Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-255/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru olmaqla) miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, mirasın qəbulu, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X14 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, miras-əmlakda payların ¼ hissədə paylarla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X14 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, miras-əmlakda payların ¼ hissədə paylarla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət ilə müraciət edərək, məhkəmədən Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X14 tərəfindən V521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakda payların 1/4 hissədə paylarla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, hüquqi nəticələri və etibarsız hesab edilməsi və ya ləğv edilməsi əsasları fərqli olduğundan, məhkəmə qərarının icrası ilə bağlı müvafiq notarius tərəfindən yenidən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi nəzərə alınmaqla "şəhadətnamənin etibarsız hesab edilməsi" ifadəsi "ləğv edilməsi" kimi ifadə edilməlidir. Bundan əlavə mirasın qəbulu müddətinin uzadılması tələbi də əlavə edilməlidir. Cavabdehlərin adından notariusda tərtib edilmiş ərizələrdə digər vərəsələrin adı qeyd olunmamışdır. Notarius vərəsələrin müəyyən olunması üçün heç tədbir görməmişdir. Ataları dünyasını dəyişməzdən əvvəl indiyədək iddiaçılar həmin fərdi yaşayış evində yaşamışlar. İddiaçı1 həmin fərdi yaşayış evində 2004-cü ilədək qeydiyyatda olmuşdur. Buna görə də mirasın qəbulu müddətinin uzadılmasına dair tələb təmin edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci ildə vəfat etmişdir. Mərhumun keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri, 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətindən qabaqcadan xəbəri olmamışdır. Vərəsəlik işinə dair sənədləri bacısı Cavabdeh1 2024-cü ilin fevral ayında almışdır. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunda qeydə alınmış V-521/2012 saylı vərəsəlik işindən məlum olur ki, 2V/767 saylı xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Cavabdeh1, X2 və Cavabdeh2 mərhum atasının vərəsələri olması, ona məxsus olmuş keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri, 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətindən faiz və kompensasiyadan-miras əmlakdan 1/3 pay almalıdırlar. Miras əmlak mövcud olmadığından onlar tərəfindən miras əmlakın qəbul edilməsi barədə müraciətləri mümkün deyildir. Buna görə də mübahisə ədalət mühakiməsi qaydasında həll edilməlidir. Onun tərəfindən başqasının xeyrinə miras əmlakdan imtina edilməmişdir, eləcə də miras əmlakın qəbulundan imtina etməmişdir. Miras əmlaka mülkiyyət hüququ əldə etmiş birinci növbədə vərəsələrlə bərabər hüquqlu vərəsədir. Notariat orqanı tərəfindən vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 mirasın vərəsələr arasında bərabər paylarla bölünməsinə razıdır. Lakin miras əmlakın 1/3 hissəsinə qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş digər Cavabdeh2 mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsində qeyd olunmasına razılıq vermir. X1 29 sentyabr 2023-cü ildə dünyasını dəyişmişdir. 28 noyabr tarixində mülki işin baxılmağa hazırlanması iclasında İddiaçı2 iddiaçı qismində, Kapital Bank” ASC və Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən i d diaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etdi ki, daha sonra müəyyən etmişlər ki, əmanət bankında olan pul vəsaiti ilə bağlı vərəsəlik işi olmuşdur. Notarius mexaniki olaraq digər vərəsələri cəlb etməmişdir. Hər üç vərəsənin imzaladığı ərizələrdən görünür ki, iş üzrə üç vərəsənin olduğu bildirilmişdir. Digər vərəsələri gizlətmişdirlər. Hazırki iş üzrə Cavabdeh1 notariusa çağırmış və yalnız qeydiyyatda olan şəxslərin pulu ala biləcəyi bildirilmişdir. Həqiqətən də qeydiyyatda Fəzilə və qardaşı olmuşdur. Onlar da müraciət etmiş, lakin digər vərəsələrin adını bildirməmişdirlər. Vərəsə özü daşınmaz əmlakın ona mülkiyyət hüququ üzrə məxsus olmasını 2024-cü il tarixdə bilmişdir. Əgər şəxs özü bunu sonradan bilmişdirsə, cavabdehlər bunu öncədən necə bilə bilərdi. Vərəsə özü bunu bilməmiş və etiraf etmişdir. Müddətin bərpasına əsas səbəblərdən biri də odur ki, bacılar dünyasını dəyişmiş qardaşları Rafiq ilə razılaşmışlar ki, ata mülkü satılmasın. Bütün ailə də bunu qəbul etmişdir. Lakin ailənin Cavabdeh2 Əli oğlunun hərəkətlərindən xəbəri olmamışdır. Onun gördüyü əməllərdən heç bir vərəsənin xəbəri olmamışdır. Evin ata mülkü olduğu üçün satılmaması barədə razılaşmış və həm də sənədləşmə işlərindən xəbərləri olmamışdır. Konstutsiya Məhkəməsinin qərarı vardır ki, o zaman müddə tətbiq olunar ki, orada sübutlar köhnəlir, şahidlər dünyasını dəyişir və sair Söhbət daşınmaz əmlakdan gedir ki, orada da hər şey sənədləşdirilmişdir. Hazırki halda sübutların əldə edilməsi ilə bağlı heç bir problem yoxdur. Mübahisə daşınmaz əmlaka aid olduğundan müvafiq icra hakimiyyətində bütün sənədlər saxlanılmışdır. Hesab edir ki, müddətin bərpası mümkündür. Fəzilə xanımın özü də bunu etiraf edir və işin halları ilə qeyd edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat 60 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 19 sentyabr 1998-ci il tarixli, V-ЖГ seriyalı, 340936 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin sentyabr ayının 19-cu günündə 903 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 24 may 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – X8, X11, X21 oğlu, X13, Cavabdeh2 və X6r. İş materiallarında olan 2V/767 nömrəli, 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş Hüseynov Vəli Vahab oğlunun vərəsələri, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 11-də yaşayanlar arvadı X5 1/3 hissədə, oğlu – Cavabdeh2 1/3 hissədə, qızı – Cavabdeh1 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən, faiz və kompensasiyadan ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 11-də yaşayan X5 tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, 1998-ci il, 14 sentyabrda onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, ev 11-də yaşayan əri – Hüseynov Vəli Vahab oğlu vəfat etmişdir. Miras əmlak – Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən ibarətdir. Ondan başqa vərəsələr Cavabdeh1 və Cavabdeh2dur. İş materiallarında olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 11-də yaşayan Cavabdeh2 tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, 1998ci il, 14 sentyabrda onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, ev 11-də yaşayan atası – Hüseynov Vəli Vahab oğlu vəfat etmişdir. Miras əmlak – Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən ibarətdir. Ondan başqa vərəsələr X7 və Cavabdeh1dır. İş materiallarında olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 11-də yaşayan Cavabdeh1 tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, 1998ci il, 14 sentyabrda onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, ev 11-də yaşayan atası – Hüseynov Vəli Vahab oğlu vəfat etmişdir. Miras əmlak – Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən ibarətdir. Ondan başqa vərəsələr X7 və Cavabdeh2dur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyab 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3649/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş şikayət təmin edilmiş, qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsəsi Cavabdeh2 müəyyən olunmuşdur və miras əmlakından ½ hissədə pay almışdır. Miras əmlakının digər ½ hissəsi miras qəbulu üçün açıq saxlanılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixində hipertoniya xəstəliyindən ölmüşdür. İş materiallarında olan nikah haqqında çıxarışın xx.xx.2022-ci il tarixli sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu ilə X18-Əli arasında 13 dekabr 1945-ci il tarixində 72 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 17 mart 2022ci il tarixində hipertenziv xəstəliyindən ölmüşdür. İş materiallarında olan əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində Hüseynov Vəli Vahab oğlunun mülkiyyətində olmuşdur. İş materiallarında olan ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 19 dekabr 2024-cü il tarixli, 3176 nömrəli ərizəyə cavabdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün o, vərəsələr sırasına daxil olmamışdır. Bu səbəbdən 2V-767 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1291.Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin ataları Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən ibarət olmuşdur. 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun miras əmlakı (bankda olan əmanət) vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 və X3 verilmişdir. X5 17 mart 2022-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 2 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci ildə vəfat etmiş Hüseynov Vəli Vahab oğlunun vərəsələri, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 11-də yaşayanlar arvadı X5 1/3 hissədə, oğlu – Cavabdeh2 1/3 hissədə, qızı – Cavabdeh1 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Sumqayıt şəhəri 5377 saylı əmanət bankında 3451 nömrəli hesabda olan əmanətdən, faiz və kompensasiyadan ibarətdir. Hal-hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 atasından miras qalmış əmlakı ilə bağlı mübahisə açmış, miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda ¼ hissədə paylarının müəyyən edilməsinə dair məhkəmədə iddia tələblərini irəli sürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023- cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, 14 sentyabr 1998-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Lakin işin hallarından görünür ki, iddiaçılar məhkəmə iclasında miras əmlakdan xəbərdar olduqlarını bildirməklərinə baxmayaraq, Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını mərhum Hüseynov Vəli Vahab oğlu vəfat etdiyi 14 sentyabr 1998-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişlər. Bundan başqa, adı çəkilən vərəsələrin miras əmlakdan xəbərdar olmaması və mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru olmaqla) mirasın qəbulu, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...) Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru olmaqla) miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, mirasın qəbulu, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-255/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-255/2025
24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver