Məhkəmə qərarları › İş №e-2(060)-232/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-232/2023

12.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-232/2023 12.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil və digər səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 12 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 24, 5 saylı mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X7 vardır. O ailə qurduqdan sonra 2015-ci ildən Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 24, 5 saylı mənzilə mənzilin icarədarı olmuş mərhum X3 razılığı əsasında köçmüşdür. Bütün cehiz əmlakları da həmin ünvana ailə üzvü kimi yerləşdirilmişdir. 2015-ci ildən cavabdehlərlə birgə təsərrüfat idarə edərək yaşamışdır. Halhazırda qaynanası Əsədullayeva Xatirə ailə münasibətlərinə qarışması nəticəsində ailə münasibətləri pisləşmişdir. Bu səbəbdən cavabdeh tərəfindən yaşadığı bu mənzildən qovulmuşdur. Məcburiyyət qarşısında qalaraq müvəqqəti kirayədə yaşayan bacısının yaşadığı mənzilə sığınmışdır. Lakin, bütün şəxsi əşyaları və əmlakları hal-hazırda həmin mənzildə qalmışdır. Cavabdehin onu yaşadığı evdən qovması nəticəsində azyaşlı övladının və onun mənzil hüquqları pozulmuşdur. Hazırda başqa yaşayış sahəsi olmadığı üçün və cavabdehlə birgə təsərrüfat idarə edərək yaşayış sahəsinə yaşayış hüququ əldə etdiyindən bu mənzilə köçürülmək barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası köhnə redaksiyada Mənzil Məcəlləsinin 54-cü maddəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmə ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mübahisəli mənzil halhazırda dövlət mənzil fondu hesab edildiyindən bu münasibətlərə 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası köhnə redaksiyada Mənzil Məcəlləsinin 54-cü maddəsi tətbiq olunmalıdır. Ona görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2014-cü ildə Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24, 5 saylı mənzilə köçmüşdür. Mübahisəli ev qaynatasına məxsus olmuşdur. O, mənzildən çıxarılana kimi həmin məznildə yaşamışdır. Artıq 5-6 aydır ki, həmin evdə yaşamır. Lakin ona məxsus bütün cehiz əşyaları o mənzildədir, heç nəyi götürməyə icazə vermirlər. Ona görə də məhkəməyə cehiz əşyalarının çıxarılması üçün də müraciət etmişdir. Qeyd edir ki, əgər hazırkı iddiası təmin olunarsa, heç əmlaklının çıxaırlmasına ehtiyac olmaz. Hazırda o, uşağı ilə birlikdə Sabirabad rayonunda yaşayır, yaşadığı evin şəraiti o qədər də yaxşı deyil. Uşağının daha əlverişli şəraitdə yaşaması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehlə rəsmi nikah münasibətindədirlər, rəsmi qaydada boşanmamışdırlar. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini, qanuna uyğun şəkildə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzilə dair cavabdehin anası Xatirə Baxşaliyevanının adına çıxarış alınmışdır. Mənzilə dair mülkiyyət hüququ əldə edildiyi zaman ilk növbədə hansı qanunvericilik normasının tətbiq edilməli olduğu sualı yaranır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarı var. Artıq mənzilə dair sərəncamvermə hüququnun əldə edilməsi mülkiyyətçi və evdə qeydiyyatda olan digər şəxslərin münasibətlərinin dəyişməsinə səbəb olmuşdur. İndiki halda isə cavabdeh düzgün qeyd olunmamış və bu hal gələcəkdə qətnamənin icrasında problem yarada bilər. Azər və anası iddiaçı tərəfindən döyülmüş və bu barədə qonşuların iştirakı ilə akt tərtib olunmuşdur. Bu hal tərəflərin bir yerdə yaşamağının mümkünsüzlüyünü göstərir. Həmçinin iddiaçı cehiz əşyalarının evdən çıxarılması tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və iddiası təmin edilmişdir. Bu səbəbdən cehiz əmlaklarının çıxarıldığı halda iddiaçının həmin mənzilə köçürülməsini istəməsi aydın deyil. Əlavə olaraq onu da bildirir ki, tərəflər faktiki olaraq ayrılmışdırlar. Cavabdeh tərəfindən artıq nikahın pozulması barədə iddia da qaldırılmışdır və iddia Sabirabad rayon məhkəməsinin icraatındadır. Həmin iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh digər səlahiyyətli nümayəndəsi X4 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ərinə xəyanət etmişdir. Bundan sonra ailənin bərpası və onların birlikdə qeyd edilən mənzildə yaşamaqları mümkün deyildir. Bundan başqa onu da döymüşdür. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı 2015-ci ildən 17 iyun 2022-ci il tarixinədək ünvan 2 ünvanında yaşamışdır. İşdə olan 704 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 dövlət mənzil fonduna aiddir. İşdə olan AZ-İV 579541 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüldü X7 adlı yetkinlik yaşına çatmayan bir övladları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24 ünvanında yerləşən 5 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı X2 xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi qəbul olunmuşdur və müraciətə qanunauyğun şəkildə baxılacaqdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qzı Cavabdeh ilə 2014-cü ildə rəsmi dövlət nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikaha daxil olduqdan sonra Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 24, 5 saylı mənzilə köçmüşdür. Birgə nikah münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər fakitiki olaraq ayrılmış və hal-hazırda ayrı yaşayırlar. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 24, 5 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ilk öncə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırda mübahisəli mənzil X1 mülkiyyətində olduğu halda, iddia ərizəsi hazırki tələbə cavab verməli olmayan şəxsə -Cavabdeh qarşı yönəlmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar