Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2239/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı X4 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci il tarixinə 49800,89 manat əsas, 25122,06 manat faiz borcu, 6,29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 656,45 manat faiz borcu olmaqla, cəmi 75585,69 manat borcunun və iş üzrə ödənilmiş 316,76 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 551/E saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 55000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli, **********840 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks (məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq) ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərin iş üzrə ekspert rəyləri məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının iddia ərizəsində tələb etdiyi borc məbləği şişirdilmişdir. 55 000 manat ödəniş etmiş, lakin bu qrafikdə əks olunmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, əsas borclu özüdür. Digər cavabdeh isə atasıdır və iddiaçı ilə aralarında bağlanan kredit müqaviləsi üzrə zamindir. Müəyyən ödənişlər etmişlər, lakin əsas borcdan çıxılmayıb. Faiz şişirdilib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 isə xx.xx.1957-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının “Azadlıq” filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2019-cu il tarixli, 551/E saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 20 faizlə, 55 000 manat kredit vermişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 60 ay müddətində hər ay 1457,16 manat, sonuncu ay isə 1494,5 manat ödəniş etməli idi. Digər Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyi üzrə zamin olmuşdur. 27 may 2019-cu il tarixli, 551/E saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evi kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli mənzil) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh2 49800,89 manat əsas borc, 25122,06 manat faiz borcu, 6,29 manat cərimə, 656,45 manat müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanan faiz borcu olmaqla, olmaqla, cəmi 75585,69 manat borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş qeydə alınmışdır. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə kompleks (məhkəməmühasibatlıq və əmtəəşünaslıq) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4107 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 49829,65 manat, faiz borcu üzrə 30146,94 manat təşkil edir. xx.xx.2023-cü il tarixinə cavabdehin iddaçıya olan borcu əsas borc üzrə 49829,65 manat, faiz borcu üzrə 31531,09 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3927, 9/4115 nömrəli ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45A nömrəli fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 131 000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 55000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kreditin verilmə müddəti 36 ay göstərilsə də, ödəniş cədvəli və işdə olan digər sənədlər, həmçinin iştirak edən şəxslərin izahatları ilə kreditin cavabdehə 60 ay müddətində verildiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə kredit müqaviləsində kreditin verilmə müddətinin 36 ay kimi qeyd edilməsini texniki səhv kimi nəzərə alır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində əsas borc xx.xx.2023-cü il tarixinə 49829,65 manat, faiz borcu isə 30146,94 manat müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 49800,89 manat əsas, 25122,06 manat faiz borcunu cavabdehdən tələb etmişdir. Ekspert rəyində göstərilən əsas və faiz borcu məbləğləri iddia ərizəsindən çox olduğu üçün məhkəmə hesab edir ki, idda ərizəsində göstərilən məbləğdə olan 49800,89 manat əsas, 25122,06 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, borcalan ardıcıl 30 (otuz) gündən artıq müddətində ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditin hesablanmış faizlə birlikdə qaytarılmasını tələb edə bilər. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 49800,89 manat əsas borc məbləğinə 6,29 manat cəriməni hesablamaqda haqlı olmuşdur. Buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 656,45 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, kreditin müqaviləsinin müddəti bitmədiyindən müqavilə üzrə hesablanmış faizlərdən əlavə fiaz borcunu cavabdehdən tələb edə bilməzdi. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh2 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh2 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 85 000 manat məbləğində göstərilmiş, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45A nömrəli fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 131 000 manat məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. İpoteka predmeti olan mənzilin satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanuna xx.xx.2018-ci il tarixində əlavə edilmiş 59.4-cü maddədə qeyd olunur ki, bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (59.4.). Hazırkı iş üzrə ipoteka müqaviləsi xx.xx.2019-cu ildə, yəni Qanunun qeyd edilən müddəası qüvvəyə mindikdən sonra bağlandığından, həmin müddəa hazırkı mübahisəyə tətbiq edilməklə, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra həmin mənzildə yaşayan şəxslər ayrıca məhkəmə aktı tələb edilmədən hazırkı qətnamə əsasında mənzildən çıxarılmalıdırlar. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsinə zərurət yoxdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 316,76 manat dövlət rüsumunun 250 manatı, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə görə ödənilmiş 45 manat cavabdehlərə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 150 manatı cavabdehlərə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 49800,89 manat, faiz borcu üzrə 25122,06 manat, cərimə üzrə 6,29 manat olmaqla, cəmi 74929 (yetmiş dörd min doqquz yüz iyirmi doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 316,76 manat dövlət rüsumunun 250 (iki yüz əlli) manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 45 (qırx beş) manat rüsum cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı X5 Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Evin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcu ödənilsin. Evin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra evin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 45 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 131 000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 150 (yüz əlli) manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 (əlli) manatı isə İddiaçı X5 Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2239/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2239/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver