Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2100/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal borca görə əsas borc 208 manat pulun, mənzilə görə ödənilməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 8 ay üçün faiz məbləği 10,40 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, cəmi 299,50 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı "xxxx" MTK iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal borca görə əsas borc 208 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 8 ay üçün faiz məbləği 10,40 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat pulun, cəmi 330,50 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilin sahibi Cavabdeh arasında kooperativ binada mənzil kommunal xidmətləri haqqında müqavilə imzalanmışdır. Kooperativ binada mənzil kommunal xidmətləri haqqında müqavilənin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 olması göstərilmiş, tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı 26 manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh tərəfindən mənzilə görə 8 ay üçün 208 manat pul məbləğində ödənişlər edilməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 faiz məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəciyini bildirmişdir. Mənzilə görə 8 ay üçün kommunal xidmətlər 208 manat pul təşkil edir. Mənzilə görə 8 ay pul ödənmədiyindən verilməyən hər ay üçün 5 faiz məbləğ də hesablanmalıdır. Mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 8 ay üçün faiz məbləği 10,40 manat təşkil edir. Bakı şəhəri 11 saylı Vəkil Bürosundan alınmış 50 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən bağlanmış 100 saylı müqavilə ilə məhkəməyə təqdim edilmiş ******* saylı orderlə mülki iş üçün vəkil haqqı 80,20 manat təşkil edir. Belə olan halda hüquqi xidmətə görə ödənilmiş vəkil haqqı 80,20 manat Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır. Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün xidmət haqqı 90 qəpik təşkil edir. Buna görə də 90 qəpik poçt xidmətinə görə ödənilmiş pul da Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır. Beləliklə, hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal borca görə əsas borc 208 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 8 ay üçün faiz məbləği 10,40 manat pulun, hüquqi xidmət üçün ödənilmiş 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, cəmi 299,50 manat pulun Cavabdeh tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. "xxxx" MTK-nın Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal xidmətlərə görə borc pul tələb edildiyi üçün koopertiv binada mənzil tikinti xidmətləri haqında müqavilələrin bağlandığı müqavilə aidiyyəti olaraq mülki işə binanın yerləşdiyi Sumqayıt şəhərində baxılmalıdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qaraj, işıqlandırma xidməti, təhlükəsizliklə bağlı fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. Binada iki lift vardır. Hər iki lift yaxşı vəziyyətdədir və sakinlər tərəfindən istifadə olunur. Həmçinin təmizlik işləri də görülür. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Evdə yaşayan odur. İşıqları olmayanda su da gəlmir. Generator yoxdur, su kəsilir. Yalnız binanın qabağını təmizləyirlər. Blokun qabağını özü təmizləyir, binanın təmizlənməsi həyata keçirilmir. Kommunal xidmətlərin ödənilməsini o həyata keçirməsə də, digər sakinlər tərəfindən ödənişlər edilir. Fotoşəkillər yalnız məhkəməyə təqdim edilməsi üçün o formada çəkilmişdir. Hər bir sakin öz qapısına işıq quraşdırmışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı qurum tərəfindən pul yığılsa da, heç bir iş görülmür. Təmir işləri aparılmamış, lift təmir edilməmişdir. Demək olar ki, binanın işıqlandırması yoxdur, bərbad vəziyyətdədir. Eyni zamanda yığılan pulların nəticəsi barədə də məlumat verilmir. Hər ay 26 manat məbləğində ödəniş etməli olduğunu deyirlər. Onlar 2015-ci ildən həmin evə köçmüşdürlər. Aylıq 30 manat məbləğində ödəniş edirdi. Artıq ödədiyi pulların geri qaytarılmasını xahiş etmişdir. Lakin 8 aydır ki, ödəniş etmir. Binanın 24 saat mühafizə olunacağı bildirilsə də, mühafizə sistemi yoxdur. Sakinlərlə müştərək cəmiyyət yaratmaq istəmişlər, lakin icazə verilməmişdir. Həmçinin 2 ədəd su motoru olmalı idi, lakin 1-i yoxdur. Binanın girişində qanunsuz olaraq avtoyuma xidməti fəaliyyət göstərir. Həmçinin uşaq əyləncə mərkəzi də yoxdur. Qeyd olunanların hər biri üçün onlardan pul alınsa da, həmin məbləğlərin hara istifadə olunduğu barədə məlumatları yoxdur. Dəfələrlə çəkiliş aparılaraq televiziya kanallarında göstərilmişdir. Həmçinin qarajdan istifadə etmək üçün hər kəsdən 40 manat məbləğində pul toplanılır, qarajın özünə məxsus olduğunu bildirir. İçməli su hövzəsi təmizlənmir. Sakinlər olaraq öz aralarında şəxsi vəsaitləri hesabına pul yığaraq təmizlətmişdirlər. Müqavilənin 5-ci bəndində qeyd olunmuşdur ki, tərəflərdən biri öhdəliyini yerinə yetirməsə, digər tərəfin müqaviləni dəyişdirmək hüququ vardır. Ödənilən kommunal xərclərə uyğun addımlar atılmalıdır, belə ki, binada aylarla təmizlik işləri aparılmır. Cavabdehin nümayəndəsi sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə baxış iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, Cavabdeh qonşusudur. Həmin binada yaşayır. Vaxtı-vaxtında kommunal ödənişlər edir. Edilən ödənişlərə müvafiq xidmətlər göstərilmir. 2019-cu il tarixində bina tikilmişdir. Giriş fasadı, mərtəbələr arası fasad yoxdur. Dəfələrlə bu barədə "xxxx" MTK-ya öz iradlarını bildirmişdirlər. Etdikləri ödənişlər binanın təmirində istifadə olunmalıdır. İllər ərzində hovuz təmizlənməmiş, öz hesablarına təmizlətmişdirlər. Lift işləyir, bu barədə yalan məlumat verə bilmədiyini qeyd etmişdir. Amma elə olmuşdur ki, lift 1 ay ərzində işləməmişdir. Binanın işıqlandırılmasının 80 faizinin ona məxsus olduğunu bildirmişdir. Etajlarda 2 plafon vardır. Amma pilləklənlər arasında işıqlandırma yoxdur. Binanın girişi çirkab vəziyyətdədir. Bu barədə dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdirlər. Binanın təmiri üçün ən az 2000-3000 manat məbləğində pul xərclənməlidir. Pilləkənlərin arasındakı beton rənglənməmişdir. Hər bir sakin öz qapısına elektrik lampası quraşdırmışdır. İşıqlandırma barədə heç bir şikayəti yoxdur. Hər etajda 2 ədəd vardır.
Tədqiq olunan sübutlar:
8. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində inşa olunmuş yeni yaşayış binasının ev 230, mənzil 3-də ailə tərkibi ilə birlikdə yaşayır.
9. "xxxx" MTK ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, 230 saylı binanın 3 sylı mənzilinin sahibi Cavabdeh arasında bağlanmış “Kooperativ binada mənzil kommunal xidmətləri haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.
10. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehdən kommunal xidmət haqlarına görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MTK-nın vəkili qismində Sumqayıt Şəhər Məhkəməsində təmsil olunmaq üçün Vəkil ******* saylı order üzrə hüquqi xidmətə görə 80,20 manat pul ödənilmişdir.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "xxxx" MTK-ya ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, "xxxx" MTK-nın rəhbərliyinə qaldırıcı qurğuların təhlükəsiz istifadəsinin təmin edilməsi, su çəninin və binanın özülünün normalara uyğun izoliyasiya olunaraq binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
13. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti Sumqayıt regional X11 İdarəsi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230, mənzil 69-da yaşayan Namiq Baxışova ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış şikayətə Sumqayıt Regional DYNİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, araşdırma zamanı ünvanlanmış müraciətdə göstərilən faktla əlaqədar mövcud vəziyyət öz əksini tapdığı üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 23 və 24-ün qarşısında yerləşən "xxxx" MTK-nın yanğına qarşı cavabdeh şəxsi X9 barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, şikayətlə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişi tərəfindən aparılmış araşdırma zamanı təhlükəsizlik qaydaları pozulduğu üçün qaldırıcı qurğuların istismarının qadağan olduğu qurğunu istismar edən "xxxx" MTK-ya bildirilmiş, həmçinin araşdırma zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi Kooperativdən tələb olunmuşdur.
15. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, şikayətlə əlaqədar xx.xx.2023-cü il tarixdə Agentliyin müfəttişi tərəfindən aparılmış araşdırma zamanı müraciətdə qeyd olunmuş nasazlıqların mövcud olduğu müəyyən edilmiş, nasazlıqların aradan qaldırılması lifti istismar edən "xxxx" MTK-dan tələb olunmuş, müfəttişlər tərəfindən xx.xx.2023-cü il tarixdə möhürlənərək istismarı qadağan olunmuş kustar üsulla hazırlanmış qaldırıcı qurğuya isə heç bir müdaxilə olunmamışdır.
16. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt şəhər Təmizlik Departamenti” MMC ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, D/056 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını və Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərərsizləşdirməyə təhvil verilməsini, “sifarişçi” isə “icraçı”nın daşınma ilə əlaqədar işləməsi üçün müvafiq şəraitin yaradılmasını, müəssisənin tullantı qutuları ilə təmin edilməsini və görülən işlərin xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Həmin müqaviənin 5.1 və 5.2-ci bəndlərində müqavilənin 31 dekabr 2019-cu ilədək qüvvədə olduğu, müqavilə müddətinin bitməsindən 30 gün əvvəl “sifarişçi” və ya “İcraçı” xidmətin göstərilməsindən rəsmi imtina etmədiyi halda, müqavilə 1 il müddətinə uzdılmış hesab edilir.
17. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli,156796 saylı, xx.xx.2024-cü il tarixli, 161695 saylı, xx.xx.2024-cü il tarixli, 180387saylı xx.xx.2024-cü il tarixli 180388 saylı, xx.xx.2024-cü il tarixli 177205 saylı Məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən qeyd edilən tarixlər üzrə "xxxx" MMC-yə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Məhkəmə baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: -135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; -135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: -135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; -136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: -136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; -136.2.2. kommunal xidmətlərə görə haqq. -136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir; -139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: -385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; -399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; -430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, qeyd edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış “Kooperativ binada mənzil kommunal xidmətləri haqqında” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tərəflər "xxxx" MTK tərəfindən həmin MTK-nın yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi, Cavabdeh isə mənzilin 1 kv.metri üçün xidmət haqqının 0.25 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda iddiaçı 8 ay müddətində göstərilmiş kommunal xidmətlərə görə ödənişləri həyata keçirməmişdir. İddiaçı "xxxx" MTK tərəfindən həmin ödənişlərin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə həmin borcun ödənilməsi ilə bağlı müvafiq orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən kommunal xidmət haqqı üzrə ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən mənzil kommunal xidmətləri ilə təmin edilməsi hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş xidmət haqları və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərdən istifadə etmiş, lakin xidmət haqqını ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
24. Mənzil Məcəlləsinin 136.3-cü maddəsinə uyğun olaraq yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir;
25. Eyni Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).
26. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır.
27. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Göründüyü kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun "xxxx" MTK-ya ödənilməmiş borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
29. Məhkəmə iddia tələbinin “mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 8 ay üçün 10,40 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
30. Belə ki, tərəflər arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli “Kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə əlavə 5% məbləğ ödəniləcəkdir.
31. Məhkəmə iddia tələbinin “80,2 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
32. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
34. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 31 manat dövlət rüsumu və 0,90 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə cavabdehin müqavilənin icrasından imtinasının əsası kimi göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, o, müqavilə üzrə öhdəliyinin icra edilməməsinin, yəni kommunal xidmət haqqı borcunun ödənilməməsinin səbəbi kimi "xxxx" MTK-nın kommunal xidmətlərin göstərilməsinə dair müqavilə şərtlərini pozmasını göstərir.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətlə dərəcədə pozulduğu hallarda müqavilə tərəflərindən birinin tələbi ilə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Hazırki işdə cavabdeh öhdəliyinin icrasından müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulmasına istinad edərək imtina etsə də, o, müqavilənin ləğvi və ya dəyişdirilməsi barədə iddiaçıya ünvanlanmış müraciətini məhkəməyə təqdim etməmişdir. Süleymanov Qərənfil Rauf qızının iddiaçıya ünvanladığı "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli xəbərdalıq məktubu ilə əlaqədar xx.xx.2023-cü il tarixli izahatı isə qarşı tərəfə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi kimi qiymətləndirilə bilməz.
38. Hazırki halda tərəflər arasında bağlanmış müqavilə qüvvədə olmaqla iddiaçının cavabdehdən həmin müqavilə üzrə öhdəliyinin icrasını tələb etmək hüququ vardır.
39. Beləliklə məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal borca görə əsas borc 208 manat, faiz məbləği 10,40 manat, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 0,90 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat, cəmi 330,50 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməlidir.
Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi, ev 230-da yerləşən 3 saylı mənzilə görə kommunal borca görə əsas borc 208 manat, faiz məbləği 10,40 manat, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 0,90 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat, cəmi 330 (üç yüz otuz) manat 50 (əlli) qəpik pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva