Məhkəmə qərarları › İş №e-2(060)-2364/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2364/2025

04.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2364/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması,daşınmaz əmlakın icarə müqavilələrinin etibarsız sayılması, mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması,daşınmaz əmlakın icarə müqavilələrinin etibarsız sayılması,mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin Stansiya Sumqayıt yaşayış massivi,”Dəmiryol yük həyəti” adlanan ərazisində, yeni qaydalara əsasən Sumqayıt şəhəri,Çuxuryurd küçəsi,qiriş 26 ünvanında yerləşən sahəsi 19810,0 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən götürülərək Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 8524 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi,qeyd edilən ünvanda yerləşən 1104,50 kvadrat metr qeyri-yaşayış binası üzərində Cavabdeh3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi,həmin qeyriyaşayış binası mülkiyyət hüququna dair Cavabdeh3 adına verilmiş reyestr çıxarışının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin Stansiya Sumqayıt yaşayış massivi,”Dəmiryol yük həyəti” adlanan ərazidə,yeni qaydalara əsasən Sumqayıt şəhəri,Çuxuryurd küçəsi,qiriş 26 ünvanında yerləşən sahəsi 19810,0 kvadrat metr olan torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra “Əmlak Məsələləri Dövlət Xidməti” adlandırılacaq) tərəfindən hazırlanmış və 2019-cu ildə Dövlət reyestrinə daxil edilmiş elektron baza məlumatlarına və xəritə materiallarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyyəti olaraq qeydiyyatdan keçmişdir. Lakin bir müddət əvvəl məlum olmuşdur ki,həmin torpaq sahəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ilə digər Cavabdeh3 arasında bağlanmış torpaq icarə müqaviləsi əsasında dövlət torpağı kimi sonuncunun icarəsinə verilmişdir. Bununla bağlı tərəflərindən Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ünvanlanmış və cavadbehin sorğularına verdiyi 7 oktyabr 2024-cü il tarixli,3- 21-3/2-17369/2024 saylı məktubunda yuxarıda qeyd edilən hal öz təsdiqini tapmışdır.Belə ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin sözügedən məktubunda mübahisəli 19810,0 kvadrat metr torpaq sahəsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli,130 nömrəli məktubuna əsasən torpaq sahəsinin yerquruluşu planının hazırlandığı və həmin torpaq sahəsinə dair X4 ilə xx.xx.2022-ci il tarixli,1313 nömrəli icarə müqaviləsinin bağlanıldığı,qeyd edilən ünvanda yerləşən 1104,50 kvadrat metr qeyriyaşayış binasına dair X2 mülkiyyət hüququnun xx.xx.2024-cü il tarixli,********** nömrəli çıxarışla qeydə alındığı və notarial qaydada Cavabdeh3 keçdiyi,təqdim edilmiş hüquqmüəyyənedici sənədlər nəzərə alınaraq mübahisəli 19810,0 kvadrat metr torpaq sahəsinə dair Cavabdeh3 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2024-cü il tarixli,8524 nömrəli icarə müqaviləsinin bağlanıldığı bildirilmişdir.Halbuki, mübahisələndirilən torpaq sahəsi torpaq islahatı zamanı bələdiyyə mülkiyyətinə aid edilmişdir.Adı çəkilən ərazidə yerləşən torpaqlar da daxil olmaqla Sumqayıt şəhəri ərazisində bələdiyyə torpaqları “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol,eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.Eyni zamanda mübahisəli torpaq sahəsiƏmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş mövcud elektron xəritə materiallarına,o cümlədən 2019-cu ildə hazırlanmış Sumqayıt Bələdiyyəsinin xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara aid edilmişdir.Məlum olduğu kimi,bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir.Lakin hazırki vəziyyətdə görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindənqanunsuz olaraq icarə müqaviləsi bağlanılmaqla sərəncam verilmişdir.Hesab edirlər ki, bununla da Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aşkar şəkildə pozulmuşdur.Belə ki,müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir.Bu səbəbdən mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu halda həmin torpaq sahəsinə dair cavabdehlərin aralarında icarə müqaviləsi bağlaması qanunsuz və əsassız olmuşdur.Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir.Tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada nizama salınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş müraciətləri öz müsbət nəticəsini verməmişdir.Göründüyü kimi,Əmlak Məsələləri Dövlət Xidmətinin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəsmilərinin qanunsuz hərəkətləri nəticəsində etibarsız sayılmalı olan sənədlər əsasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi başqa şəxslərin adlarına icarə hüququ ilə rəsmiləşdirilmişdir.Bu səbəbdən Sumqayıt Bələdiyyəsi mübahisəli torpaq sahəsi ilə bağlı yuxarıda sadalanan sənədlərin mötəbərliyini mübahisələndirməyi və məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri saymışdır. Göründüyü kimi,cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə qeydə alınması bələdiyyənin mülkiyyət hüququnu pozmaqla yanaşı,müvafiq qanunvericilik aktlarının tələbləri ilə də aşkar şəkildə ziddiyyət təşkil etmişdir.Bu səbəbdən adı çəkilən torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına mülkiyyət hüququ ilə qeydə alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, göstərilən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ bərpa edilməlidir. İddiaçı qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəməyə vəsatət verərək hazırkı işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi ona və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması, daşınmaz əmlakın icarə müqavilələrinin etibarsız sayılması, mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhərinin, Stansiya Sumqayıt yaşayış massivi, ”Dəmiryol yük həyəti” adlanan ərazisində, yeni qaydalara əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 19810,0 kvadrat metr olan torpaq sahəsinin onun qeyri qanuni sahibliyindən götürülərək Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aramda bağlanılmış xx.xx.2024-cü il tarixli, 8524 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən ünvanda yerləşən 1104,50 kvadrat metr qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış binası mülkiyyət hüququna dair onun adına verilmiş reyestr çıxarışının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olmaqla yanaşı hazırkı iddia tələbi məhkəmə aidiyyat qaydaları pozulmaqla Sumqayıt şəhər Məhkəməsinə verilmişdir. İddia ərizəsindən, o cümlədən işdə olan iş materiallarından görünür ki, hazırkı iddia məhz onun cavabdeh qismində fiziki şəxs olaraq göstərilməsi əsası ilə Sumqayıt şəhər Məhkəməsinə verilmişdir. Qeyd edir ki, o, qanunverciliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərir. (VÖEN: **********) Məhkəmə aidiyyatını tənzimləyən Az.Res.MPM-nin 24.1-24.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyatını ehtiva edən həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Nəzərə alınması zəruridir ki, Az.Res. MPM-nin 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəısi Bələdiyyəyə məxsusdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin hansı məqsədlə istifadə edilməsi barədə məlumatları yoxdur. Bundan başqa işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göəndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə verir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 bildirdi ki, işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göəndərilməsinə zərurət yoxdur. Vəsatətin həllini məkəmənin mülahizəsinə verir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada(sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, hazırki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 8524 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 19810 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə haqqı ödəməklə icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarına əsasən Cavabdeh3 vergi ödəyicisi kimi qeydiyyatdadır və ********** saylı VÖEN-ə sahibdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə fərdi sahibkar olan cavabdehin sahibkarlıq məqsədilə istifadə etdiyi qeyri-yaşayış binasının altında olan torpaq sahəsi və onunla əlaqədar bağlanmış icarə müqaviləsi ilə əlaqədar yarandığından iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması,daşınmaz əmlakın icarə müqavilələrinin etibarsız sayılması,mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 32-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər (32.2). Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (32.4). Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (32.4). Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir (32.7). Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması,daşınmaz əmlakın icarə müqavilələrinin etibarsız sayılması,mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar