Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2367/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-Vəkil, Cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) sağlamlığa vurulmuş zərərə görə ödənclərin verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçıya ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırmasının qanunsuz sayılması,istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi, 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi,ilkin mediasiya sessiasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə keçmiş Azərbaycan Boru Prokatı Zavodunda metal kəsici peşəsi üzrə işlədiyi dövrdə (hal-haızrda Azərbaycan Boruyayma Zavodu adlandırılır) müdiriyyətin razılığı əsasında Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6 yanında Müəssisədənkənar mühafizə şöbəsində(hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsi adlandırılır) əlavə işçi olaraq işə qəbul olunmuş,atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Həmin xəsarətlər hal-hazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%-ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsi tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək,yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir.Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi iddiaçının 1982ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından,qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə iddiaçıya ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində iddiaçıya edilməli olan ödənişin müddətinin guya 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki,iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativ-hüquqi akt əsasında həyata keçirilirdi. Göründüyü kimi, iddiaçıya ödənilən aylıq ödənişlərin kəsilməsi üçün hər hansı hüquqi əsaslar yoxdur və həmin ödənişlər davamlı olaraq həyata keçirilməlidir. Bu səbəbdən hesab edir ki,cavabdehin iddiaçının müraciətinə verdiyi imtinada əsaslandığı halların hər hansı hüquqi əsası yoxdur və 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağı ilə əlaqədar olaraq əmək qabiliyyətini itiriməyinə görə cavabdeh tərəfindən aylıq ödənişlərin iddiaçıya ödənilməsinin bərpa olunması və bugünədək iddiaçıya verilməmiş ödənişlər üzrə yaranmış borcun birdəfəlik olaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əmək qabiliyyətini itiriməyinə görə cavabdeh tərəfindən iddiaçıya verilən aylıq ödənişlərin miqdarı da düzgün hesablanmamış və qanunvericliklə müəyyən olunandan az miqdarda iddiaçıya ödənişlər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Lakin bu normanın ziddinə olaraq 01 iyul 2019-cu il tarixədək cavabdehin iddiaçıya ödədiyi aylıq ödənişlərin miqdarı 140 manat təşkil etmişdir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir, belə olan halda 01 iyul 2019-cu il tarixdən sonra iddiaçıya ödənilməli olan aylıq ödənişlərin miqdarı sözügedən qərarın 3.5-ci bəndinə əsasən minimum əmək haqqının 80 faizindən, yəni 200 manatdan aşağı olmamalı idi. Halhazırda isə ölkə üzrə minimum əmək haqqının miqdarı 300 manat müəyyən edildiyindən, ödənilməli olan aylıq ödənclərin miqdarı 240 manatdan aşağı olmamalıdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan aylıq ödənişlərin ödənilməsi qanunsuz olaraq dayandırıldığından, iddiaçı sözügedən problemin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş,lakin məhkəmə iddia tələbinin mülki xarakterli olduğunu əsas gətirərək iddianı mümkün saymayaraq mülki məhkəmə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Bu səbəbdən sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququmu müdafiə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı Müzəffərov Teyyub Qafar oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-Vəkil iddia tələbini müdafiə etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı Müzəffərov Teyyub Qafar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 1981-ci ildən Sumqayıt şəhər Mühafizə İdarəsində (əvvəlki adı: Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6 yanında Müəssisəədnkənar Mühafizə Şöbəsi) əlavə işçi kimi işə qəbul edilmiş, atıcı kimi 6 №-li komandaya daxil olunmuş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabr ayının altısından yeddisinə keçən gecə işdə olarkən (iş zamanı) ağır bədən xəsarəti almış, əmək qabiliyyətinin 80 %-ni itirmiş, 2-ci qrup əlil olmuşdur. İşdə bədbəxt hadisənin baş verməsi ilə bağlı sənədləşmənin sonunda Azərbaycan Sovet Sosialist Respublikası adından Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixdə, 3/2-2 saylı iş üzrə çıxardığı qətnamədə iddiaçının əsas iş yeri üzrə əmək haqqının 319 manat, 69 qəpik təşkil etməsi, əmək qabiliyyətinin itirdiyi 80 %-i 255 manat 91 qəpik təşkil etməsi və bundan 120 manat pensiya alması, qalan 135 manat 91 qəpik fərqi cavabdehdən tələb etməsi, 20 % itirilməmiş məbləğin 63 manat 98 qəpik təşkil etməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıya cavabdehlər Sumqayıt Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən müştərək müştərək qaydada birdəfəlik olaraq 10 yanvar 1983-cü ildən 10 may 1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin X6 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən 1087 manat 28 qəpik alınaraq iddiaçıya verilməsi cavabdehlərə öhdəlik kimi qoyulmuşdur.Ona görə də 10 may 1984-cü ildən 10 yanvar 1985-ci il tarixə kimi hər iki qurum tərəfindən ayrı-ayrılıqda 67 manat 95 qəpik Müzəffərov Teyyub Qafar oğlunun xeyrinə ödənilməsi qətnamədə öz əksini tapmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən İddiaçı 10 yanvar 1985-ci il tarixə kimi 67 manat 95 qəpik müavinət ödənilməsi öhdəlik kimi göstərilmişdir, ona 2019cu ilin sonlarına kimi ödəniş olunmuşdur. Bundan əlavə tibbi komissiyanın sonuncu rəyinin nə vaxt alınması qətnamədə aydın deyildir. Daha sonra 1984-cü ilin qətnaməsində Sumqayıt Xovlu İplik fabriki İddiaçı əsas iş yeri kimi göstərilmiş, əsas iş yerinin nərdivanından yıxılan iş yoldaşı Fətəliyev onun üstünə yıxılmış və o, xəsarət almışdır.Əmək intizamının pozulması Fətəliyevin iş ayaqqabılarını geyməməsi və icazəsiz aşağı mərtəbəyə düşməsi də göstərilmişdir. Mövcud Qanuna əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüququ əldə etmişdir. Bundan əlavə İddiaçı əsas iş yerində, Sumqayıt Xovlu İplik Fabrikində xəsarət almışdır. Hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və ona görə rədd edilməlidir. İddiaçı Müzəffərov Teyyub Qafar oğlunun iddiasının mümkün sayılmaması və Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinə qarşı «aldığı xəsarətə görə xx.xx.2019-cu il ər hal-hazıra kimi ödənilməyən müavinətlərin ödənilməsinin Baş Mühafizə İdarəsinin üzərinə qoyulması tələbinə dair» müraciətinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 bildirmişdir ki, istehsalatda bədbəxt hadisə baş verdiyi müddətdən bugünkü günədək ödənişləri ödəyirlər və ödəməyə davam edəcəklər. Hesab edirlər ki, həmin vəsait ödənilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X5 bildirdi ki, iddia tələbi əsaslıdır. İddia tələbində göstərilən ödəncləri iddiaçı xəsarət aldığı zaman işlədiyi təşkilat yəni hazırki halda Sumqayıt şəhər Mühafizə İdarəsi ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi İZ aktında (AKT № 14/4) görünür ki, istehsalatda bədbəxt hadisə baş verərkən iddiaçı Müzəffərov Teyyub Qafar oğlu Sumqayıt şəhər Mühafizə Şöbəsinin əməkdaşı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməlidir. Hətta bir məqamı da əlavə olaraq qeyd etdi ki, iddiaçı qanunvericiliyin normalarına görə müvafiq vəzifədə işləyən işçinin əmək haqqısına mütənasib ödənc istəyə bilər, lakin hazırki halda iddiaçı minimum əmək haqqına mütənasib ödənc istəyir. Odur ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 14/4 saylı, xx.xx.1982-ci il tarixli, Forma H-İ aktından görünür ki, 1982-ci ilin sentyabr ayının 7-də, gecə saat 03:00 radələrində bədbəxt hadisə baş vermişdir. Hadisə nəticəsində Sumqayıt şəhər Mühafizə Şöbəsinin əməkdaşı Müzəffərov Teyyub Qafar oğlu xəsarət almışdır. Bu barədə akt tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK tərəfindən verilmiş arayışdan görünür ki, Müzəffərov Teyyub Qafar oğluna istehsalat xətası nəticəsində 2-ci dərəcə əlillik qrupu müddətsiz olaraq verilmişdir. - Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 146 saylı, 13 yanvar 1986-cı il tarixli arayışdan görünür ki, Müzəffərov Teyyub Qafar oğlu əmək xəsarəti almışdır. - Sumqayıt şəhər Xalq Məhkəməsinin 14 may 1984-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada birdəfəlik olaraq xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni, Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik və müəssisədən kənar mühafizə şöbəsindən 1087 manat manat 28 qəpik lınıb iddiaçı Müzəffərov teyyub Qafar oğluna verilməsi, cavabdehlər Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada hər ay 1984-cü ilin may ayının 10-dan 1985-ci ilin yanvar ayının 10-na kimi Sumqayıt Xovlu İplik fabrikindən 67 manat 95 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 67 manat 95 qəpik alınıb Müzəffərov teyyb Qafar oğluna verilməsi (fərq 185 manat, 91 qəpikdir), Cavabdeh Sumqayıt Xovlu İplik fabrikindən 90 manat 80 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 90 manat 80 qəpik dövlət nəfinə rüsum alınması qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 22 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Müzəffərov Teyyub Qafar oğlu DSMF Sumqayıt Şəhər Şöbəsində 2-ci qrup əlil olaraq xx.xx.1989-cu il tarixindən ömürlük əmək pensiyası alır. - MŞB/6-1055 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Müzəffərov teyyub Qafar oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Sumqayılt Xovlu İplik Fabrikinin xx.xx.1997-ci il tarixli, 30 saylı arayışından görünür ki, Müzəffərov Teyyub Qafar oğlu əmək vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. - Sumqayıt Xovlu İplik Fabrikinin xx.xx.1996-cı il tarixli, 207 saylı əmrindən görünür ki, fabrikin mühasibatlığı Müzəffərov Teyyub Qafar oğluna dəymiş ziyanı ödəmişdir. -İddiaçı tərəfindən təqdim edilmiş “Xalq Bank” Sumqayıt Filialının AZ81HAJCFCRAZN**********1001 saylı hesabdan çıxarışdan görünür ki, sonuncu dəfə 2019-cu ilin avqust ayının 14-də iddiaçının kart hesabına 140,03 manat mədaxil edilmişdir. Bundan sonra həmin kart hesabına hər hansı vəsait mədaxil edilməmişdir. - Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Sumqayıt şəhər Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, 257/168-M-17 saylı imtinasından görünür ki, iddiaçı Müzəffərov teyyub Qafar oğluna ödənişlərin edilməsi cavabdeh təşkilat tərəfindən dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki,zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən 3.3.-3.5. bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerlərdə aldığı əmək haqqı hesablanıb ödənilir. Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Müzəffərov Teyyub Qafar oğlu 1981-ci ildə keçmiş Azərbaycan Boru Prokatı Zavodunda metal kəsici peşəsi üzrə işlədiyi dövrdə (hal-haızrda Azərbaycan Boruyayma Zavodu adlandırılır) müdiriyyətin razılığı əsasında Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6 yanında Müəssisədənkənar mühafizə şöbəsində(hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsi) əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Həmin xəsarətlər halhazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%-ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsi tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək,yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir.Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X6nin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi iddiaçının 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından,qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Lakin 2019-cu ilin avqust ayından Sumqayıt şəhər Mühafizə İdarəsi sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Həmin dayandırma müvafiq normativ aktlara ziddir. Ona görə də məhkəmə hesab edir ki, ödənişlərin ödənilməsi davam etməlidir. Məhkəmə, iddianın 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi hissəsinə münasibətdə araşdıraraq qeyd edir ki, iş materiallarında olan şəxsi hesabdan çıxarışa və iddiaçının sonradan bildirdiyinə əsasən 2019-cu ilin iyul ayında cavabdeh tərəfindən iddiaçıya ödəniş edilmişdir. 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 180 manat təşkil etmiş, ödənilməli məbləğ 80 % olduğu üçün 180 manatın 80 %-i 144 manat təşkil etməlidir. 2019-cu ilin avqust ayı üçün cavabdeh 144 manatı ödəməmişdir. Sonrakı 28 ay isə, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla Azərbaycan Respublikası ərazisində minimum əmək haqqı 250 manat təşkil etmişdir. Ödənilməli məbləğ 80 % olduğu üçün 250 manatın 80 %-i 200 manat təşkil etməlidir. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. (Belə ki: iyul ayı ödənilmiş, 2019-cu ilin avqust ayı üçün 144 manat+ sonrakı 28 ay, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla 200 manat (28x200=5600)=5744 manat). Məhkəmə iddianın istehsalat qəzası nəticəsində iddiaçının əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 300 manat təşkil edir. Ödənilməli məbləğ 300 manatın 80 %-i olduğu üçün, 300 manatın 80 %-i 240 manat olduğu üçün tələb əsaslıdır. Ona görə də hər ay 240 manat məbləğində ödənclərin ödənilməsi davam etməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzinin cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələrdə dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçı Müzəffərov Teyyub Qafar oğluna ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırması qanunsuz hesab edilsin. İstehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçı Müzəffərov Teyyub Qafar oğluna 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclər hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən ödənilsin. 01 avqust 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı daxil olmaqla ödənilməmiş 5744 (beş min yeddi yüz qırx dörd) manat birdəfəlik ödəniş şəklində cavabdehdən alınaraq iddiaçı Müzəffərov Teyyub Qafar oğluna ödənilsin. İlkin mediasiya sessiasının keçirilməsi ilə bağlı iddiaçı Müzəffərov Teyyub Qafar oğlu tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2367/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2367/2022
21.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver