Məhkəmə qərarları › İş №e-2(060)-2352/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2352/2025

11.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2352/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatda 07 nömrəli əmək müqaviləsinə əsasən "tur meneceri" vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 085/24 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilat iddiaçını şirkətə "məxsus" olan müştəri bazasından şirkətin müştərilərinə dair məlumatları oğurlamaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədən və guya həmin müştərilərə satdığı biletlərdən əldə etdiyi pulu mənimsəməkdə ittiham etmişdir. Cavabdeh təşkilatın iddiaçını ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin AR Konstitusiyasının təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsirli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün sənədlərdə iddiaçını açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermişdir. İddiaçı özü cavabdeh təşkilata xx.xx.2024-cü il tarixdə könüllü şəkildə işdən çıxma ilə bağlı ərizə ilə müraciət etsə də, iddiaçı sonradan iddiaçıya məlum olmayan səbəblərdən ümumiyyətlə iş yerinə buraxılmamış və bir müddət sənədləşmə işləri də aparılmamışdır. Daha sonra iddiaçı X1 müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçı cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 072/24 nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh təşkilatın iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 085/24 nömrəli nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 01 fevral 2024-cü il tarixli, 08/24 saylı əmrinə əsasən İddiaçı 01 fevral 2024-cü il tarixdən Cavabdeh MMC-yə tam ştat olaraq tur meneceri vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

9. İş materiallarında olan Cavabdeh MMC-nin 01 mart 2024-cü il tarixli, 012/24 saylı “vəzifə dəyişiklikləri barədə” əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən baş aviakassir vəzifəsinə keçirilməsi əmr edilmişdir.

10. İş materiallarında olan Cavabdeh MMC-nin 01 noyabr 2024-cü il tarixli, 072/24 saylı “işçinin işdən kənar edilməsi barədə” əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsini rəhbər tutularaq xx.xx.2024-cü il tarixindən müəssisəyə külli miqdarda ziyan vurulmasına görə məsələnin tam araşdırılması səbəbi ilə araşdırma yekunlaşana qədər kənar edilməsi, işdən kənar edildiyi dövr ərzində əmək haqqının hesablanmaması əmr edilmişdir.

11. İş materiallarında olan Cavabdeh MMC-nin 11 dekabr 2024-cü il tarixli, 085/24 saylı “əmək funksiyasını yerinə yetirməyən işçinin əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, Cavabdeh MMC-nin Baş aviakassir vəzifəsini icra edən İddiaçı Cəmiyyətin daxili nizamintizam qaydalarını pozmuş, oğurluq hadisəsi törədərək Cəmiyyətin maddi maraqlarına külli miqdarda ziyan vurduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış 01 fevral 2024-cü il tarixli əmək müqaviləsinin 11 dekabr 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Mühasibatlıq şöbəsinə işçinin Cəmiyyətə vurduğu 40.000 manat məbləğində maddi zərərin bir qisminin qarşılanması məqsədi ilə işçiyə son haqq-hesabın ödənilməməsi təmin etsin.

12. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Rövşən Abdullayev, Şirkətdə İdarəetmə rəhbəri vəzifəsində işləyən Tamerlan Cəfərov, aparıcı mühasib Zərnitac Əhmədova və şirkətdə tur menecer vəzifəsində işləyən Mədinə Məlikova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1 saylı aktın surətindən görünür ki, Cavabdeh MMC-də baş aviakassir vəzifəsində işləyən İddiaçı 01 noyabr 2024-cü il tarixdə Şirkətin Sumqayıt şəhəri, "Sülh Plaza" ticarət mərkəzində yerləşən ofisinə iş vaxtı saat 10:00-da başlanmasına baxmayaraq, saat 09:00-da gələrək ofisə aid kompüterə daxil olaraq oradakı 11000-lik (on bir min) müştəri bazasını, digər Şirkətə aid sənəd və materialları silmişdir. Hal şahidi X2 Qədirlinin törətdiyi əmələ şəxsən şahid olmuşdur. İddiaçı onunla bağlanmış əmək müqaviləsində və vəzifə təlimatında göstərilə qaydaları kobud surətdə pozaraq Şirkətin müştəri bazasını, sənəd və materialları silərək Şirkətə 50000-60000 manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən İddiaçı ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/2-00081 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdən İddiaçı Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmış və işəgötürənin 11 dekabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

17. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

18. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.

19. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

20. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

21. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

22. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

23. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

27. Həmin maddənin “c” bəndində işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçinin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində işçinin qəsd və ya ehtiyatsızlıq formasında əmək vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi başa düşülür.

28. Əvvəllər qüvvədə olan əmək qanunvericiliyi ilə müqayisədə bu normanın məzmunu genişləndirilmişdir. Belə ki, hazırda işçi ilə əmək müqaviləsinə təkcə əmlak oğurluğuna görə deyil (həmçinin xırda oğurluğa), həm də qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya inzibati tənbeh tətbiq etməyə səlahiyyətli olan orqanın qərarı ilə müəyyən edildiyi halda əmlakın israf edilməsinə qəsdən məhv edilməsinə və ya zədələnməsinə görə də xitam verilə bilər.

29. Göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut edildiyi və ya onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edildiyi halda yol verilir. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı oğurlanmış əmlakın sayı (çəkisi, həcmi), dəyəri, əhəmiyyəti və s. hallar nəzərə alınır. Məhz bu hallar mülkiyyətçiyə maddi ziyanın vurulduğunu göstərir.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan Cavabdeh MMCnin 11 dekabr 2024-cü il tarixli, 085/24 saylı əmrində İddiaçı tərəfindən yol verilmiş «əmək funksiyasının kobud şəkildə pozulması halları»nın konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin pozuntuların işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımi qaydada əsaslandırılmamış, qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərilməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

31. Belə ki, iddiaçının həqiqətən də əmək vəzifələrinin kobud şəkildə pozması faktı ilə əlaqədar şirkət tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd cavabdeh şirkətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır.

32. Bununla əlaqədar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli akt təqdim edilmişdir ki, məhkəmə həmin aktı da iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozması faktının təsdiq edilməsi üçün kifayət hesab etmir.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

34. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – Cavabdeh MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

36. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə (əmrlər, aktlar və s.) hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar iş üzrə obyektiv həqiqəti əks etdirmir və yalnız İddiaçı qərəzli olaraq işdən kənarlaşdırmaq məqsədi ilə verilmişdir.

37. Belə ki, işdən çıxarılma əmrində qeyd olunanlarla bağlı məhkəmə tərəfindən cavabdeh şirkətin nümayəndəsinə iddiaçının külli miqdarda ziyan vurması ilə əlaqədar Şirkətin hüquq mühafizə orqanlarına müraciət edib-etməməsi barədə müvafiq sübutların təqdim olunması təklif olunsa da, cavabdeh tərəfindən bu cür sübutlar təqdim olunmamışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh şirkətin 11 dekabr 2024-cü il tarixli, 085/24 saylı əmri əsassız və qərəzli olduğuna görə ləğv olunmalıdır.

39. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-nin 11 dekabr 2024-cü il tarixli, 085/24 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsi üzrə işə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin 11 dekabr 2024-cü il tarixli, 085/24 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsi üzrə işə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar