Məhkəmə qərarları › İş №e-2(060)-2672/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2672/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2672/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı X1 Cavabdeh qarşı iddia qaldıraraq iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 251 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə aralarında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 28 mart 2023-cü il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2023-cü il tarixində “X2 Arabia”ya xidmət göstərən bank tərəfindən birbaşa silinmələr daxil olmuşdur. Bununla əlaqədar olaraq banka 251 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh bankın hesabına 251 manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 28 mart 2023-cü il tarixli, ******************** saylı müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir. Cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 14 fevral 2024cü il tarixli, 6-3/xx/xx-1728 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun müqaviləyə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 251 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyimiz faktlar, hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir: 1. 28 mart 2023-cü il tarixli, ******************** saylı müqavilə, Cavabdeh 12 fevral 2024-cü il tarixə olan bоrcu barədə maliyyə arayışı.

Tərəflərin mövqeləri:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarını onların iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 mart 2023-cü il tarixli, ******************** saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi görünür ki, bank Cavabdeh 5 il müddətinə hesab nömrəsi ******************** olan Visa Rewards ödəniş kartını verməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 12 fevral 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2023-cü il tarixində “X2 Arabia”ya xidmət göstərən bank tərəfindən birbaşa silinmələr daxil olmuş, bunlarla əlaqədar olaraq banka 251 manat həcmində ziyan dəymişdir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışda qeyd edilmişdir ki, Cavabdeh qalıq borcu 251 manat təşkil edir.

8. 14.02.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh məxsus olmayan 251 manat vəsaitin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məkhəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

12. Belə ki, mülki qanunvericiliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

13. İş materiallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2023-cü il tarixində birbaşa silinmə daxil olmuşdur. Bununla əlaqədar olaraq banka 251 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh bankın hesabına 251 manat məbləğində əsassız varlanmışdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Məhkəmə hesab edir ki, Cavabdeh bankın hesabına öhdəlikdən kənar pul məbləği əldə etməklə əsassız varlandığı iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı ASC tərəfindən tələb olunan 251 manat pul məbləğini ona qaytarmalıdır.

16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 251 (iki yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 251 (iki yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar