Məhkəmə qərarları › İş №e-2(060)-1964/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1964/2025

15.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1964/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdeh «X2» X8 və «X2» X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı “torpağın mülkiyyətçisi olaraq bələdiyyənin hüquqlarının cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək, «X2» X8 və «X2» X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı cavabdeh tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən 300 kvadratmetr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı iclasının 23 saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadratmetr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinin (hərracının) keçirilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti “X2” X10in üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək e-2(060)-1964/2025 saylı mülki iş üzrə “X2” X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin “X4 torpaq sahəsinin ayrılması haqqında” 10 fevral 2006-cı il tarixli, 05 saylı qərarına əsasən Sumqayıt şəhəri,18-ci məhəllə ərazisində ticarət obyektinin tikintisi məqsədilə 300 kvadrat metr torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarı və xx.xx.2008-ci il tarixli 170 saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən tikinti obyektinin tikintisi üçün X3 icarəsinə ayrılan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında 2471 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin xx.xx.2008-ci il tarixli, 170 saylı icarə müqaviləsinə əsasən X4 300 kv.metr torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X3 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. İcarənin müddəti başa çatdıqdan sonra X6 ərizə ilə bələdiyyəyə müraciət edərək həmin torpağın icarə müddətinin uzadılması məqsədi ilə yenidən torpaq müsabiqəsinə çıxarılmasını xahiş etmişdir. Bunun əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən 12 iyul 2024-cü il tarixli 11 saylı iclasının 23 saylı qərarı qəbul edilmiş və cavabdeh “X2” X10ə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh “X2” X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının sədri, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin müdiri olan Toğrul Adıgözəlovun imzası ilə 20 avqust 2024-cü il tarixli, **********52 saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı ilə əsaslandırmağa çalışmışdır. Hesab edir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunazidd olmaqla yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququna birbaşa müdaxilədir. Cavabdeh torpaq hərraclarının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “X2” X10i və onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “X2” X10ivə onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsini icarəyə vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da mahiyyəti üzrə qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 10 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə X3 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. Sadəcə olaraq həmin torpaq sahəsini əldə etmiş şəxs torpaq icarə müddətinin başa çatması səbəbindən təkrarən bələdiyyəyə müraciət edərək torpağın mülkiyyət hüququ əsasında ona ayrılmasını xahiş etmişdir ki, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ayrılmış bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi eyni qaydada, yəni torpağın yenidən torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılması yolu ilə həyata keçirilə bilər. Cavabdeh imtinasında "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fаrmаnının 1-ci maddəsinin 2-ci bəndinə istinad etmişdir ki, həmin Fərmanla bələdiyyə torpaqlarının ayrılması zamanı Аzərbаусаn Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin də alınmaslı olması müəyyən edilmişdir. Lakin sözügedən torpaq sahəsi hal-ahzırda vətəndaşa ayrılmır, sadəcə olaraq 2006-cı ildə ayrılmış torpaq sahəsinin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsinin həyata keçirilməsi istənilir. Bu səbəbdən bələdiyyə tərəfindən 2006-cı ildə icarə hüququ əsasında ayrılmış torpaq sahəsini mülkiyyətə vermək məqsədi ilə torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün cavabdehin göstərdiyi dəlillər qanuni və ədalətli sayıla bilməz. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsini mülkiyyətə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtinasını qanunsuz saydıqlarından, pozulmuş mülkiyyət hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri sayırlar. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt Bələdiyyəsi öz mülkiyyətində olan torpaq sahəsini hərrac və müsabiqəyə çıxarmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat isə heç bir əsas olmadan bələdiyyənin müraciətinə imtina məktubu göndərmişdir. İmtinanı isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmaması ilə əsaslandırmışdır. Halbuki, həmin torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan, çıxarışla dövlət qeydiyyatından keçmiş torpaq sahəsidir. Tələb olunan rəy isə çıxarışa qədər alınan rəydir. Sözügedən rəy yeni ayrılan torpaq sahələrinə aiddir. Mübahisəli torpaq sahəsi isə 2006-cı il tarixdən ayrılmış və icarə hüququ əsasında vətəndaşa verilmişdir. İcarənin müddəti bitmişdir və yenidən “X2” PHŞ-yə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan bir çox müsabiqələr keçirilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi yeni torpaq sahəsi ayrılarkən tələb olunur. Bələdiyyənin adına torpaq sahəsinə çıxarışlar vardır, mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Çıxarış 2024cü ildə alınmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarı ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçı Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10i 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-669/2023 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2” X10in Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2” X10in Sumqayıt Ərazi İdarəsi arasında müqavilə bağlanılması barədə 12 iyul 2024-cü il tarixli 11 nömrəli protokol qərarı əsasında 300 kv.m torpaq sahəsinin sahibkarlıq üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi xahiş olunmuşdur.

9. Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri Toğrul Adıgözəlov tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan 300 kv.m və 1343 kv.m torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığını nəzərə alaraq sözügedən torpaq sahələrinin müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilməmişdir.

10. Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli, 11 nömrəli protokol qərarı ilə qərara alınmışdır: 1. Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın. 2. Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 300 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqə keçirilsin. Torpaq sahəsi İİ qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 4.32 manatdır, İİ qiymət zonasında 18 may 2023-cü il tarixdə son hərracda satılan torpaq sahəsinin bir kvadrat metrinin qiyməti 26,3 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiyməti 35 manat müəyyən edilsin. Satış qiyməti son hərracda müəyyənləşdirilmiş qiymətə uyğundur və “Torpaq bazarı haqqında” Qanunun 16-cı maddəsinə əsasən formalaşmışdır. Müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “X2” X7 Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılsın.

3. Bu qərarın icrasına nəzarət bələdiyyənin İcra aparatının memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinə və X5 həvalə edilsin.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 saylı torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. Azərbaycan Respublikası Konstitusiyası:

13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 1.

14. Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər.

4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

7. Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.

8. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və mediada hər il hesabat dərc etdirməlidirlər.

9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

10. Tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Bu bəndin birinci cümləsində nəzərdə tutulmuş xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. Torpaq sahəsinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı məqsədləri üçün əldə edilməsinin xüsusiyyətləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

15. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

16. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunur.

4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.

5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.

6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun mediada yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi icarə hüququ əsasında X3 adına dövlət reyestrində qeydə alınaraq **********09 reyestr nömrəli çıxarış verilmişdir.

19. Sumqayıt Bələdiyyəsi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin orqan tərəfindən bələdiyyəni mülkiyyət hüququnun qeydiyya atalınmasından müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması göstərilmişdir. Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli, 14 nömrəli iclas qərarına əsasən Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə yerləşən 824.3 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır.

20. Bundan sonra iddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, sahəsi 300 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

21. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

22. Sumqayıt şəhəri, 18-ci məhəlləsi ərazisində yerləşən 300 m2 torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

23. . Sumqayıt bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 300 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “X2” X7 Sumqayıt Ərazi Torpaq müsabiqə və Hərrac komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi şöbəsinə müraciət olunmuş və həmin şöbə tərəfindən torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı əsas göstərilərək ərizənin təmin edilməsindən imtina edilmişdir.

24. Məhkəmə imtinaya münasibətdə qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələblərindən müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bu sahələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı qəbul edilənə qədər alınır. Həmin qurumun rəyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru çərçivəsində alınmalıdır.

25. Bu mərhələdə isə müsabiqə və hərraclar hazırki iş üzrə cavabdeh tərəfindən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları” nın tələblərinə uyğun olaraq təşkil edilir. Həmin Qaydalar da isə müsabiqə və hərracların təşkilatçısı tərəfindən torpaq sahəsinin hərraca (müsabiqəyə) çıxarılmasından imtina proseduru ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, müsabiqə və hərracların təşkilatçısı torpaq sahələrinin hərraca çıxarılması üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara dair toplanmış sənədləri hazırlamaqla hərracı təşkil edir və həyata keçirir.

26. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 09 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamədə Komitənin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri sırasında yalnız bir halda bələdiyyə tərəfindən ayrılacaq torpaqlarla bağlı rəy verilməsi nəzərdə tutulmuşdur. Bu da həmin Əsasnamənin 8.20-5-ci bəndində göstərilən tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəyin verilməsidir.

27. Həmin bəndə əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. İstinad olunan normadan göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur.

28. Hazırki işin hallarından isə görünür ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli qərarı ilə ticarət obyektinin yerləşdiyi 300 kv.m torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. Torpaq sahəsinin icarə müqaviləsinə əsasən X4 300 kv.m torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Beləliklə sözügedən torpaq sahəsində tikilinin mövcud olduğu müəyyən olunur.

29. Məhkəmə hesab edir ki, iddia «X2» X8 münasibətdə təmin edilməli, digər cavabdeh «X2» X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına münasibətdə isə təmin edilməməlidir. Belə ki, «X2» X1 mülki hüquq münasibətlərində də məhz öz adından iddia qaldırmaq, cavabdeh olmaq hüququna malikdir. Lakin onun tabeliyində yaradılmış komissiya onun funksiyalarını həyata keçirən orqan olmaqla onun öhdəliklərinə və vəzifələrinə görə cavabdeh qismində çıxış edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia «X2» X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına aid hissədə təmin edilməməlidir.

30. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilərkən eyni əsasa, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmamasına istinad edilmişdir. Yekun olaraq Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiasının təmin edilməsi qərara alınmışdır.

31. Məhkəmə iddianın “X2” X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı hissəsinə münasibətdə qeyd edir ki, hazırki işdə “X2” X10i Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyası «X2» X7 struktur bölməsidir. Buna əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 X10ə havalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 X10ə havalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar