Məhkəmə qərarları › İş №e-2(060)-2147/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2147/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2147/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs X16 qarşı “miras qalmış əmlakın qəbul edilməsi faktının tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, ərizəçi xx.xx.1982-ci ildə X17 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların 3 övladı, hazırkı iş üzrə digər ərizəçilər anadan olmuşdur. X1 İbrahim Dadaş oğlunun övladıdır. X23, X24, X7 və X28, X18 da mülkiyyətçi İbrahimov Dadaşın övladları olmuşdurlar. X19 xx.xx.1984-cü ildə rəhmətə getmişdir. Onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, sahəsi 103,4 kv.m olan fərdi yaşayış evi və sahəsi 987 kv.m torpaq sahəsi miras əmlak qalmışdır. Ərizəçilərdən Ərizəçi Sübhən qızı həyat yoldaşı X19 ilə ailə həyatı qurduğu gündən miras qalmış əmlakda yaşamış və bu gün də orada yaşamaqdadır. Digər ərizəçilər isə həmin evdə anadan olmuşdur və orada yaşamışdırlar. Mülkiyyətçinin oğlu İbrahim İbrahimov 25 iyun 2022-ci ildə rəhmətə getmişdir. Bütün bu faktiki hallardan bəlli olur ki, Ərizəçi Sübhən qızı və digər ərizəçilər miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdirlər. Ərizəçilərə yeni bəlli olmuşdur ki, miras qalmış əmlakı qəbul etməmiş şəxslər notariat ofisinə müraciət edərək miras qalmış əmlakın qəbul edilməsi üçün vərəsəlik şəhadətnamələrinin verilməsini istəmiş, müddət ötürüldüyü üçün onlara imtina verilmiş və onlar müddətin bərpası üçün məhkəmədə iddia qaldırmışdırlar. Bu hallar bəlli olduqdan sonra ərizəçilər miras qalmış əmlakın qəbul edilməsinin təsdiq edilməsi üçün iş üzrə maraqlı şəxs olan notariat ofisinə müraciət etmişdirlər. Lakin onlara müddət ötürüldüyü üçün imtina verilmişdir. Bu imtina əsassız olmuşdur. Belə ki, qeyd edilən halalr ilə bəlli olur ki, ərizəçilər miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdirlər. Məhkəmənin hazırlıq iclasında maraqlı şəxs X25 maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, ərizəçi tərəfindən X3 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evinin və sahəsi 987 kvadrat metr torpaq sahəsinin qəbul edilmə faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil sonradan məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasında ilkin sənədlərə baxış zamanı məlum olmuşdur ki, iddiaçı notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, amma ona müddət ötdüyü üçün imtina verilmişdir. Nəzərə alınmalıdır ki, miras əmlak qoyan şəxs rəhmətə gedən zaman və bundan sonrakı müddətdə bugünə kimi iddiaçı miras qalmış əmlakda həyat yoldaşı ilə birlikdə yaşamışdır. Onlar miras qalmış əmlakı faktiki qəbul etmişdirlər. Sonradan miras qoyan şəxsi oğlu, yəni iddiaçının əri də rəhmətə getmişdir. Bu səbəbdən miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi məhz iddiaçıya verilməli idi. Nümayəndə qeyd olunanlara əsasən, məhkəmədən miras qalmış əmlakın qəbuluna dair buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatına, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26 iyun 2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Corat qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 408638 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 03 noyabr 1984-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 254135 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İbrahimova (Quliyeva) Nüşabə Sübhan qızı arasında 12 may 1982-ci il tarixdə nikah bağlanmış və 271 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında X-ЖГ seriyalı, 396962 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 21 dekabr 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X17, anası isə X10r. İş materiallarında Xİİ-ЖГ seriyalı, 291275 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 16 aprel 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X17, anası isə X10r. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 3138 nömrəli, 18 dekabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, Ərizəçi 03 noyabr 1984-cü il tarixdə vəfat etmiş X3 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş 18 dekabr 2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mərhum X5 vəfat etdiyi 03 noyabr 1984-cü il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtlərini və müddətini müəyyən edən 1246 və 1273- 1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin qərarla, mülki dövriyyənin sabitliyinin təsbit olunması baxımından bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən qərarın qəbul edildiyi 26 dekabr 2023-cü ildən qabaq, yəni 03 noyabr 1984-cü il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə edilmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 1314 nömrəli, 23 may 2025-ci il tarixli məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, 03 noyabr 1984cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət edilməmiş və vərəsəlik işi açılmamışdır. Sorğuda qeyd olunan miras əmlak (Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 103.4 kv.m fərdi yaşayış evi və 987 kv.m torpaq sahəsi) 03 noyabr 1984-cü ildə vəfat etmiş X4 03 noyabr 1984-cü ildə vəfat etmiş atası X20 məxsusdur. İş materiallarında olan 15 may 2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 03 noyabr 1984-cü ildə vəfat etmiş X12 vərəsələri X18, X7, X26 əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında sahəsi 103,4 kv.m olan fərdi yaşayış evi və sahəsi ünvan 3 ünvanında yerləşən 987 kv.m torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında sahəsi 103,4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 22 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 15 may 2025-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X7, X26 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən verilmiş 15 may 2025-ci il tarixli 2V-288 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını X8 bağışlamışdırlar. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 1362 nömrəli, 02 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə 03 noyabr 1984-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəsi X6 ərizəsi qəbul edilmiş və vərəsələr sırasına daxil edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq X3 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlaka dair hüquq müəyyəndici sənəd (çıxarış Forma 37) verilməsi xahiş edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 saylı 12 dekabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X13, X14, X2 və X21 cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X8 və Ərizəçi qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair iddiası qismən təmin edilmiş, mərhum X3 miras qalmış əmlakın (Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr olan torpaq sahəsi) iddiaçı X7 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmış və müddət uzadılmışdır. İş materiallarında olan 15 may 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X5 vərəsələri X18, X7 və X26 miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Miras qalmış əmlakın ¼ hissəsi açıq saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X19 xx.xx.1984- cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Ondan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr torpaq sahəsi miras əmlak kimi qalmışdır. Dadaş İbrahimovun vərəsələri X23, X24, X7, X28, X26, X18 və X9r (hazırda onun vərəsəsi arvadı Ərizəçi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri 1984-cü ildə yarandığından mübahisəyə xx.xx.1964-cü il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməli, mübahisəyə 2000-ci il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və həmin Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilməməlidir. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmık barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçan qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla Ərizəçi tələbinin əsaslı olması, mirası faktiki olaraq qəbul etməsi təsdiq edilmədiyindən,həmçinin mirasının qəbulu müddətinin ötürülməsinin üzürlü səbəbdən olması işin araşdırılan hallarına əsasən müəyyən edilmədiyindən verilmiş iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci madəssinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın fakitiki qəbulu və əmlakın qəbulu müddətinin bərpası” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363- cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar