Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2099/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 90 (doxsan) qəpik pulun, cəmi 213,92 manatın (iki yüz on üç manat doxsan iki qəpik) Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə məhkəmə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MTK iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 90 (doxsan) qəpik pulun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 244,92 manatın (iki yüz qırx dörd manat doxsan iki qəpik) Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə məhkəmə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230da yerləşən 69 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilə imzalanmışdır. Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqaviləsinin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 (iyirmi beş qəpik) olması göstərilmiş, tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı 11,50 (on bir manat əlli qəpik) manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh mənzilə görə 11 ay üçün 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat ödənişlər edilməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı bildirir ki, borcun ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəciyini bildirmişdir, mənzilə görə 11 ay üçün kommunal xidmətlər 126,50 (yüz iyirmi altı manat əlli qəpik) manat pul təşkil edir. Mənzilə görə 11 ay pul ödənmədiyindən verilməyən hər ay üçün 5 % məbləğ də hesablanmalıdır. Mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 11 ay üçün faiz məbləği 6,32 manat (altı manat otuz iki qəpik) təşkil edir. Bakı şəhəri 11 saylı Vəkil Bürosundan alınmış 50 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən bağlanmış 100 saylı müqavilə ilə məhkəməyə təqdim edilmiş ******* saylı orderlə mülki iş üçün vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) təşkil edir. Belə olan halda hüquqi xidmətə görə ödənilmiş vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır.Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün xidmət haqqı 90 qəpik təşkil edir. Buna görə də 90 (doxsan) qəpik poçt xidmətinə görə ödənilmiş pul da Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul eməyərək bildirdi ki, yaşadıqları binada lift xarab olduğu zaman, "xxxx" MTK lifti təmir etdirməmiş, bina sakinləri olaraq toplaşaraq 2000 manat yığıb lifti düzəltdirmişlər. Ümumiyyətlə binanın ümumi pilləkn qəfəsləri, giriş hissələri bərbad vəziyyətdə saxlanılır, təmizlik işləri aprılmır, hətta tullantıların atılması üçün zibil qutularıda yoxdur. Hazırda sakinlər binanın idarə edilməsi üçün cəmiyətin yaradılması üçün sənədləşmə aparırlar. Tələb əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, cavabdehi tanıyır, cavabdehin yaşadığı binaya qonşu binada yaşayır. "xxxx" MTK ilə özünün arasında bağlanılan müqavilənin şərtlərinə MTK əməl etmədiyindən 6-7 ay xidmət haqqı ödəməmişdir. Belə ki, xidmətlər onu və onunla yanaşı digər bina sakinlərini qane etmir. Zibillər binadan 50 metr məsafədə yerləşən zibil qutularına atılır ki, həmin zibil qutuları da MTK-ya məxsus deyil, "xxxx" MTK-da yaşamayan digər sakinlər də həmin zibil qutularına zibil atır. Liftlər mütəmadi xarab olur, günlərlə qeyri-işlək vəziyyətdə qalır. 1 il öncə su təchizatında su nasoslarının xarab olması, hava şarının partlaması kimi hallar olmuşdur. Mənzilinə məxsus işıqlandırmanı özü çəkmişdir. Sakinlər arasında velosipedlərin oğurlanması ilə bağlı söhbətlər eşitmişdir. Hazırda lift işləsə də, servis tərəfindən baxış keçiriləcəyi halda liftdə nasazlıqların çox olduğu məlum olacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, cavabdehlə eyni binada yaşayır, qonşudur. Binada təmizlik xidməti yox dərəcəsindədir. Zibil tullantılarını Araz marketin yaxınlığında yerləşən zibil qutularına atırlar. Həmin yerə MTKda yaşamayan digər sakinlər də zibil tullantıları atır. Pilləkənlərin təmizlənməsini sakinlər özü həyata keçirir. Liftlər xarab olan zaman günlərlə qeyri-işlək vəziyyətdə qalır. Binada yaşadığı müddət ərzində 7 il kommunal xidmət xərclərini ödəsə də, hazırda xidmət yoxdur deyə ödəmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2009-cu il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayonda Cavabdeh vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 69 saylı mənzilini təklif edir. Kooperativ qeyd edilən ünvanda yaşayış binasının inşasını öz üzərinə götürür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 1 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 51 m2-dir. Mənzilin dəyəri 22950 manatdır. Alıcı hər ay 873 manat ödəyir. xx.xx.2020-ci il tarixli, “Koorparativ Binada Mənzil Kommunal Xidmətləri Haqqında” müqavilədən görünür ki, "xxxx" MTK-nın 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərindən rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrinin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrik enerjisinin haqqını banka və ya MTK-a ödənilməsi, binaətrafı ərazinin təmiz saxlanılmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, kommunal Departamentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidməti müqavilə bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması, öhdəliklərini öz üzərinə götürmüşdür. Mənzil sahiblərinin isə öz növbəsində göstərilən mənzilin kommunal xidmətləri hər kv.metri 0,25 manat olmaqla ümumən 14 manat təşkil edir, kommunal xidmətlərin haqqı mənzilin istismarından asılı olmayaraq hər ay ödənilməlidir, kommunal xidmətlərin haqqı vaxtında ödənilməzsə mənzilə su, qaz, enerji verilməsi dayandırılacaqdır, pulun inflyasiya və ya devalvasiyası ilə əlaqədar olaraq enerjinin xidmət haqları qalxarsa, mənzil kommunal xidmətlərinin qiymətləri də dəyişə bilər, hər ay vaxtında ödənilməyən kommunal ödənişə əlavə 5 % məbləğ ödəniləcək, mənzil sahibi istifadə etdiyi elektrik enerjisi, su və qaz haqlarını bildirişlərə əsasən lazımi yerlərə vaxtında ödərnəlidir, „Şərq” MTK-nın icazəsi olmadan “Mənzil sahibi” binanın fasadına və mənzilin daxilində hər hansı dəyişiklik edə bilməz.Giriş və qeyri yaşayış sahələrinə, qapıların ağzına zibillərin qoyulması qəti qadağandır, binanın beton konstruksiyasında hər hansı dəyişikliyin edilməsi və ya zədələnməsi qadağandir, mənzil sahibi əsaslı təmir işlərində üzərinə düşən pay haqqını ödəməlidir, "Mənzil sahibləri tikinti materialların, məişət tullantıların və lazımsız əşyaları pilləkən qəfəslərində və qeyri yaşayış sahələrində saxlamamalıdır, mənzil sahibləri ev heyvanlarını mənzillərin içində saxlamalıdır (Baytarlıq idarəsindən sağlamlıq sənədi olduqda). Mənşəyi məlum olmayan heyvanların bloklarda və qeyri yaşayış sahələrində saxlanması və onlara yemək verilməsi qadağandır, mənzil sahibinin eyvanlara pəncərə qoyulması və çöl-fasad divarlara kondisionerin quraşdırılması qadağandır, mənzil sahibinin pilləkən qəfəsində qeyri-yaşayış sahəsinə şkafların qoyulması və ev əşyalarının qoyulması qadağandır, qanunvericilikdə nəzərdə tutulan və tutulmayan, insanların yaşayış şəraitinə diskomfort yaradan hallara şərait yaratmamalıdırlar kimi öhdlikləri meydana gəlmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı X4 xx.xx.2020-ci il tarixli müqavilə əsasında 126,5 manatın 7 gün ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, su hövzəsinin üstünün izolyasiya olunmamışdır, binanın fasadı təmirsizdir, qarajı qəzalı vəziyyətdədir, binanın pilləkən qəfəsləri natəmizdir, binanın pilləkən qəfəsləri ilə eyvanlara keçid hissəsində yerləşən qapıların şüşələri qırılmış vəziyyətdədir, binanın dəhlizi natəmizdir. Ümumilikdə binanın ümumi istifadə sahələri qeyri-təmiz və yararsızdır. Beləliklə, məhkəmə araşdırması müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilə bağlanılmış, cavabdeh X1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzil iddiaçı "xxxx"MTK tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə ödənilməmiş kommunal borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərindən irəli gələn vəzifələrin həyata keçirilməməsi işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir (şahid ifadəsi, tərəflərin izahatları, foto şəkillər və sair). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Məcəllənin 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. Eyni Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 43-45,141. Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: 1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə 2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və 3. İdarəedici təşkilat təyin edilməklə. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı çağırılmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarə bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. İddiaçı MTK-nın çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. Belə ki, "xxxx" MTK-nın Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən yerləşən çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiqini tapmışdır. Belə olduğu təqdirdə, MTK-nın cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nin Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən çoxmənzilli binada olan mənzilə dair cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin hər hansı bir hüquqi əsası olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia tələbinin digər hissələri gecikmə 5% məbləğində pul, vəkil haqqı üçün ödənilmiş xidmət haqqı, poçt məktubunun göndərilməsi və onunla bağlı xidmət haqqının və dövlət rüsumunun əvəzinin ödənilməsi hissələrinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, iddia tələbinin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələblər də təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MTK-nin Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 90 (doxsan) qəpik pulun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 244,92 manatın (iki yüz qırx dörd manat doxsan iki qəpik) Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" MTK-nin Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manatın, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 0,90 (doxsan qəpik) manatın, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 244,92 manatın (iki yüz qırx dörd manat doxsan iki qəpik) Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2099/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2099/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver