Məhkəmə qərarları › İş №e-2(060)-2047/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2047/2024

15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2047/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ kompensasiya verilməklə istifadə hüququna xitam verilmə və evdən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların azyaşlı uşaqları X1, X7 oğluna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 31a-da yerləşən 8 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31a-da yerləşən 8 saylı mənzilə istifadə hüquqlarına xitam verilmələri, əmlakları ilə birlikdə onların azyaşlı uşaqları X3, X7 oğlunun mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31a, mənzil 8-də yerləşməklə yaşayış sahəsi 63,3 kv.m. olan 4 otaqdan ibarətdir. Bu mənzil üzərində iddiaçının mülkiyyət hüquqları AR DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və iddiaçının adına xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə onun həyat yoldaşı və azyaşlı Nərminə və Fəqan isə onların uşaqlarıdır. Cavabdeh2 evdə hay-küy qaldırır, evdə olan əşyaları sındırır, nəlayiq söyüşlərlə onları söyərək təhqir edir, birgə yaşayış qaydalarını pozur, bu səbəbdən iddiaçının həyat yoldaşı ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə dəfələrlə şikayət ərizələri ilə müraciət etmiş, lakin cavabdeh öz hərəkətlərindən əl çəkməmişdir, cavabdehlərlə onların birgə yaşayışları mümkünsüzdür. İddiaçı təqaüdççüdür, heç yerdə işləmir, bu yaşında iddiaçı cavabdehlərin təqsiri üzündən öz mülkündə rahatlıq tapa bilmir. İddiaçı cavabdehlərin bu mənzilə olan istifadə hüquqlarının kompensasiya ilə əvəzləşdirilməsi məqsədi ilə cavabdehlərə ümumilikdə 40000 (qırx min) manat kompensasiya ödəmişdir. Cavabdehlər kompensasiyanı alsada mənzildən çıxmamışdırlar. Məhkəmədə İddiaçı və nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və cavabdehin nümayəndəsi Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirmişdir ki, o, həm arvadının adından həmdə öz adından iddia tələbini qəbul edir. İddiaçı ona başqa ev alması üçün 40000 (qırx min) manat təklif etmişdir. O, həmin məbləği qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmirlər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31A, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31a, mənzil 8-də qeydiyyatdadılar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31A-da yerləşən 8 saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının pul ilə əvəzləşdirilməsi (kompensasiyası) məqsədi ilə hər birinə 20000 (iyirmi min) manat məbləğində vəsaiti verməyi öhdəsinə götürür. Cavabdeh1 mülkiyyətçi İddiaçı tərəfindən 20000 (iyirmi min) manat məbləğ ona təqdim olunduqdan sonra 5 (beş) gün müddətində Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31A-da yerləşən 8 saylı mənzili boşaltmağı öhdəsinə götürür. Cavabdeh2 mülkiyyətçi İddiaçı tərəfindən 20000 (iyirmi min) manat məbləğ ona təqdim olunduqdan sonra 5 (beş) gün müddətində Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31A-da yerləşən 8 saylı mənzili boşaltmağı öhdəsinə götürür. Cavabdeh1 və Cavabdeh2 pulu aldıqdan dərhal sonra Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31A-da yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxma barədə müvafiq dövlət orqanına ərizə verməyi və özü ilə yanaşı azyaşlı uşaqları X2 və X4 da həmin ünvandan qeydiyyatdan çıxarmağı öhdəsinə götürürlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 və Şamilov Gülnar Taleh qızı İddiaçı Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 31a-da yerləşən 8 saylı mənzildən aralarında barışıq sazişi əsasında onlara verilməli olan 40000 (qırx min) manat məbləğində kompensasiyanı xx.xx.2024-cü il tarixində aldılar. Hazırda iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzilə istifadə hüquqları vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı ilə cavabdehlər arasında bağlanmış barışıq sazişindən və iş materiallarında olan iltizamdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 40000 (qırx min) manat məbləğində kompensasiya ödəmiş və cavabdehlər kompensasiyanı aldıqları gündən 5 (beş) gün müddətində mənzili boşaltmaqla azyaşlı övladları ilə birlikdə qeydiyyatdan çıxmaqlarını öhdələrinə götürmüşlər. Lakin cavabdehlər götürdükləri öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların azyaşlı uşaqları X3, X7 oğlunun Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31a-da yerləşən 8 saylı mənzilə istifadə hüquqlarına xitam verilmələri və əmlakları ilə birlikdə mənzildən çıxarılmadırlar. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31ada yerləşən 8 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin, onlar və onların azyaşlı uşaqları X3, X7 oğlunun əmlakları ilə birlikdə mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar