Məhkəmə qərarları › İş №e-2(060)-2643/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2643/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2643/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Nəsimi” filialı tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin istifadəsinə dair ərizəsinə əsasən Bank tərəfindən təşkilatın işçilərinin istifadəsinə verilməsi üçün 49 ədəd əmək haqqı kartı 3 il müddətinə açılmış və istifadə edilməsi üçün plastik kart verilmişdir. Nəsimi filialının müştərisi olan Cavabdeh sözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 582,70 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində eyni miqdarda (582,70 manat) “əmək haqqı” təyinatı ilə vəsait mədaxil olunmuşdur. Köçürülmüş hər iki əməkhaqqı cavabdeh tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində məxaric edilmişdir. xx.xx.2021-ci il tarixində “əmək haqqı (reverse)” təyinatı ilə vəsaitin biri geri qaytarılaraq overdraft yaranmışdır. Bankın “Nəsimi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 341,11 manat, faiz borcu üzrə 78,08 manat olmaqla, cəmi 419,19 manat borcu olmuşdur. Maliyyə arayışına əsasən müxtəlif vaxtlarda edilən hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinmələr və nağd ödənişlər vasitəsi ilə cəmi 241,58 manat məbləğində borcdan ödəniş olunmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 419,19 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023cü il tarixli, 6-2-22/2-6047/2023 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 341,11 manat, faiz borcu üzrə 78,08 manat olmaqla, cəmi 419,19 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: 7.İş materiallarına əlavə olunmuş fiziki şəxslərin özünüqiymətləndirmə sorğu anketindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə 3 il müddətinə istifadə edilməsi üçün plastik kart verilmişdir. 8.İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğ 419,19 manat qalıq borc təşkil edir. 9.İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cari hesab üzr artıq istifadə edilmiş məbləğin geri qaytarılmasına dair xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

13. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

16. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

17. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

18. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

19. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

20. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

21. Mülki Məcəllənin 462.1-ci dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 341,11 (üç yüz qırx bir manat, on bir qəpik) manat, faiz borcu üzrə 78,08 (yetmiş səkkiz manat, səkkiz qəpik) manat olmaqla, cəmi 419,19 (dörd yüz on doqquz manat, on doqquz qəpik) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 341,11 (üç yüz qırx bir manat, on bir qəpik) manat, faiz borcu üzrə 78,08 (yetmiş səkkiz manat, səkkiz qəpik) manat olmaqla, cəmi 419,19 (dörd yüz on doqquz manat, on doqquz qəpik) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar