Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2489/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın bağlandığı gündən etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2022-ci il tarixdə, Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeydə alınmış nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22 iyul 2022-ci tarixdə, Sumqayıt Şəhər Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Tərəflər arasında nikah bağlansa da, onların ailə qurmaq niyyəti olmamışdır. Belə ki, valideynlərinin təkidi ilə aralarında nikah bağlanmışdır. Tərəflər arasında heç bir ailə münasibəti yaranmamış, onlar bir yerdə yaşamamışlar. Ona görə də tərəflər arasında olan nikah etibarsız hesab edilməlidir. Çünki, ailə qurmaq niyyəti olmadan bağlanmış nikah etibarsızdır və bu nikahın məhkəmə qaydasında pozulması artıq hər iki tərəfin növbəti nikaha daxil olacaqları vaxtda növbəti nikahın ikinci dəfə nikaha girmək kimi qiymətləndirilməsindən ibarət neqativ nəticəyə gətirib çıxarır. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, tərəflər arasındakı nikah onların valideynlərinin təkidi ilə bağlanıb. Tərəflər bir gün belə birlikdə yaşamayıblar. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, cavabdeh ölkə xaricində yaşayıb və orada əcnəbi bir şəxslə münasibəti olub. Valideyni onun ölkəyə qayıtması üçün bu yola əl atıb. Oğlunun burada yaşaması, ölkəmizin milli adətənənələrinə uyğun şəkildə ailə qurması üçün ona iddiaçı ilə nikaha daxil olmasında təkid edib. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1994-cü ildə, Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri, 20-ci məhəllə, 48 ünvanında qeydiyyatdadır. 487651 saylı nikah haqqında şəhadətnamdən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 22 iyul 2022-ci il tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Bayramova soyadları verilmişdir. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən mediasiya prosesində tərəflər saziş imzalandıqdan sonra aralarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 22 iyul 2022-ci il tarixdə, 127 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmiş və bu mübahisə ilə bağlı bir-birlərinə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulmuş olmalı, yaxud da tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan nikaha daxil olmalıdırlar. Ailə Məcəlləsində həmçinin göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur (10.1). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1). Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər (12). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş cavabdehin sərhədkeçmə məlumatlarından görünür ki, cavabdeh xx.xx.2022-ci ildə ölkəyə gəlmiş, tərəflər arasında nikah xx.xx.2022-ci ildə bağlanmış və bundan bir neçə gün sonra, yəni xx.xx.2022-ci ildə cavabdeh yenidən ölkəni tərk etmişdir. Cavabdeh ölkəyə növbəti qayıdışı isə xx.xx.2022-ci ildə olmuş və bundan sonra tərəflər mübahisə ilə bağlı mediatora müraciət etmişlər. xx.xx.2023-cü il tarixli barışıq sazişindən də göründüyü kimi hər iki tərəf öz nümayəndələri vasitəsilə aralarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 127 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmişlər. Eyni zamanda məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndəsi tərəflər arasındakı nikahın onların valideynlərinin təkidi ilə bağlandığını bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 22 iyul 2022-ci il tarixdə, Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2489/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2489/2023
26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver