Məhkəmə qərarları › İş №e-2(060)-2612/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2612/2023

26.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2612/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi X13 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron- Xızı Regional Təhsil İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 20 dekabr 2022-ci il tarixli, K- 348 saylı əmri ilə iddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona “əmək funksiyasının keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlar” adı altında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə töhmət verilmişdir. Həmin əmr tamamilə əsassızdır. Belə ki, iddiaçı 2010-cu ilin avqust ayının 11-dən Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. İşlədiyi 12 il ərzində müsbət nəticələr əldə etdiyindən heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə mükafatlandırılmışdır. İlhamə Abdullayeva Təhsil Nazirliyinin Abşeron- Xızı Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edildikdən sonra iddiaçıya qarşı qərəzli və subyektiv münasibəti yaranmışdır. Buna səbəb o olmuşdur ki, İlhamə Abdullayevanın bacısı X1 Nihad Qiyas oğlunun 2021-2022-ci təhsil ili üzrə 10-cu sinifə daxil olsa da, 2 ay müddətində dərsə gəlmədiyindən valideyni məktəbə dəvət olunmuş, onunla söhbət aparılmışdır. Lakin valideyn övladının repititor yanına getdiyinə görə məktəbə gələ bilməyəcəyini bildirərək neqativ təkliflər etmişdir. Lakin iddiaçı bu təklifi rədd etdiyindən və uşağın məktəbə gəlməsini tələb etdiyindən İlhamə Abdullayevanın bacısı oğlu Nihad Süleymanovu başqa məktəbə, Suraxanı rayonun 114 nömrəli məktəbinə yerləşdirilmişdir. İlhamə Abdullayeva müdir təyin olunandan sonra iyun ayının 10-da, 29da, 30-da məktəbə yoxlama göndərmiş, noyabr ayında monitorinq təşkil edib və sair nəzarət funksiyalarından istifadə edərək iddiaçını nəzarətdə saxlamağa başlamışdır. Yoxlamağa göndərdiyi şəxslərə necə tapşırıq verirdisə, onlar işçilərdən direktorun əleyhinə izahat tələb edirdilər. İşçilər razılaşmadıqlarından direktoru bu barədə məlumatlandırmışlar. Cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin verilməsinə əsas kimi məktəbdə bir neçə şagirdin sənəd və ümumi təhsil müəsisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğunu yoxlayarkən X2 2017- 2018-ci tədris ilində 1-ci sinifə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinifə qədər faktiki olaraq əsas xarici dili ingilis dili olan dərsdə təhsil aldığı və 2022-2023-cü tədris ilində 6-cı sinifə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. X8 və Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Əmrdə qeyd ediləndən fərqli olaraq X5 1-ci sinifdən 6-cı sinifə qədər ingilis yarım qrupunda təhsil almışdır. O, valideynlərinin ərizəsi əsasında bu qrupda təhsil almışdır. O, rus dilində heç bir vaxt təhsil almasını tələb etməmişdir. Sadəcə texniki səhv nəticəsində əlaqələndirici (kiçik texniki işçi Vəlibəyova Nigar) onu UTİS-nə yalnış olaraq rus qrupuna qeyd etmişdir. Qeyd edilən yalnışlıq 2 il bundan əvvəl məktəb direktoru tərəfindən aşkar edilmiş və direktor müavini Mirzəyev Sənan və X10 rayon Təhsil Şöbəsinə gedərək Təhsil Şöbəsini məlumatlandıraraq, yalnışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Lakin, düzəlişlər həyata keçirilmədiyindən həmin şagirdin valideynini məktəbə dəvət edərək, qeyd edilən yalnışlıq barədə məlumatlandıraraq vətəndaş kimi müraciət etməsini məsləhət görmüş və valideynlər şikayət deyil, müraciət formasında müraciət edərək yalnışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Qeyd edilən UTİS məktəb tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən idarə edilir. Əmrdə qeyd edildiyi kimi qeyd edilən yalnışlıq 2017-ci ildə yaranmışdır. Qeyd edilən yalnışlığı törədən işçi direktor deyil, əlaqələndirici kiçik texniki işçi Vəlibəyova Nigardır. Maraqlısı odur ki, cavabdehin həm şifahi məlumatlandırılmasına, həm də yazılı izahatında qeyd etməsinə baxmayaraq Məsimli İbrahim və Göyüşov Cəsarətə aid yalnış məlumatlar bu günədək düzəldilməmişdir. İlhamə Abdullayeva yalnışlığı ortadan qaldırmaq deyil, iddiaçını cəzalandırmaq niyyəti güddüyündən, həmin yalnışlıqların düzəldilməsi ilə ümumiyyətlə maraqlanmamışdır. Cavabdehə vəkil sorğusu ünvanlayaraq 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrin təsdiq edilmiş surətini tələb etsələr də, idarə tərəfindən bu günədək sorğuya cavab verilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş müraciəti əsasında 15 noyabr 2022-ci il tarixində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində monitorinq aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul edilmiş Narxanım İsmayılovanın ümumi təhsil müəssisələrinin informasiya sistemində əsas xarici dil rus dili qeyd edilmişdir. Lakin 1-5-ci sinif jurnalları üzrə şagirdin adının əsas xarici dil ingilis dili olan siniflərdə tədris aldığı halda, 2022-2023-cü tədris ilində 6-cı sinifdə şagirdin adı əsas xarici dil rus dili olan jurnalda qeyd edilmişdir. Yoxlama zamanı eyni sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli və Cəsarət Göyuşovda eyni problem olduğu aşkar edilmişdir. İddiaçı aşkar edilmiş nöqsanları izahatında və iddia ərizəsində də təsdiq etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddsəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. İddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmr xx.xx.2022-ci il tarixində rəsmi şəkildə ona təqdim edilmişdir. İntizam tənbehinin tətbiqi barədə əmr rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə işçiyə təqdim edilsə də, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Mediasıya prosesinin tətbiqi barədə təklif idarəyə daxil olmamışdır. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, elektron sistemin (UTİS) yaradılmasının məqsədi qanun pozuntularının qarşısının alınmasıdır. İddiaçıya qarşı hər hansı qərəz olsaydı cavbdehin rəhbərliyi bununla bağlı monitorinqlər təşkil edə bilərdi. Lakin, məsələ valideynin şikayəti əsasında araşdırılıb. 3 şagird 5 il ingilis dilində təhsil aldıqdan sonra, altıncı sinifdə rus dili qrupuna keçirilib. Tədris planlarına dair qeydlər şagirdin təhsil aldığı dilin növbəti təhsil ilində dəyişdirilməsinə yol verilmir. İddiaçı əvvəllər də vəzifə pozuntusuna görə töhmət almışdır. Sistemdə dəyişlik edilməsi direktorun səlahiyyətində deyil. Direktorun cavabdehə və ondan əvvəlki quruma müraciət etməsi barədə sübut mövcud deyil. Töhmət direktorun vəzifə səlahiyyətlərini pozduğuna və altıncı sinifdə şagirdin təhsil aldığı xarici dili dəyişdiyinə görə verilib. Şagird bir ilə yaxın rus dili qrupunda təhsil alıb. Digər iki uşaqla bağlı vətəndaş müraciəti olmadığı üçün və nazirlik tərəfindən göstəriş olmadığı üçün düzəliş edilməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və həmçinin bildirmişdir ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində Narxanım adlı şagirdin adı birinci sinifdən texniki səhv olaraq UTİS sistemində rus dili bölməsində qeyd edilmişdir. Lakin, şagirdin və valideyninin seçimi ingilis dili olmuşdur. Həmin şagird faktiki olaraq ingilis dili qrupunda təhsil almışdır. Həmin problem başqa 2 şagirddə də mövcud olmuşdur. Bu barədə cavabdehə məlumat verilib ki, UTİS sistemində düzəliş edilsin. Lakin, sistemdə belə bir düzəliş edilməyib. Yalnız Narxanım adlı şagirdin valideyni sistemdə düzəlişin edilməsi ilə bağlı müraciət edib. Bundan sonra sistemdə həmin şagirdlə bağlı düzəliş edilib. Lakin, qalan iki şagirdlə bağlı sistemdə düzəliş edilməyib. İddiaçı şagirdlərin və valideynlərinin istəyinə uyğun olaraq şagirdi ingilis dili qrupuna daxil edib. Sonradan isə iddiaçı cavabdeh təşkilatın rəhbərinin ona qərəzli münasibəti olduğunu bildiyindən, qanunvericiliyin tələbinə əsasən 2022-ci ilin sentyabr ayında şagirdi sistemdə qeydə alındığı rus dili qrupuna daxil edib və valideyninə bu barədə məlumat verib ki, sistemdə dəyişiklik edilməsi məktəbin səlahiyyətinə aid olmadığı üçün bu barədə müvafiq orqanlara müraciət etsin. Valideynin müraciətindən sonra cavabdeh fürsətdən istifadə edərək iddiaçıya intizam tənbehi tədbiri tətbiq edib. Elektron sistemdə şagirdin qeydə alındığı xarici dildə deyil, başqa xarici dildə təhsil alması pozuntudur. Lakin, sistemdə qeydə alındığı xarici dildə təhsil alması hüquq pozuntusu deyil. Cavabdeh iddiaçıya düzgün olan əmələ görə cəza verib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdeh vəkil sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə işində verdiyi nöqsanlara görə iddiaçıya Azərbaycan Respubliası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə əmr ilə tanış edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı intizam tənbehinin tətbiqi haqqında əmrinə əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən vətəndaş müraciət əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə bir nəçə şagirdin sənəd və ümumi təhsil müəssisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğu yoxlanılmışdır. Araşdırma zamanı X2 2017-2018-ci tədris ilində ilində İ sinfə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinfə qədər faktiki olaraq əsas xarici dili ingilis dili olan sinifdə təhsil aldığı, 2022-2023-cü tədris ilində 6-cı sinfə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. Həmçinin araşdırma nəticəsində həmin sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli, Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Ekm və Təhsil Nazirliyinin F-462 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə 7 nömrəli Əlavənin 8-ci bəndinin tələblərini ciddi şəkildə pozmuş və əmək funksiyalarını keyfiyyətsiz icra etmişdir. Qeyd edilənlərə əsasən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” təndinə əsasən töhmət verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyindən Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş vətəndaş Rafiq İsmayılovun xx.xx.2022-ci il tarixli müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi barədə arayışa əsasən Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Xanlarova Zərifə və məsləhətçi Şahbazova Aygün tərəfindən vətəndaşın müraciəti əsasında araşdırma aparılmış və nöqsanlar aşkar edilmişdir. X5 2017-2018-ci tədris ilində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin İ sinifə qəbul edilib. Narxanım İsmayıllının 1-ci sinifdən 6-ci sinfə qədər əsas xarici dili inglis dili olan sinifdə təhsil alıb. 1-5-ci sinif jurnallarına baxılmış şagirdin adı əsas xarici dili inglis dili olan sinifdə olduğu müəyyən edilmişdir. UTİS məlumat bazasında isə şagirdin adı İ sinifdən əsas xarici dili rus dili olaraq göstərilmişdi. 2022- 2023-cü tədris ilində 6-ci sinifdə məktəb tərəfindən UTİS-də əsas xarici dili rus dili olduğu üçün jurnal üzrərində rus dilli qrupa daxil edilmişdir. Valideyn şagirdin 1-ci sinifdən ingilis dili qrupda oxuduğu üçün rus bölməsindən dəyişdirilərək ingilis dilinə keçirilməsi haqqında müraciət edib. Yoxlama zamanı Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə eyni sinifdə təhsil alan şagirdlər Məsimli İbrahim, Cəsarət Göyüşovda da eyni problemlər olduğu aşkar edilmişdir. Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktorundan və ibtidai siniflər üzra direktor müavini Kəmalə Cəfərovadan məsələ ilə bağlı izahat alınmışdır. İzahatlarında şagirdin UTİS-də səhvən əsas xarici dili rus dili olan qrupda olduğu barədə məlumatlı olduqlarını, 2017-2018-ci tədris ilində Abşeron Rayon Təhsil Şöbəsinə məlumat verdiklərini bildirmişdilər. Məktəb rəhbərliyi səhvi UTİS üzrə əlaqələndiricinin etdiyi barədə məlumat vermişdir. Əməkdaş artıq məktəbdə işləmədiyi üçün izahatı alınmamışdır. Məktəb rəhbərliyi 6 il ərzində şagirdin problemindən xəbərdar olduğu halda neç bir tədbir görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, Narxanım İsmayıllının atasıdır. Onun qızı 2017-ci ildən Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində təhsil alır. O, qızını məktəbə qoyarkən onun ingilis dilində təhsil almasını istəyib və qızı xarici dil kimi birinci sinifdən ingilis dili sinifində təhsil alıb. İngilis və rus dili qrupları ayrı-ayrıdır. Qızı hazırda 6-cı sinifdə oxuyur. 2022-ci ilin sentyabr ayında məktəb direktoru onu məktəbə çağırıb. Direktor ona bildirib ki, qızının adı sistemdə rus dilində qeyd olunub. Həmin vaxta qədər bu barədə məlumatı olmayıb. İddiaçı ona nazirliyə müraciət etməsini tövsiyyə edib. Direktor ona bildirib ki, qızı müvəqqəti rus dili qrupuna daxil ediləcək və sistemdə səhv düzəldildikdən sonra yenə ingilis dili qrupuna daxil ediləcək. Onun əmisi bununla bağlı ərizə yazıb və sistemdə müvafiq düzəliş edilib. Qızının rus dili qrupunda təxminən bir həftə müddətində oturduğunu xatırlayır. Sonradan yenidən ingilis qrupuna qaytarılıb. Qızı rus dilində zəif bilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (186.1). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək (186.2). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (187.1). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (187.2). İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər (188.1). Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir (188.2). Hazırkı iddia tələbində iddiaçıya cavabdeh tərəfindən töhmət verilməsi barədə 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrin ləğv edilməsi xahiş edilir. Əmrin qanuni və əsaslı olması üçün aşağıdakılar müəyyən edilməlidir: 1. İddiaçının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi və ya hüquqlarından sui-istifadə etdiyi və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi. 2. Verilmiş intizam tənbehi tədbirinin həmin hərəkətlərə adekvat olması. 3. İntizam tənbehi tədbirinin tətbiqi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olması. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək təhsilalanların hüququdur (32.3.2.). Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək (34.1.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi təhsil müəssisəsində tədris olunan xarici dillər arasından təhsil almaq istədiyi xarici dilin seçilməsi təhsil alanların və onların valideynlərinin (yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə) hüququdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.10-1-ci bəndində təhsil proqramlarını (kurikulumları), tədris planlarını və proqramlarını təsdiq etmək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin funksiyalarına aid edilmişdir. “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”də göstərilmişdir ki,

1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

2. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi İ (birinci) sinifdən başlanır. Tədrisi İ (birinci) sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.

4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.

5. İkinci xarici dil tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində V-Xİ (beşinci-onbirinci), tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Vİİ-Xİ (yeddinci-onbirinci) siniflərdə tədris olunur.

8. İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir. “Tədris planlarına dair qeydlər”in göstərilən müddəaları ilə müəyyən edilir ki, ümumi təhsil müəssisələrinin birinci sinfində şagirdlərə əsas xarici dilin tədrisinə başlanır. Xarici dil şagirdin qanuni nümayəndəsi tərəfindən seçilir. Beşinci sinifdən isə şagirdlərə əlavə xarici dilin tədrisinə başlanır. Birinci və beşinci siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir. Qeyd edilməlidir ki, birinci və beşinci siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilməməsinə səbəb ondan ibarətdir ki, şagirdin birinci sinifdə seçdiyi xarici dil ikinci və ya daha yuxarı siniflərdə dəyişdirilərsə və həmin şagird digər xarici dil tədris edilən qrupa keçirilərsə, həmin qrupda olan şagirdlər digər xarici dil üzrə daha yüksək tədris mərhələsində olacaqlar. Bu səbəbdən xarici dil qrupu dəyişdirilən şagirdin həmin qrupun tədris proqramına uyğunlaşması mümkün olmayacaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin şagidi olan İsmayıllı Narxanım 2017-ci ildə birinci sinifdə təhsilə başlayarkən əsas xarici dil olaraq ingilis dilini seçmişdir. Onun seçdiyi xarici dil barədə məlumat ümumi təhsil müəsisələrinin informasiya sistemində (bundan sonra – UTİS) səhvən rus dili kimi qeyd edilmişdir. Bu texniki səhv olaraq qiymətləndirilə bilər. Lakin, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin dərs jurnallarından görünür ki, şagirdlər İsmayıllı Narxanım və Göyüşov Cəsarətin adları 1-5-ci siniflərdə ingilis dili qrupuna daxil edilsə də, 6-cı sinfin sentyabr ayında həmin şagirdlərin adları rus dili qrupuna daxil edilmişdir. Yalnız 2023-cü ilin mart ayında sinif jurnalında İsmayıllı Narxanımın adı qarşısında “çıxıb” qeydi aparılmışdır. Göyüşov Cəsarətin adı isə hələ də rus dili qrupunda qalmaqda davam edir. Qeyd edilən faktlar isə təsdiq edir ki, iddiaçı icrası onun üçün məcburi olan əmrlə müəyyən edilmiş qaydaları pozmuş, şagirdlərə 1-5-ci siniflərdə tədris edilən əsas xarici dili 6-cı sinifdə başqa xarici dilə dəyişdirmişdir. Bu isə iddiaçının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini düzgün yerinə yetirmədiyini və verilmiş intizam tənbehi tədbirinin həmin hərəkətlərə adekvat olduğunu göstərir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi barədə əmrləri imzalamaq səlahiyyəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsl idarələrinin müdirlərinə verilmişdir. Cavabdeh tərəfindən verilmiş mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdə olan Bakı 16 saylı mediasiya təşkilatının mediasiya sessiayasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı mediasiya təşkilatına müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixində, yəni mübahisələndirilən əmrin verilməsindən 1 ay keçmədən cavabdehə mediasiyanın tətbiqi barədə təklif verilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı Abşeron-Xızı Regional Təhsil İdarəsinin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı Əmrinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar