 Yəhya oğlu həyat yoldaşı Cavabdeh1 və Cavabdeh2 ilə birgə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 8A saylı evin İddiaçı məxsus 39 nömrəli 3 otaqlı mənzilində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Qeyd edilir ki, ailə üzvlərindən X3 07 avqust 2024-cü ildə yerli sakinlə ailə həyatı qurubdur. Cavabdeh2 isə 16 sentyabr 2024-cü ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdiyi aşkarlanmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Zəngilan şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi başlanan zamanı sözügedən ailənin də doğma yurdlarına köçürülməsi həyata keçiriləcək. Köçürülmə zamanı mənzil boşaldılaraq mülkiyyətçiyə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.

13. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X2 ailə üzvləri ilə birlikdə ünvan 1-dan çıxarılmaları, X5 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri, qətnamənin bu hissəsinin icrası məcburi köçkünlər öz doğma yurdlarına qayıdama, həmçinin müvəqqəti yaşayış məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılması, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

14. İş materiallarında olan xx.xx.2006-cı il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin məhkəmə icraçısı X6 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8a, 39 saylı mənzil İddiaçı məxsusdur. Həmin ünvanda Zəngilan rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

19. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

22. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

25. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.

26. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.

27. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 20 oktyabr 2020-ci ildə Zəngilan işğaldan azad edilmişdir.

28. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.

29. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və sözügedən ünvandan çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus əmlak üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin əmlakdan çıxarılmalıdır.

30. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

31. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur. Çünki onların həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən əmlak isə iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin əmlakda məskunlaşması və çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin iddiaçıya məxsus əmlakı öz təsir dairəsində saxlayıb orada yaşamaları hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 saylı mənzildən çıxarılmalı, İddiaçı ünvan 1-a köçürülməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə -qaçqınlar və məcburi köçkünlər dövlət rüsumundan azad edilir.

39. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan qanunvericiliyin tələbinə əsasən 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olmasına baxmayaraq, cavabdehlər həmin xərcdən azaddır. Odur ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-dan çıxarılsınlar. İddiaçı ünvan 1-a köçürülsün. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar