Məhkəmə qərarları › İş №e-2(060)-2498/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2498/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2498/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 45-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “Samsung” mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğuldur və vergi ödəyicisidir. Cavabdeh2 08 iyun 2022-ci il tarixdə iddiaçı ilə 397 nömrəli (nisyə) satış müqaviləsi bağlamaqla “Samsung” mağazasından ümumi qiyməti 4627 manat olan məişət avadanlığının dəyərini 12 ay müddətinə ödəmək şərti ilə nisyə olaraq götürmüşdür. Həmçinin, digər Cavabdeh1 ilə də 08 iyun 2022-ci il tarixli 397 nömrəli zaminlik müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 – alıcı Cavabdeh2 08 iyun 2022-ci il tarixli, 397 nömrəli (nisyə) satış müqaviləsi üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı qarşısında alıcı ilə birlikdə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh2 ilkin olaraq 627 manat məbləğində pul ödəmişdir. Qalan 4000 manat pulu isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günə kimi 1984 manat məbləğində mağazaya pul ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 2643 manat məbləğində borcu qalıb. xx.xx.2023-cü ildə Cavabdeh2 yaşadığı ünvan 1 ünvanına xəbərdarlıq məktubu göndərərək müqavilə ilə müəyyən edilmiş öhdəliklərini 10 gün müddətində yerinə yetirməsini xahiş etmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Həmçinin digər cavabdeh (zamin) Cavabdeh1 da yaşadığı ünvan 1 ünvanına xəbərdarlıq məktubu göndərərək müqavilə ilə müəyyən edilmiş öhdəliklərini 10 gün müddətində yerinə yetirməsini xahiş etmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2643 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi, habelə ödənilmiş 47 manat məbləğində dövlət rüsumunu və hüquqi xidmət üçün ödənilmiş 100 manat rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, ötən ay iddiaçıya 150 manat pul göndərmiş və bildirmişdir ki, hər ay imkanı çatdığı qədər ödənişləri edəcək. Özü üçüncü qrup əlildir və yeni pensiya almağa başlamışdır. Ödənişi etməkdən yayınmır, imkanı çatan məbləğdə ödəniş edəcəyini bildirmişdir. Hazırda kirayədə yaşayır və digər banklara borcu vardır. Əlilliyinə görə aldığı pensiya məbləği 800 manatdan biraz çoxdur. İddiaçıdan məişət avadanlığı almışdır. Həmin avadanlıqların qiyməti təxminən 4000 manat təşkil edirdi. İddiaçı ilə aralarında müqavilə bağlandığını etiraf edir. Sözügedən əşyalar ona təhvil verilmişdir. Həmin əşyalar hazırda istifadəsindədir. İddiaçıya 2643 manat borcu qalmışdır. Həmin borc məbləğindən isə 150 manat ötən ay ödəniş etmişdir. Hazırda 2493 manat borcu qalmışdır. Hər ay iddiaçıya 300 manat ödəniş etməli idi. Qeyd edir ki, onun xidmət yeri dəyişdirilmişdir. Psixoloji vəziyyəti ilə əlaqədar onu digər hərbi hissəyə göndərmişlər. Həmin iş yerində əmək haqqı azaldılmış və vəziyyəti daha da pisləşmişdir. Bundan sonra onu psixiatriya xəstəxanasına göndərmişlər. Həmin xəstəxanada 3 aydan çox müalicə almış və ən sonda onu tərxis etmişlər. Tərxis ediləndən sonra pensiya almaq üçün müraciət etmişdir. Həmin proseslər uzanmışdır. Onun başqa qazanc yeri yoxdur. Sağlamlığı ilə bağlı işləyə bilmir. Hazırda üçüncü qrup əlil və əmək qabiliyyətsizdir. Bu səbəbdən də, heç bir idarədə işləyə bilmər. Həmçinin qeyd edir ki, ona nəzarət edən şəxs də vardır. Borcu ödəməkdən yayınmır, sadəcə hər ay ödəyə biləcəyi məbləğin müəyyən edilməsini xahiş edir. Ailəlidir və müalicələri davam edir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 397 saylı nisyə satış müqaviləsindən görünür ki, İddiaçı dəyəri 4627 manat olan əşyanı Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 397 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 alqısatqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

10. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 2643 manat məbləğində qalıq borcu vardır.

11. İş materiallarında olan «Samsung»un Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 2643 manat əsas, 1786,70 manat cərimə olmaqla, cəmi 4429,70 manat borcunun olduğu bildirilmiş, borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. İş materiallarında olan 118063 nömrəli qəbzin surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun hesabına 109/24/SALMAN saylı müqavilə üzrı 100 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 397 saylı nisyə satış müqaviləsinə əsasən İddiaçı dəyəri 4627 manat olan əşyanı Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, zamin Cavabdeh1 borclu Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların İddiaçı ödənilməmiş borcları yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.

16. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

24. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

25. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

26. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Məhkəmə qeyd edir ki, Cavabdeh2 izahatında müəyyən qədər ödəniş etdiyini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2643 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.

32. Məhkəmə iddia tələbinin “100 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

35. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 47 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2643 (iki min altı yüz qırx üç) manat məbləğində pul, 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu və 100 (bir yüz) manat hüquqi xidmət üçün ödənilmiş rüsumun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2643 (iki min altı yüz qırx üç) manat məbləğində pul, 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu və 100 (bir yüz) manat hüquqi xidmət üçün ödənilmiş rüsumun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar