Məhkəmə qərarları › İş №e-2(060)-2114/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2114/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2114/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı2 və İddiaçı1 Surxay qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Surxay qızının Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Surxay qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzildən istifadə hüququna bazar qiymətinə uyğun kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Surxay qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzildən istifadə hüququna bazar qiymətinə uyğun kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılsın” cümləsindəki “yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılsın” kəliməsi “hər iki övladı X6 və X7 ilə birlikdə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılsın” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzil ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 Nürəddin qızına məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(060)-580/2020 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X1, İddiaçı1, İddiaçı2 və X4 qarşı mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı X2 Sumqayıt şəhəri, 12-ci mkr, 5a saylı evin 29 nömrəli mənzilinə istifadə hüququ tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(105)-1838/2020 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daha sonra Heydərova Maya soyadını dəyişərək Mahmudova olmuş və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzilə yaşayış sahəsi üzrə qeydiyyata düşmüşdür. Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına əsasən mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, mülkiyyət hüququna əsasən İddiaçı2 və İddiaçı1 Nürəddin qızına məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzilə cavabdeh X2 istifadə hüququna xitam verilməsi üçün, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq məbləğinin bazar qiymətinə uyğun müəyyən edilmiş kompensasiyanın ödənilməsinə razıdırlar. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 Surxay qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, qarşı tərəfə kompensasiya məbləğinin həcmi 5000 manat təklif olunur. Cavabdeh tərəf bu təkliflə razı olmayacağı təqdirdə iddiaçılar tərəfindən maksimum 7000 manat kompensasiya ödənilə bilər. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı tərəfin kompensasiya olaraq təklif etdiyi 5000 manat azdır. Belə ki, Sumqayıt şəhərində 3 otaqlı mənzilin kirayəsi təqribi 350 manat civarındadır. İddiaçı tərəfin sonradan təklif etdiyi 7000 manat kompensasiya məbləği ağlabatandır. Odur ki, iddiaçıların cavabdehə 7000 manat kompensasiya verməkləri ilə iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-580/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər X1, İddiaçı1, İddiaçı2 və X4 qarşı mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı X2 Sumqayıt şəhəri, 12-ci mkr, 5a saylı evin 29 nömrəli mənzilinə istifadə hüququ tanınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1838/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-580/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - ƏMDX DƏDKR publik hüquqi şəxsinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrayonda yerləşən, ev 5A, mənzil 29 xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. (birgə mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 Nürəddin qızına məxsusdur) - Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrayonda yerləşən, ev 5A, mənzil 29 birgə mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 Nürəddin qızına məxsusdur. xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilərək hüquqi qiymət verilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Belə ki, evin orta bazar qiyməti, həmin ərazidə və şəraitdə olan evlərin aylıq kirayə haqqı baxımından kompensasiya məbləği ağlabatandır. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, mübahisəli evin dəyərini, mübahisəli evin cavabdeh tərəfindən istifadə edilən sahəsini nəzərə alaraq hesab edir ki, iddiaçılar tərəfindən cavabdehə təklif edilən 7000 (yeddi min) manat cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Həmçinin məhkəmə, hesab edir ki, mübahisəli mənzilin dəyərinə və yerləşdiyi yerinə görə cavabdehə təklif edilən kompensasiya ağlabatan və reallığa uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçılar İddiaçı1 və X5 tərəfindən 7000 manat kompensasiya ödənilməklə Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzildən istifadə hüququna xitam verilməli və onlar yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və X5 tərəfindən 7000 manat kompensasiya ödənilməklə Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69 kv m olan mənzildən istifadə hüququna xitam verilsin və onlar yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar