Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-240/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 (on min) manat məbləğində dəbbə pulu, 150 (bir yüz əlli) manat məbləğində hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 03 fevral 2022-ci il tarixli müqaviləyə və 01 mart 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqaviləyə əsasən o, cavabdehi ona məxsus olan gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi və cavabdehi müxtəlif sosial şəbəklər vasitəsi ilə reklam etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə öz növbəsində bunun müqabilində onunla əmək müqaviləsi bağlayaraq 4 (dörd) il müddətində yalnız ona məxsus olan gözəllik salonunda işləməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh 25 may 2023-cü il tarixindən müqavilə üzrə götürdüyü öhdəliyi pozaraq heç bir xəbərdarlıq etmədən başqa bir gözəllik salonunda işləməyə başlamışdır. Bununla da cavabdeh aralarında bağlanmış 03 fevral 2022-ci il tarixli müqavilə və 01 mart 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilənin tələblərini və öhdəliklərini kobud şəkildə pozmuşdur. 03 fevral 2022-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməzsə və ya müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə xitam vermək istəyərsə 10000 (on min) manat məbləğində dəbbə pulu ödəməlidir. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu hələ də ödəməmişdir və ödəməkdən imtina edir. Hesab edir ki, cavabdeh qeyd edilən hərəkətləri ilə 03 fevral 2022-ci il tarixli müqavilə və 01 mart 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilə üzrə götürdüyü öhdəliklərini və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanıb, həmin müqaviləyə xx.xx.2023-cü ildə isə düzəliş olunub. Müqaviləyə əsasən iddiaçı cavabdehi sosial şəbəkədə reklam etməyi öhdəsinə götürmüşdür. Qarşılığında isə cavabdeh başqa yerdə işləməmək öhdəliyi götürmüşdür. Lakin cavabdeh 25 may 2023-cü il tarixdən iddiaçı ilə əlaqəsini kəsmiş və iddiaçıya heç bir məlumat vermədən başqa salonda işə başlamışdır. Bu hal müqavilənin şərtlərinin pozulmasıdır. Müqavilə şərtlərinə əsasən cavabdeh həm də hər il 3600 manat məbləğində reklam etməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı cavabdehi sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində reklam da etmişdir. Daha sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməli oldular, çünki cavabdeh iş gəlmirdi və ona əmək haqqı verilmirdi, bu da gələcəkdə iddiaçı üçün problem yarada bilərdi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə riayət edilməklə icra olunub. Belə ki, cavabdehə əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Tərəflər arasında başqa mübahisə də mövcuddur. Bu isə borc tələbi ilə bağlıdır. Onu da qeyd edir ki, cavabdeh başqa bir gözəllik salonu açıb, əmək müqaviləsi bağlamadan orada çalışır. Bu barədə Əmək Müfəttişliyinə məlumat vermək istəsələr də, daha sonra onun fəaliyyətinə mane olmaq da istəməyiblər. Hesab edir ki, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliyini pozduğundan müqavilədə nəzərdə tutulan dəbbə pulunu ödəməlidir. Cavabdehin məhkəmə iclasında bildirdikləri ilə həqiqətə uyğun deyil. Belə ki, cavabdehin dediyi kimi problemlər var idisə, o bu barədə müvafiq qurumlara müraciət edə bilərdi. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə heç bir sübut da təqdim edilməmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o həmin iş yerində işləmək istəməmişdir. Sonradan məcburi olaraq razılaşmışdır. Lap əvvəllər də iddiaçı ilə aralarında problem olmuşdur. Onu salona çağıranda digər salona 10 min manat ödəniş etmişdirlər. Müqavilədə belə bir şərt olduğundan xəbəri olmuşdur. Dəfələrlə işdən çıxmaq istədiyini rəhbərliyə bildirmişdir. Bu barədə onda yazışmalar da var. Lakin bu zaman ona 10000 manat pulu ödəməli olduğunu bildiriblər. İşdən çıxmaq istəməsi isə gündəlik qazancının çox az olması ilə bağlı olmuşdur. Əlavə olaraq bildirir ki, hazırda müalicə alır, heç bir yerdə işləmir. Belə ki, o, Qarabağ qazisidir, çoxlu problemləri var. Əvvəllər də müalicə almışdır. Bundan başqa o salonda işləyərək iddiaçıya təxminən 25 min manat məbləğində qazanc vermişdir. Hazırda isə ondan dəbbə pulu istəyirlər. İşdən çıxanda qarşı tərəfə məlumat verməmişdir. Lakin əvvəlcədən işləyə bilmədiyini dəfələrlə demişdir. Toy ərəfəsində olduğu, pula ehtiyacı olduğu üçün müqavilənin müddətini uzatmışdır. Belə ki, rəhbərlikdən toyu ilə əlaqədar borc istəmişdir. “Performance Center”-də aralarında 2000 manatlıq borc müqaviləsi bağlanmışdır. Həmin məbləğ ona verilmişdir, lakin borcunu hələ ki qaytarmamışdır. Sözügedən borc məbləği ilə bağlı da hazırda məhkəmə mübahisəsi gedir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, hazırkı müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, “ikinci tərəf” (Cavabdeh) “Birinci tərəf”lə (İddiaçı) əmək müqaviləsi bağlayacaq, xx.xx.2022-ci il tarixli, 3m-47 saylı icarə müqaviləsi əsasındə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən X1 gözəllik salonunda (bundan sonra gözəllik salonu) işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi və “ikinci tərəf’i müxtəlif soşial şəbəkələr vasitəsi ilə reklam etməyi öhdəsinə götürür. Hazırkı müqaviləyə əsasən “ikinci tərəf” isə “Birinci tərəf”in hazırkı müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş öhdəlikləri icra etməsinin müqabilində hazırkı müqavilə bağlandığı gündən 2 (iki) il müddətində “Birinci tərəf”ə məxsus olan gözəllik salonundan başqa heç bir yerdə işləməməyi öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən “ikinci tərəf” hazırkı müqavilə üzrə öhdəliklərini icra etməzsə və ya müqaviləyə birtərəfli qaydada xitam verərsə, “Birinci tərəf” 10000 manat məbləğində dəbbə pulu ödəməlidir. Həmin Müqavilənin 5.2-ci maddəsinə əsasən “ikinci tərəf” hazırkı müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə xitam vermək istəyərsə bu zaman “ikinci tərəf” “Birinci tərəf”ə 10000 manat məbləğində dəbbə pulu ödəməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, hazırkı müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, "Birinci tərəf" ''lkinci tərəf"lə əmək müqaviləsi bağlayaraq, xx.xx.2022-ci il tarix-li, 3M-47 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən X2 gözəllik salonunda (bundan sonra gözəllik salonu) işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi və müxtəlif sosial şəbəkələr vasitəsi ilə X2 gözəllik salonunu, "İkinci tərəf'i ümumilikdə hər il üçün 3600 (üç min altı yüz) manat dəyərində reklam etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsi aşağıdakı məzmunda verilsin: Hazırkı müqaviləyə əsasən "İkinci tərəf' isə "Birinci tərəf'in hazırkı müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş öhdəlikləri icra etməsinin müqabilində hazırkı müqavilə bağlandığı gündən 4 (dörd) il (yəni, 03 fevral 2026-cı ilə qədər) müddətində "Birinci tərəf”ə məxsus olan gözəllik salonundan başqa heç bir yerdə işləməməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan əmək müqaviləsinə xx.xx.2023cü il tarixli əmr ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Məhkəmə hesab edir ki, mülki hüquq subyektləri müqavilə azadlığı prinsipindən irəli gələrək müqavilə bağlamaqda müstəqil olsalar da, tərəflər arasında bağlanmış müqavilənin şərtləri qanunvericiliyin tələblərinə zidd ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən isə hər kəsin əmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsindən öncə mülki hüquqi müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehi işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi və müxtəlif soşial şəbəkələr vasitəsi ilə reklam etməyi, cavabdeh isə bunun müqabilində müqavilə bağlandığı gündən 2 il (daha sonra 4 il) müddətində iddiaçıya məxsus olan gözəllik salonundan başqa heç bir yerdə işləməməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə cavabdehin bu öhdəliyini (başqa yerdə işləməmək) pozduğu təqdirdə 10000 manat dəbbə pulu ödəməli olması nəzərdə tutulmuşdur. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsınə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə hesab edir ki, işçinin əmək münasibətlərinə girmək hüququ olduğu kimi, əmək münasibətlərinə xitam vermək hüququ da vardır. Şəxsin bu hüquqdan hər hansı cəza, hazırki halda yüksək məbləğdə cərimə ödənilməsi cəzası ilə müəyyən müddətə məhrum edilməsi son nəticədə şəxsin məcburi əməyə cəlb edilməsinə gətirib çıxara bilər. Belə ki, əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə isə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyünü ifadə edir. Məhkəmə hesab edir ki, bu könüllülük işçinin əmək münasibətlərinə xitam vermək istədiyi hallarda da qüvvədə olmaqla, heç bir işçi əmək münasibətlərini davam etdirməyə məcbur edilə bilməz. Bunun əksinin qəbul edilməsi isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli və 01 mart 2023-cü il tarixli müqavilələrin cavabdehin başqa yerdə işləməmək barədə öhdəlik götürməsi, bu öhdəliyini pozduğu təqdirdə isə 10000 manat cərimə ödəməli olması barədə müddəaları qanunvericiliyin tələblərinə zidd olmaqla etibarsızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərclər də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-240/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-240/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver