Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-231/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İlkin iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına övladları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlkin iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 314/2022 saylı qətnaməsi ilə iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanmaları, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh ayrıldıqdan sonra onun əmlakları Sumqayıt şəhəri 3-cü mikrorayon ev 9/6, mənil 26-da qalmışdır. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda valideynlərinin yanına müvəqqəti sığınıb. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən ilkin iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı Cavabdeh X5 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus ünvan 4 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68, M2, m3) ünvanına dair istifadə hüququna kompensasiya verilmədən xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh Ələkbərova qarşılıqlı iddia üzrə iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra cavabdeh) iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh keçmiş həyat yoldaşı Cəfərova (hazırda Ələkbərova) Xəyalə Tofiq qızı ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və hər iki uşaq Cavabdeh himayəsində saxlanılmışdır. Daha sonra iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 hər ay ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilib. Qətnamə dərhal qüvvəyə minmiş və icraya yönəlmişdir. 2022-ci ildən bugünə kimi uşaqlar qarşılıqlı iddia üzrə iddiaçının himayəsindədir və onunla birgə yaşayırlar. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cehiz əşyalarının evdən çıxarılmasını istəyib. Cavabdeh ailə həyatı qurduqdan sonra iddiaçının bacısına məxsus evə gəlin gəlib və orada yaşayıblar. Hazırda mənzilə köçürülməsini iddia etdiyi evdə 2019-cu il tarixinə kimi iddiaçının qardaşı X7 və anası yaşayıb. İddiaçının anası vəfat etdikdən sonra ev vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçib. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən Sumqayıt şəhəri, 3- cü mikrorayon, 9/6 mənzil 26 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68 M2, m3) ünvanı iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən verilmiş razılıq ərizəsi əsasında cavabdeh 2020-ci ildə ünvan 4 ünvanında qeydiyyata düşmüşdür. 2021-ci ildə isə ailə münasibətləri korlandığı üçün cavabdeh evi tərk etmişdir və 3 ildən çoxdur ki, həmin ünvanda yox, ailəsi ilə birlikdə yaşayır. Cavabdeh uzun müddətdir ki, bu ünvanda yaşamır və cehiz əşyalarının çıxarılmasını istəmələri bir daha sübut etmiş oldu ki, orada yaşamaq niyyəti olmayıb. Hansısa məqsədlə və məhkəməyə yalan informasiya (guya uşaqlarla birlikdə evə köçmək niyyətindədir) təqdim etməklə ona məxsus olan mülkiyyətə müdaxilə edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməli və onlar mənzildən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt şəhər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi üzrə icraata ilkin iddiaçının mənzildən qeydiyyatdan çıxarılması hissəsində xitam verilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun qızıdır və o, iki ildən çoxdur ki, mübahisəli evdən istifadə etmir. Hazırda iddiaçının yeganə istəyi övladları ilə birlikdə həmin mənzildə yaşamaqdır. Nəvələri hazırda cavabdehlə yaşayır. Qızının mübahisəli evdə əziyyəti çox böyükdür. Qızı Xəyalə 26 saylı mənzilə 2020-ci ildə qeydiyyata düşüb. Məhkəməyə təqdim etdiyi şəkillər elə həmin evdə çəkilmişdir. Onu da qeyd edir ki, qızı gəlin gedəndə də Elxanın bacısı ailəli idi. Qızı gəlin gedərkən evi bəzəməyə bacısının yoldaşı sürücü kimi, bacısı və qardaşı qızı getmişdi. Elxanın bacısı evə 2003-cü ildə köçüb. 2003-cü ilin avqustunda isə tərəflərin toyları olub. Əgər qeyd edildiyi kimi ev boş olubsa və Elxanın bacısı 2013-cü ildə ev alıbsa, 2003-cü ildən 2013-cü ilə qədər onun harada yaşaması məlum deyil. Qızı şəkillərdə qucağında uşaqla “kreslo”da oturub və arxalarında “qorka” da vardır. Sözügedən “kreslo” hazırda 26 nömrəli mənzildədir. Elxanın qardaşı da xaricdə olub, heç evdə qeydiyyatda olmayıb. Elxanın qardaşı xaricdə türmədə olub, cinayət törədib və daha sonra Ukraynaya göndərilib. Ukraynada yenidən cinayət törətdiyi üçün ömürlük cəza alıb və elə orada da qalıb. Cavabdeh məhkəməyə guya qızının 26 saylı deyil, 24 saylı mənzildə yaşaması barədə yalan izahatlar verir. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 8.Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil ilkin iddiaçı ilə onun birgə mülkiyyəti deyil. Həmin ev ona ata babasından qalıb. Onu da bildirir ki, iddiaçı ilə ailə quran zaman onlar 24 saylı, yəni bacısının evində yaşamışdırlar. Həmin mənzil 26 saylı mənzil ilə üzbəüz yerləşir. Əslində iddiaçının fikri övladları ilə birlikdə yaşamaq deyil, ondan pul qoparmaqdır. Qeyd edir ki, iddiaçı uşaqları üçün aliment də ödəmir. Onu da bildirir ki, məhkəməyə təqdim edilən şəkillər bacısının evində, yəni 24 saylı mənzildə çəkilmişdir. Şəkillərdəki qadın Xəyalədir, lakin şəkillər 24 saylı mənzildə çəkilmişdir. Hazırda 24 saylı mənzildə bacısının yoldaşının qohumları yaşayır. Bundan başqa iddiaçı 2021-ci ildən 3 ildən çoxdur ki, ona məxsus mənzildə yaşamır, valideynləri ilə birlikdə yaşayır. Onun həmin mənzildən heç bir istifadə hüququ yoxdur. Hətta o mənzildən cehizlərin çıxarılması barədə də iddia qaldırmışdı. Qarşılıqlı iddiaçı qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
9. İlkin iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, o, bir anadır, öz övladlarına yaxın olub onların qayğısına qalmaq istəyir. Ancaq Eİxan onun mənzilə köçməməsi üçün kimlərləsə məsləhətləşərək guya onun 2003-cü ildə gəlin köçərkən onun bacısı-X2 evinə köçdüyünü bildirir. Dilarənin özünün həmin vaxtlar ailəsi olub, iki övladı, əri də var idi ki, hazırda da birlikdə yaşayırlar. Sonralar Dilarə pul əldə etmiş, təxminən 2013-2014-cü illərdə Sumqayıt şəhəri 9-cu mikrorayondan 5 otaqlı ev almış və ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Hazırda Dilarənin yaşadığı 24 saylı otaq illərdir ki, kirayəyə verilib. Əgər o, həmin mənzilə köçmüş olsaydı, elə həmin mənzilə də onu qeydiyyata alardılar. Hətta eşitdiyinə görə Dilarə bundan əlavə 2009-cu ildə 1 otaqlı mənzil almış və onu da kirayəyə vermişdir. Belə bir fikir irəli sürməklə Elxan çaşqınlıq yaradır ki, həm məhkəmənin fikrini, həm də ətrafdakıların fikrini 24-cü mənzilə yönəltsin ki, bununla da onun hüquqlarını pozsun. 18 saylı MİS-də uzun illər 2000-ci ildən bu günə qədər çalışan işçilər var ki, onlar onun neçənci ildən orada yaşamağını təsdiq edə bilirlər. (18 saylı MİS-in müdiri və sahə ustası) Sual olunur ki, o, əgər onun bacısının evinə gəlin köçmüşdürsə, həmin illərdə onun bacısı hansı mənzildə yaşayıb. Belə olan halda o, bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. O, yetərincə həmin illərdə çəkilmiş şəkilləri məhkəməyə təqdim edib. Sadəcə olaraq Elxan onu uşaqlarından tam uzaqlaşdırmaq üçün belə bir addım atmışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Xəyalə onun bacısı qızıdır. O, Xəyalənin 3 günlüyündə və uşağın 1 yaşı olanda Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən 26 saylı mənzildə olub. Xəyalənin baldızının 2 otaqlı üzbəüz evi var idi. Cehiz üçün köməklik lazım olduqda Elxanın bacısı kömək üçün gəlmişdi. Elxanın bacısının 2 uşağı var idi.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Xəyalənin yengəsi olub. Hazırda Elxanı yolda görsə üzdən tanımaz. Onu yalnız toyda görüb. Lakin o, Xəyalənin 3 günlüyündə gəlin getdiyi mənzildə olub. Ev 3 otaqlı ev idi. Evə mebel və servislər aparmışdılar.
12. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
13. İşdə olan çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
14. İşdə olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Dövlət Arxivinin məktubundan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzil xx.xx.1977-ci ildə X8 və onun ailə üzvlərinə ayrılmışdır.
15. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal Sahəsinin 329 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2020-ci ildə ünvan 1 ünvanına qeydiyyata düşüb, hal-hazırda həmin mənzildə yaşamır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 qarşılıqlı iddiaçının anası-X8 və onun ailə üzvlərinə order əsasında ayrılmışdır. X1 Elxan Ağasəlim oğlu ilə xx.xx.2003cü il tarixində nikaha daxil olmuş və həmin tarixdə sözügedən mənzilə köçmüşdür. X9 mənzilə köçərkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, orderli mənzil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012ci il təvəllüdlü X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları ataları Cavabdeh himayəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Hazırda ilkin iddiaçı mübahisəli mənzilə köçürülməsini, qarşılıqlı iddiaçı isə ilkin iddiaçının həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
19. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur.
22. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
23. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
24. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
25. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
26. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında isə göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
28. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.
29. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir.
30. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh əksini iddia etsə də, məhkəmə araşdırması nəticəsində iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşadığı öz təsdiqini tapmışdır.
31. Lakin məhkəmə qeyd edir ki, münasibətlərin yarandığı 2003-cü ildə hazırki iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına istinad edilə bilməz. Belə ki, mübahisəli mənzil 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
32. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir.
33. Hazırki işin halları ilə oxşar olan iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
34. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
35. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin mülkiyyətçinin adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.
36. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarda nümayiş etdirdiyi hüquqi mövqeni hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, hazırki iş üzrə ilkin və qarşılıqlı iddia tələblərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir.
38. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
40. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
41. Məhkəmə hesab edir ki, iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının mübahisəli mənzildən istifadə hüququ olsa da, onunla Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən X.Cəfərovanın mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, ilkin iddiaçı 2003-cü ildə order əsasında qaynanası M.Cəfərovaya məxsus olan mənzilə gəlin köçmüş, orderdə ailə üzvü kimi onun adı qeyd olunmamışdır. Orderdə X.Cəfərovanın ailə üzvü kimi adı olmadığından və həmin vaxt ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığından onun mənzilin özəlləşdirilməsinə razılıq verməsinə zərurət olmamışdır. Mənzil isə 2019-cu ildə cavabdehin adına özəlləşdirilmişdir.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin İddiaçı qarşılıqlı iddiaçıya məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi isə təmin edilməməlidir.
43. Məhkəmə onu da qeyd edir ki, hazırki halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tətbiqinə, yəni keçmiş ailə üzvü olan ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məxsus mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına zərurət yoxdur. Belə ki, işin hallarından görünür ki, ilkin iddiaçı qarşılıqlı iddiaçı ilə ayrıldığı vaxtdan valideynlərinə məxsus mənzildə yaşamaqla mənzil sahəsinə ehtiyacı olan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan şəxslər kateqoriyasına aid deyil.
44. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbinin verilməsi ilə əlaqədar çəkilmiş xərclər tərəflərin özünə aid edilməlidir.
Nəticə hissəsi:
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməsin. İddiaçı Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İlkin İddiaçı qarşılıqlı iddiaçıya məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə (Yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68, M2, m3) istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər.
Hakim Günel Tanrıverdiyeva