Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-243/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 10288.73 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin yarı hissəsinin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixinə qədər İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmişdir. Cavabdeh İddiaçı MMC-də çalışdığı müddət ərzində müəssisə ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pulu satış nöqtələrindən toplasa da, həmin məbləğin 10288.73 manat hissəsini müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da cavabdehin müəssisəyə ümumilikdə 10288.73 manat borcu yaranmışdır. Cavabdeh vurduğu 10288.73 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, ziyan 12005.84 manat olmuş, sonradan cavabdeh ödəniş etmiş və hazırda onun borclu qaldığı məbləğ 10.288.73 manatdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı olan iddiasının əsassız olduğunu bildirdi. O, eyni zamanda qeyd etdi ki, iddiaçı təşkilat ondan əsassız olaraq pul tələb edir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi aktın 20-ci bəndində “kənarlaşma əskik” qrafasında 7250 manat kəsr qeyd olunmuşdur. Həmin qeyd iddiaçı tərəfindən sonradan akta əlavə edilmişdir. Yəni onun həmin kəsrlə heç bir əlaqəsi olmamışdır və dolayısı ilə də onun iddiaçıya 7250 manat məbləğində borcu yoxdur. Bunu sübut edən məhkəməyə təqdim etdiyi aktdır. Hansı ki, həmin aktda “kənarlaşma əskik” qrafasında heç bir qeyd göstərilməmişdir. Ərizəyə əlavə etdiyi aktı, həmin sənəd ona təqdim edilərkən telefon vasitəsilə şəklini çəkmişdir. Sonradan iddiaçı onun hesabına əsassız varlanmaq üçün akta özü əlavələr etmiş, qeyd olunan məbləği orada yazmışdır. Bundan başqa iddiaçının təqdim etdiyi aktın 72-ci bəndində də “kənarlaşma əskik” qrafasında 64.46 manat kəsr qeyd olunmuşdur. Halbuki aktın onda olan və məhkəməyə təqdim etdiyi ilkin versiyasında həmin qrafa boşdur. Bu qrafa da iddiaçı tərəfindən sonradan doldurulmuşdur. Bundan başqa “kənarlaşma əskik” qrafasında yazılan kəsrlərin hamısı karandaş vasitəsilə yazılmış və həmin məbləğlərin hamısı geri qaytarılan mallardır. O, əmək müqaviləsinə xitam verərkən bütün borcları sıfırlayaraq işdən ayrılmışdır. Göründüyü kimi iddiaçı onun hesabına heç bir müqavilə öhdəliyi və borcu olmadığı halda əsassız varlanmaq istəyir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı MMC ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 200 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (elektron sənəd) görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 3 ay sınaq müddətilə, xx.xx.2019-cu il tarixdən – xx.xx.2019-cu il tarixinədək aylıq əmək haqqı 180 manat olmaqla, satış üzrə nümayəndə vəzifəsinə qəbul olunmuşdur. - xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanılmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (elektron sənəd) görünür ki, xx.xx.2021-ci ildə Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. - İş üzrə xx.xx.2023-cü il tarixli, 4/676 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 124 manat təşkil etdiyi göstərilmişdir. - xx.xx.2021-xx.xx.2021-ci il dövrü əhatə edən cavabdeh tərəfindən də imzalanmış yoxlama aktından görünür ki, cəmi 12005.84 manat məbləğində kənarlaşma - əskik müəyyən edilmişdir. Həmin aktın 7250 manat kənarlaşma - əskik qeyd olunmuş 20-ci sətrində cavabdeh imza etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı MMC-də xx.xx.2019-cu - xx.xx.2021-ci il tarixlərində işlədiyi müddətdə maddi ziyan vurmuş, 12005.84 manat ziyan müəyyənləşdirilən müvafiq aktın 7250 manat kənarlaşma - əskik qeyd olunmuş sətrini cavabdeh imzalamamış, onun tərəfindən 1721.95 manat ödənilmiş, eləcə də 64.46 manat zərər məbləğini də sonuncu mübahisələndirmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/676 saylı rəyindən görünür ki, ekspertiza təqdim edilmiş, xx.xx.2021-ci il tarixli qarşılıqlı borc üzləşmə “Aktı”nın aşağı sol hissəsində “Təhvil verdi:” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza; xx.xx.2021-ci il tarixli qarşılıqlı borc üzləşmə “Aktı”nın aşağı sol hissəsində “Təhvil verdi:” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza; xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli dövrü əhatə edən “Aktı”nın 2-ci vərəqinin 20-ci sətrində “1182-Cavabdeh” qrafasında olan imza və aktın 5-ci vərəqinin 72-ci sətrində “1182-Cavabdeh” qrafasında olan imzanın - Cavabdeh tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Belə ki həmin rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, imzalar göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzada həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, təqdim olunmuş nümunələrin öz aralarında bir-birindən fəqrlənməsi, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bu Məcəllənin 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Bu Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 2969.96 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflərin birlikdə tərtib edərək imzaladıqları müvafiq aktla cavabdehin qanuna zidd hərəkəti nəticəsində ziyanın həqiqətən vurulması aşkar olunduğundan sonuncunun iddiaçıya yetirdiyi zərərə görə maddi məsuliyyəti yaranmışdır. Ona görə də cavabdeh iddiaçı qarşısında deliktdən irəli gələn vurulmuş zərəri tam həcmdə ödəmək öhdəliyinin daşıyıcısıdır. Sözügedən aktdan, eləcə də iddiaçının təqdim etdiyi digər sübutlardan aydın olur ki, 12010.69 manat əskik və 4.85 manat artıq gəlmə, yekun olaraq 12005.84 manat ziyan müəyyən edilmiş, ondan 1721.95 manat hissə cavabdeh tərəfindən ödənilmişdir. Belə olduqda, yekun zərər məbləği (iddia ərizəsində tələb edilən) 10283.89 manat olmalıdır. Məhkəmə hesab edir ki, real ziyanın həcmini müəyyənləşdirərkən sözügedən məbləğdən (10283.89) cavabdehin müvafiq aktda imzası ilə təsdiqləmədiyi 7250 manat, eləcə də qaytarılan mallar sütununda aparılan qeydin ağardıcı ilə pozulduğu 72-ci sətirdəki əskik kimi göstərilən 64.46 manatdan cavabdehin təqdim etdiyi həmin aktın surətində müvafiq yerdə yazılan 63.93 manat çıxılmalı və alınan fərq (0.53 man.) ümumi borca hesablanmalıdır. Belə ki, ziyanın məbləği yalnız sözügedən aktla müəyyənləşdirilmiş, 7250 manat qeyd olunan sətirdən başqa, hər əskik kimi göstərilən məbləğ qarşısında cavabdeh imza edərək bununla razılaşmış, zərərin həcminə dair hər hansı başqa sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, eyni zamanda qaytarılan mallar sütununda aparılan qeydin pozulmasına və cavabdeh tərəfindən təqdim olunan sözügedən aktın surətində həmin sütunda 63.93 manat göstərilməsinə əsaslanaraq hesab edir ki, burada kənarlaşma 0.53 manatdır. Belə ki, 63.93 rəqəminin sonradan yazılmasını təsdiqləyən hər hansı sübutu iddiaçının təqdim etməməsi, eləcə də sonuncunun məhkəməyə verdiyi müvafiq aktın əslində məhz həmin yerdəki rəqəmin pozulması belə nəticəyə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, real zərərin məbləği 2969.96 (102xx.xx-7250- 63.93) manatdır. Məhkəmə, iddianın mediasiya xərcinin yarı hissəsinin tutulması ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 50 manat hissəsi iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarından görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə haqqın məbləği 50 manatdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 35.8 manat, İddiaçı MMC-dən isə 88.20 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2969.96 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 88.20 manat, Cavabdeh 35.8 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-243/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-243/2023
04.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver