Məhkəmə qərarları › İş №e-2(060)-2634/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2634/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2634/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı1 İB-nin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı1 İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 İB Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli 2705 saylı“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı1 İB-nin Sumqayıt QİS-i tərəfindən **********00310 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı“Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməktaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşayış evınə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-02437-1 nömrəlirəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 216,00 manat borc abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Cavabdehin öz vəsaiti hesabında yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyində də aydın görünür ki, sayğaclar yoxlamaya gedərkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur, orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununla da yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdiqini tapır. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı1 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyan, 30 manat dövlət rüsumu, ümumilikdə isə 246 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 İB-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, mənzilə quraşdırılmış sayğac təlimata uyğun olaraq dəyişdirilərək xx.xx.2021-ci il tarixdə akt tərtib edilərək çıxarılmış, dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın rəyindən sonra itirilmiş qazın bərpası üçün 216 manat cərimə hesablanmışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Bütün binanın qaz sayğacları dəyişdirilmişdir. Əgər plomb olmasa idi, akt tərtib edilməli və onun tərəfindən imzalanmalı idi. Həmçinin sayğac mənzildin xaricində - blokda yerləşir. Ona görə də məhkəmədən iddia tələbini təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı1 İB-nin 433 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh ilə Sumqayıt şəhəri QİS-in baş mühəndisi Mirməhəmməd Seyidov arasında xx.xx.2021-ci il tarixində müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı1 İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli aktda qeyd edilir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən ev **********00310 abonent kodu və həmin ünvana quraşdırılmış qaz sayğacı isə ******* kodu altında qeydiyyatdadır. Qeyd olunan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ünvanına ******* saylı, xx.xx.2021ci il tarixli tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 2160 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi MSK-29/1710-02437-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı1 İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh mənzilinə quraşdırılmış köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında itirilmiş təbii məişət qazının sərfiyyatına görə 216 manat borcunun ödənilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan suiistifadə yolverilməzdir. (MM-560.3.2) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvana quraşdırılmış qaz sayğacının yararsız hala gəlməsi cavabdeh tərəfindən hər hansı müdaxilə nəticəsində baş verməsi və ya onun təqsiri üzündən olması öz təsdiqini tapmadığından, sayğacda yaranmış xətalar nəticəsində təbii məişət qazının itirilmiş sərfiyyatı ilə bağlı cavabdeh məsuliyyət daşımır. Belə olan halda, iddiaçının məsuliyyəti cavabdehin öhdəliyinə verməsi və əsassız olaraq borc hesablayaraq qanunsuz tələb etməsi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı təşkilat daşıdığından, cavabdehin təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı təşkilat tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədilə iddiaçı təşkilat tərəfindən cavabdehin abunə koduna hesablanmış 216 manat dəymiş ziyanın tələb edilməsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1 İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar