Məhkəmə qərarları › İş №e-2(060)-2277/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2277/2022

05.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2277/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının nümayəndələri Nümayəndə və Vəkil2 (vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının 24.12.2021-ci il tarixli, 151 №-li əmrinin ləğv edilərək onun işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi - uşaq bağçası ilə əvəz olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 01.08.2003-cü il tarixdən Sumqayıt şəhər Təhsil Şöbəsi 63 saylı körpələr evi uşaq bağçasında sanitar dayə kimə işə qəbul olunmuşdur. Həmin tarixdən də həmin bağçada 1 stavka sanitar dayə kimi işləmişdir. 01.10.2018-ci il tarixdə analıq məzuniyyətə çıxmışdır. Belə ki, 06.11.2018-ci il tarixdə qızı X10 anadan olmuşdur. Bağçanın keçmiş rəhbərliyinin təkidi ilə yazdığı ərizə əsasında 30.09.2020-ci il tarixdə yenidən analıq məzuniyyətindən işə geri qayıtmışdır. Sonradan rəhbərlik ilə aralarında olan anlaşılmazlıq nəticəsində yenidən 01.10.2020-ci il tarixdən analıq məzuniyyətinə geri dönmüşdür. Artıq 11.08.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq əmri ilə X8 63 saylı körpələr evinə yeni müdir təyin olunmuşdur. O, da 05.11.2021-ci il tarixdən analıq məzuniyyətindən işinə geri dönərək 0.5 stavka sanitar dayə kimi işə başlamışdır. Lakin yeni rəhbərliyə 1 stavka ilə bərpa olunmağını xahiş etmişdir. Rəhbərlik əlavə ştat olmadığını bəhanə gətirərək müraciətini nəzərə almamışdır. Lakin o, 19 il stajına əsaslanaraq sadəcə 1 stavka ilə işləmək istədiyini, yəni stavkasının bərpa olunmasını xahiş etmişdir. Müdiriyyət tərəfindən təhqirlərə məruz qalmışdır. Daha sonra AR ƏƏSMN-nin 142 qaynar xəttinə bu şikayəti ilə bağlı müraciət etmişdir. Nazirlik tərəfindən AR ƏƏSMN yanında X6 xidməti Sumqayıt Regional Ərazi Şöbəsinə yönləndirilmişdir. İlk müraciətini 25.11.2021-ci il tarixdə yazmışdır. Lakin müraciət etdikdən 30 gün sonra cavab veriləcəyi bildirilmişdir. O, 17.01.2022-ci il tarixdə yeindən ərizə ilə müraciət etmişdir. X6 xidmətinin 26.01.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Həmin cavab məktubunda 63 saylı körpələr evi uşaq bağçasının X6 xidmətinə cavab vermişdir ki, vakant ştat olmadığından 1 stavka ilə sanitar dayə vəzifəsinə keçirilə bilmədiyi, vakant sanitar dayə ştatı olduğu zaman 1 stavka ilə təmin olunacağı bildirilmişdir. Həmçinin bağçanın rəhbərliyi tərəfindən X6 xidmətinə AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən qeyri-qanuni şəkildə töhmət olunduğu barədə məlumat da verilmişdir. Belə ki, həmin töhmət rəhbərlik və bağçanın metodisti tərəfindən ona qarşı qərəzli şəkildə qeyri-qanunu yazılmış töhmət olmuşdur. Həmin töhmət onun uşaqlarla və işçilərlə kobud rəftarı nəticəsində edilmişdir. Lakin bütün bunlar rəhbərlik tərəfindən ona olunan təzyiqlərin əyani sübutudur. Əksinə o, dəfələrlə bağça daxilində keçirilən iclaslarda belə rəhbərlik tərəfindən kobud ifadələrə məruz qalmış, “biri bu tupoyu başa salsın” kimi təhqiredici ifadələr eşitmişdir. Bundan əlavə olaraq 63 saylı körpələr evi uşaq bağçasının 24.12.2021-ci il tarixli, 151 saylı əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, 22.12.2021-ci il tarixdə əmək qabiliyyətinin olmaması haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. Həmçinin həmin vərəqəyə əsasən 11.02.2022-ci il tarixdə o, yenidən işə başlamalı idi. Bundan əlavə müdirin köməkçisinə, metodistə, bağçanın tibb bacısına səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini və hətta xəstəliyi ilə əlaqədar bülleten açdırdığını onlara telefon vasitəsilə, həmçinin sms yazaraq da məlumat vermişdir. Buradan da aydın görünür ki, 63 saylı körpələr evi uşaq bağçası qanuna zidd hərəkətlər etmiş, onun hüquqlarını kobud şəkildə pozmuş, həmçinin AR ƏM-nin 79-cu maddəsinin tələblərinə zidd addım ataraq qanun pozuntusuna yol vermişdir. Bunun nəticəsi olaraq 63 saylı körpələr evi uşaq bağçası AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq 21.01.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən cərimə edilmişdir. Rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Belə ki, bağça tərəfindən ona ünvanlanan məktubun məzmununda qeyd edilmişdir ki, o, 21.01.2022, 22.01.2022, 23.01.2022 və 24.01.2022-ci il tarixlərdə işə gəlməməyinin üzrlü səbəbini müdiriyyətə məlumat verməmiş, həmçinin lazımi təsdiqedici sənədi təqdim etməmişdir. Halbuki o, işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun olaraq lazimi tədbirləri görmüşdür. Ona görə də hesab edir ki, onun işdən çıxarılmağı əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etdiyini, qanunsuz işdən uzaqlaşdırıldığını bildirdi. O, həmçinin qeyd etdi ki, həmkarlar təşkilatının iclasları barədə məlumatlandırılmamış, iştirakı təmin edilməmiş, habelə əmrin surəti, eləcə də əmək kitabçası ona təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Onlar eyni zamanda qeyd etdilər ki, həmkarlar təşkilatının sədri tərəfindən iclas barədə iddiaçıya məlumat verilmişdir. Bundan əlavə bülleten açan tibb müəssisəsinin buna səlahiyyəti olmamış, iddiaçının yaşayış yeri üzrə 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən isə belə bir sənəd verilməmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, o, həmkarlar təşkilatının sədridir. İddiaçı müdiriyyətdən tamştata keçməsini tələb edirdi. Bəlkə də bir qədər səbr etsə idi, məsələ həllini tapardı. İddiaçı 21.12.2021-ci ildən işə gəlməmiş, onunla 21.12.- 23.12.2021-ci il tarixlərdə telefon əlaqəsi saxlanılsa da, iddiaçı zənglərə cavab verməmiş, hətta razılıq əldə etmək üçün evinə getsələr də, o, qapını açmamışdır. Lakin, 22 dekabrda telefon danışığı zamanı iclas keçiriləcəyi barədə iddiaçıya məlumat vermişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, 20.12.2021-ci ildə keçirilmiş iclasda bütün işçilər iştirak etmişdir. İddiaçı yarımştatla işləmişdir. Müdirə ona demişdir ki, hələlik yarımştat işləsin qalan pulu o öz cibimdən verəcəkdir. Ancaq Günay razılaşmamışdır. Günay hətta sonra müdirənin otağına gəlib qışqıraraq yarımştatla işləmək istəmədiyini, israrla tam ştata keçirilməsini tələb etmişdir. Əks halda işləməyəcəyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi- uşaq bağçasının 24.12.2021-ci il tarixli, 151 №-li əmrindən görünür ki, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı 24.12.2021-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İstifadə etmədiyi əmək məzuniyyəti dövrü üçün ( 5 noyabr 2021-ci il tarixindən – 20 dekabr 2021-ci il tarixinədək olan müddətdə) iki təqvim günü son haqq hesablanmasının və ödənilməsinin təmin edilməsi əmr edilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (elektron sənəd) görünür ki, İddiaçı 01.08.2003-cü ildən Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evində sanitar-dayə vəzifəsində işləyir. - Əmək qabiliyyətinin olmaması haqqında SN 0007 saylı, ******* nömrəli vərəqədən görünür ki, İddiaçı 22.12.2021-ci il tarixdə əmək qabiliyyətinin olmaması haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Günay Valeh qızına ünvanlanmış 26.01.2022-ci il tarixli məktubundan görünür ki, onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı şikayət xarakterli müraciəti əsasında “Sumqayıt Tibb Mərkəzi” X12 rəhbərliyi öz səlahiyyəti daxilində araşdırma aparmış və nəticəsi barədə məlumatda göstərilmişdir ki, Sumqayıt şəhər 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə İddiaçı xəstəliyi ilə əlaqəli müraciəti olmuş və ona “Boyun Osteoxondrozu”diaqnozu qoyulmuşdur, onun xəstəliyinin gedişatına uyğun olaraq 22.12.2021 ci il tarixindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və 10.01.2022 ci il tarixində bağlanaraq ona təqdim olunmuşdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası iştirak etməmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının 24.12.2021ci il tarixli, 151 №-li əmrindən görünür ki, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə xəbərdarlıq olunmasına baxmayaraq 20.12.2021-ci il tarixində keçirilən iclasda rəhbərliklə davranış qaydalarını yenidən kobud şəkildə pozduğuna görə müdiriyyətin təqdimatı, Həmkarlar İttifaqının protokolu əsasında şiddətli töhmət verilmiş və AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış 26.01.2022-ci il tarixli məktubundan görünür ki, onun əmək qabiliyyətinin olmaması haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqə olduğundan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq xitam verildiyindən və son haqq hesabı ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən 63 saylı körpələr evi uşaq bağçasınin rəhbərliyi barəsində İnzibatı Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq 21.01.2022-ci il tarixli MN ******* nömrəli İnzibatı Xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X15 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin ünvan 3 ünvanlanmış 11.01.2022-ci il tarixli, 12 №-li məktubundan görünür ki, İddiaçı 22.12.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmamışdır. Heç bir tibbi sənəd təqdim etmədiyi üçün ona xəstəlik vərəqəsi açılmamışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X12 Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 20.04.2022-ci il tarixli, 339 №-li məktubundan görünür ki, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsini verən həkim X1 hazırda 2 nömrəli ASM-də işləmir, işinə 21.01.2022-ci il tarixindən xitam verilmişdir. Həmin vərəqəni verən həkim baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işləmiş və onun belə bir səlahiyyəti olmuşdur. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X15 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 25.04.2022-ci il tarixli, 147 №-li məktubundan görünür ki, xəstə İddiaçı 22.12.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmadığı əmək qabiliyyətinin olmaması haqqında bülleten açılmamışdır. - Sumqayit Şəhər Məhkəməsinin 3(060)-471/2022 saylı, 25.02.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının müdiri X8 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-217/2022 saylı, 11.04.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli MN № ******* №li inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 471/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Həmin qərarlardan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının müdiri X4 24.12.2021-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulmaqla qəbul edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar iclasının 23№-li iclas protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar Komitəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə etiraz etmir. - Məhkəmə iclasında səsləndirilən və tərəflərin mübahisələndirmədiyi audioyazıdan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədri X2 iclaslar barədə İddiaçı məlumat vermək istədiyini, İddiaçı məktubları aldığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin 24.12.2021-ci il tarixli, 151 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 22.12.2021-ci ildə xəstəlik vərəqəsi açıldığından həmin tarixdən 16.01.2022-ci ilədək işdən azad edilmişdir. Cavabdeh təşkilatın rəhbərliyi barəsində müvafiq qurum tərəfindən sözügedən əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq xitam verildiyindən və son haqq hesabı ödənilmədiyindən AR İXM-nin 192.4 və 192.6-cı maddələri ilə inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin qərar məhkəmə qaydasında mübahisələndirilmiş və Sumqayit Şəhər Məhkəməsinin, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin və məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu Məcəllənin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarı təqdim olunmadan bağlanmış əmək müqaviləsinə xitam verildiyindən iddia əsaslıdır. Belə ki, sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsbit olunmaqla yanaşı işin faktiki halları və sübutlarla da təsdiqini tapır. Həmçinin cavabdehin təqdim etdiyi həmkarlar təşkilatının protokolundan çıxarış Əmək Məcəlləsində nəzərdə tutulan əsaslandırmış yazılı qərar hesab oluna bilməz. Həmin qərar, eləcə də sözügedən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə dair xəstəlik vərəqəsinin (ƏQOV) ləğv olunması, yaxud qeyri-legitimliyi barədə hər hansı sübut məhkəməyə təqdim edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının 24.12.2021-ci il tarixli, 151 №-li əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının 24.12.2021-ci il tarixli, 151 №-li əmri ləğv edilsin. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işinə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar