Məhkəmə qərarları › İş №e-2(060)-2510/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2510/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2510/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur. 2021-ci ilin sentyabr ayında İddiaçı X1 75500 manat pul vermişdir. Aralarında olan razılaşmaya görə o, iddiaçıya fərdi ev tikib verməli idi. O, həmin pulun 34500 manatını ünvan 1-un tikintisinə sərf etmiş, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etmişdir. Faktla əlaqədar olaraq həmin şəxsin barəsində cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, evi iddiaçıya təhvil versə də, hazırkı iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxmış və hazırda da iddiaçını evə buraxmır. İddiaçı həmin cinayət işi üzrə 41000 manat pula görə zərəçəkən kimi tanınmışdır. Cavabdeh isə 51000 manat pula görə zərərçəkən şəxs kimi tanınıb. Belə ki, o, evin yerləşdiyi torpaq sahəsini Elməddin Sadıqova 55000 manata satmış və Elməddin Sadıqov həmin puldan 4000 manatını ona vermişdir. Qalan pulu isə ona verməyərək, ona qarşı da dələduzluq etmişdir. Cavabdeh 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığından o, hazırda qanunsuz və əsassız olaraq iddiaçı üçün tikilən fərdi evə sahib çıxır. Ona görə də həmin şəxs ünvan 1dan çıxarılmalı və İddiaçı həmin evə köçürülməsi təmin olunmalıdır. Həmin evin bütün kommunalları iddiaçının adınadır və bu barədə sənədləri də iddia tələbinə əlavə edir. Göstərilənlərə əsasən Cavabdeh ünvan 1-dan çıxarılması və İddiaçı həmin evə köçürülməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ünvan 1 iddiaçıya məxsusdur. Həmin şəxs 2021-ci ilin sentyabr ayında X1 75500 manat pul vermişdir. Tərəflər arasında olan razılaşmaya görə o, iddiaçıya fərdi ev inşa edib verməli idi. Həmin şəxs pulun 34500 manatını ünvan 1-un tikintisinə sərf etmiş, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etmişdir. Fakta əlaqədar olaraq şəxs barəsində cinayət işi başlanmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında məhz həmin şəxs Elməddin Sadıqovla bağlı cinayət işi davam edir. Ev iddiaçıya təqdim edilsə də, hazırki iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu qaytarmadığı üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxmış və iddiaçını evə buraxmamışdır. İddiaçı həmin cinayət işi üzrə 41000 manat pul vəsaitinə görə, cavabdeh isə 51000 manat pul vəsaitinə görə zərərçəkən şəxs kimi tanınmışdır. Məsələ burasındadır ki, iddiaçı 75500 manatı Elməddin Sadıqova vermişdir ki, həmin şəxs ona ev inşa etsin. Elməddin Sadıqov isə cavabdehlə 51000 manata torpaq sahəsi ilə bağlı danışıqlar aparmış və orada evlər inşa etməyə başlamışdır. 55000 manat məbləğdən 4000 manatın ödəmiş, qalan pul məbləğini isə verməmişdir. Cavabdeh həmin cinayət işində məhz 51000 manat məbləğlə bağlı zərərçəkən şəxs qismində tanınır. Cavabdeh ilə Elməddin Sadıqov 55000 manatla razılaşırlar. Həmin məbləğin 4000 manatını Elməddin Sadıqov hazırki iş üzrə cavabdehə verir. Məbləğin digər hissəsi ilə bağlı isə cavabdeh zərərçəkən şəxs kimi tanınmışdır. Bu o deməkdir ki, cavabdeh torpaq sahəsini Elməddin Sadıqova satmış və zərərçəkən şəxs kimi tanınmışdır. Cavabdeh 51000 manatı Elməddin Sadıqovdan tələb etməlidir. 75500 manat vəsaitdən evin tikintisinə sərf olunan 34500 manat əsasında ev iddiaçıya təhvil vermişdir. İddiaçı isə qalan 41000 manat hissədə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh torpaq sahəsinin onun olduğunu və Elməddin Sadıqovun pulunu qaytarmadığını iddia etdiyi üçün iddiaçını həmin əraziyə buraxmır. Cavabdeh ümumi darvazanın açarını dəyişərək iddiaçını həmin əraziyə buraxmır. Cavabdeh 51000 manata münasibətdə cinayət işində zərərçəkən şəxs kimi tanınır və həmin iş üzrə iddia qaldıraraq pul vəsaitini tələb edə bilər. Bu səbəblərdən də, cavabdehin ünvan 1 ünvanından çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, mübahisəli torpaq sahəsi Cavabdeh aiddir. Elməddin Sadıqov şəhərdə 16 nəfəri aldatmış və onlardan biri də Cavabdehdur. Cavabdeh torpaq sahəsini satması ilə əlaqədar Elməddin Sadıqova yaxınlanmış, Elməddin Sadıqov torpaq sahəsində ev tikməyi və o şəkildə satılmasını bildirib. O, ilkin olaraq cavabdehə 4000 manat vəsait vermişdir. 51000 manat cavabdehə borclu olması ilə bağlı səs yazısı da mövcuddur. Həmin evdə hazırda cavabdehin tanımadığı şəxslər məskunlaşmışlar. Cavabdeh vaxtı ilə öz həyətində ev inşa etmək istəmiş və evin bünövrəsini qoymuşdur. Həmin bünövrənin üzərində tikili vardır. Elməddin Sadıqov tutulduğu üçün tikinti işi yarımçıq qalmışdır. Həmin tikilinin kimə satılıb-satılmayacağı isə məlum deyildir. İstintaqda cavabdeh 51000 manatını tələb edir. Bununla bağlı cinayət işi qaldırılmışdır. Belə ki, istintaqda ona sənəd imzalatmışlar. Satılan torpaq sahəsinin 3 sotu 11 manat edir. 4000 manat cavabdehə qaytarılmış, 7000 manata görə isə ittiham irəli sürülmüşdür. Mülki iddia təmin olunarsa, 7000 manata münasibətdə təmin ediləcək. Torpaq sahəsi cavabdehə məxsusdur. Çöl hissədən hasara sayğac qoydurmuşlar, lakin içəri tərəfdən sayğacın girişi yoxdur. Münasibəti olmayan qonşu ilə guya onun orada yaşaması ilə bağlı akt tərtib etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" ASC Sumqayıt rayon sukanal idarəsi tərəfindən verilmiş hesab fakturanın surətindən görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, 667 nömrəli ev üzrə abonent kodu **********020 olmaqla abonent İddiaçı adınadır.

8. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları ünvanı üzrə İddiaçı 160 manat borcu mövcuddur.

9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli, 3226 nömrəli arayışından görünür ki, 26 saylı məhəllə, “Xəzər bağları” ərazisi, Kəhriz küçəsi, ev 69 İddiaçı məxsusdur.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, qonşulardan X2, X7, X4 bildirirlər ki, 69 saylı evin sahibi İddiaçı bu bağda tikinti apararkən görmüşdür, onu tanımışdır. Digər qonşular da qeyd olunan faktı təsdiq edirlər. Tikinti aparılarkən başqa heç kimin bağa gəlib-getdiyini görməmişlər. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən 1135 saylı arayışdan görünür ki, İddiaçı “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı adlandırılan küçədə sahəsi qonşuların aktına əsasən 69 saylı bağ evində qeydiyyatsız yaşayır.

12. İş materiallarında olan “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 798 nömrəli, xx.xx.2004-cü il tarixli X3 surətindən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bakı mebel fabrikində 1988-ci ildən dülgər vəzifəsində işləyən Cavabdeh daimi istifadəsinə verilmişdir.

13. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi ünvanında yerləşən 69 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, onun hüquqi vəziyyətinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır.

14. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışı təqdim olunur. Eyni zamanda, bildirilir ki, qeyd edilən ərazidə yerləşən torpaqlar torpaq islahatı nəticəsində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqlara aid edilsə də, ərazinin təyinatı dəqiq müəyyən edilmədiyindən bələdiyyə tərəfindən həmin torpaqların sənədləşməsi işləri həyata keçirilmir.

15. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 69 nömrəli evin ərazisi Cavabdeh aiddir. 69 nömrəli evin tikintisinin aparılması ilə bağlı qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir. Bu proseslərin hansı razılaşma əsasında aparılması barədə başqa məlumat yoxdur.

16. İş materiallarında olan xx.xx.2023-cü il ittiham aktının surətindən görünür ki, təqsirləndirilən şəxs X6 ifadəsində bildirmişdir ki, ümumilikdə Günay onun üçün Sumqayıt şəhəri, Yaşıldərə ərazisində 4 otaqlı ev tikməsi üçün 75.500 manat pul vermişdir. O, Sumqayıt şəhəri, “Simurq” şadlıq evinin arxasında Zahid adlı şəxsə məxsus torpaq sahəsini bəyəndiyindən həmin torpaqda Günaya ev tikməyə qərar vermişdir. Zahidlə aralarında olan razılığa əsasən o evi tikib tam təhvil verdikdən sonra torpağın pulunu ona ödəyəcək. Günay üçün evin tikintisinə onun öz iştirakı və nəzarəti ilə 34000 manat pul sərf etmiş, lakin torpağın alınması üçün Zahidə pul verməmişdir. Lakin daha sonra tutulduğundan evin tikintisi yarımçıq qalmış və Zahid ona olan borcunu vermədiyi üçün Günayı onun üçün tikdiyi fərdi yaşayış evinə buraxmamışdır. 75.000 manat pulun müqabilində o Günay üçün 34000 manat fərdi yaşayış evinin tikintisinə xərcləmiş və ona cəmi 41000 manat borcu qalmışdır. Onun Zahidə 7000 manat borcu var. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

18. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).

19. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ünvan 1dan çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 798 nömrəli, xx.xx.2004-cü il tarixli X5 əsasən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bakı mebel fabrikində 1988-ci ildən dülgər vəzifəsində işləyən Cavabdeh daimi istifadəsinə verilmişdir. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışında da qeyd edilmişdir ki, 69 nömrəli evin ərazisi Cavabdeh aiddir. 69 nömrəli evin tikintisinin aparılması ilə bağlı qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir.

21. Göründüyü kimi ünvan 1-un ərazisi Cavabdeh məxsusdur. Eyni zamanda, sözügedən ünvanda İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir. Lakin sözügedən əmlakın alqı-satqısı, çəkilən xərclərlə bağlı tərəflər, yəni iddiaçı və cavabdeh arasında hər hansı razılaşma olmamışdır.

22. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.

23. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi»nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar