Məhkəmə qərarları › İş №e-2(060)-2112/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2112/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2112/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nurullayeva Hicran Əli qızının iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230-da yerləşən 60 saylı mənzilin sahibi Cavabdeh arasında “Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında” müqavilə imzalanmışdır. “Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında” müqaviləinn 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayş binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 manat olması göstərilmiş, tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı aylıq 14 manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh tərəfindən mənzilə görə 27 ay üçün 378 manat pul məbləğində ödənişlər edilməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin borcun ödənilməsi istiqamətində Cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Mənzilə görə 27 ay üçün kommunal xidmətlər 378 manat pul təşkil edir. Mənzilə görə 27 ay pul ödənmədiyindən verilməyən hər ay üçün 5 % məbləğ də hesablanmalıdır. Mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 27 ay üçün faiz məbləği 18,90 manat təşkil edir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov) küçəsi ev 230-da yerləşən 60 saylı mənzilə görə kommunal borca görə əsas borc 378 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27 ay üçün faiz məbləği 18,90 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, cəmi 478 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işdə olan sübutlara əsasən iddia ərizəsində qeyd edilən məbləğlə yanaşı dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, cəmi 509 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nurullayeva Hicran Əli qızı izahat verərək bildirmişdir ki, borc məbləği ilə razıdır. Doğrudur ödənişləri etmir, lakin səbəb binanın şəraitinin əlverişsiz olmasıdır. Əgər bununla bağlı problemlər aradan qalxarsa, məbləği ödəyəcəkdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2013-ci il tarixli "xxxx" müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 mərtəbəli evin 1-cü mərtəbəsində yerləşən 60 saylı mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə mənzilin dəyərini MTKya ödəməyi öz öhdələrinə götürmüşlər.

8. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

9. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində inşa olunmuş yeni yaşayış binasının ev 230, mənzil 60-da ailə tərkibi ilə birlikdə yaşayır.

10. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MTK-nın vəkili qimsində Sumqayıt Şəhər Məhkəməsində təmsil olunmaq üçün Vəkil ******* saylı order üzrə hüquqi xidmətə görə 80,20 manat pul ödənilmişdir.

11. İş materiallarında olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilə bağlanılmış, Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində inşa olunmuş yeni yaşayış binası, ev 230, mənzil 60 iddiaçı "xxxx" MTK tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 378 manat kommunal borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.

14. Həmin Məcəllənin 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

15. Eyni Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

16. Qeyd olunan Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

18. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

19. Eyni Məcəllənin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.

20. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

21. Eyni Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

22. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

23. Eyni Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

24. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

25. Eyni Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).

26. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Göründüyü kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun "xxxx" MTK-ya ödənilməmiş borcu yaranmışdır.

28. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun (378 manat) tutulması hissəsində əsaslıdır.

29. Məhkəmə iddia tələbinin “mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27 ay üçün faiz məbləği 18,90 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

30. Belə ki, tərəflər arasında bağlanmış 07 mart 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə əlavə 5% məbləğ ödəniləcəkdir.

31. Məhkəmə iddia tələbinin “80,2 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

34. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 378 (üç yüz yetmiş səkkiz) manat əsas borc, 18,90 (on səkkiz manat, doxsan qəpik) faiz borcu, 80,2 (səksən manat, iyirmi qəpik) manat hüquqi xidmətin əvəzi, cəmi 477,1 (dörd yüz yetmiş yeddi manat, on qəpik) məbləğində pul və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun və 0,90 (doxsan qəpik) manat poçt xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" MTK-ya ödənilməlidir.

37. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 378 (üç yüz yetmiş səkkiz) manat əsas borc, 18,90 (on səkkiz manat, doxsan qəpik) faiz borcu, 80,2 (səksən manat, iyirmi qəpik) manat hüquqi xidmətin əvəzi, cəmi 477,1 (dörd yüz yetmiş yeddi manat, on qəpik) məbləğində pul və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun və 0,90 (doxsan qəpik) manat poçt xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar