Məhkəmə qərarları › İş №e-2(060)-2704/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2704/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2704/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsini və Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyətini cəlb etməklə “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 11 saylı evin 26 saylı mənzili xx.xx.1993-cü il tarixdə SAM (Sumqayıt Səthi Aktiv Maddələr) zavodu tərəfindən keçirilən mənzil bölgüsü zamanı İddiaçı verilmişdir. Bunu xx.xx.1993-cü il tarixdə verilmiş arayış da təsdiq edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan İsgəndərli Burhan Zaur oğlu məcburi köçkündür. Cavabdehlər iddiaçının xəbəri olmadan ona məxsus olan qeyd olunmuş mənzildə məskunlaşmış, onun mülkiyyətində olan mənzili zəbt etmişdir. Mənzilin boşaldılması ilə əlaqədar cavabdehlərə etdikləri müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdehlər mənzili zəbt etdiklərinə görə iddiaçı mənzilə daxil ola bilmir və mənzildən istifadəsi də imkan xaricindədir. Bu isə iddiaçının mənzil üzərində sərəncam vermə və sahiblik hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd olunanların iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığını nəzərə alaraq cavabdehlər sözügedən mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan İsgəndərli Burhan Zaur oğlunun Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 11 saylı evin 26 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək, bildirmişdir ki, iddiaçının məhkəməyə müraciət etməkdə haqlı tərəfləri vardır. Lakin qeyd edir ki, məcburi köçkün olaraq məcburiyyət qarşısında qaldıqları üçün yarımtikili evdə yaşamağa başlamışlar. Həmin vaxt evin kimə məxsus olmasını düşünməmişlər. Sahibsiz ev, yarımtikili olaraq evdə yaşamağa başlamışlar. İddiaçı ilə şəxsi qərəzləri yoxdur. Hazırki vəziyyətdə yaşamağa yerləri yoxdur. Dövlət onları evlə təmin etməlidir. Qanunauyğun olaraq şəhid ailəsi kimi evlə təmin edilməli idilər. Evlər verilən zaman onların da adlarının siyahıda olduğunu bildirmişlər. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi onları aldatmış və evlə təmin olunmalarını bildirmişlər. Lakin, evlər verilən zaman biz çağırılmamışlar. Qubadlı rayonundan şəhid ailəsi olaraq sadəcə onlarla birlikdə bir ailə evlə təmin edilməmişdir. İşğaldan azad edilən bölgələrdə tikinti işləri aparılır. Sumqayıt şəhəri, 12-ci mikrorayondan azad edilən bölgələrə ailələr köçürüləcəkdir. Məcburi köçkünlər torpaqlarına qayıdan zaman onların da evlə təmin edilmələrini xahiş edir. Anası şəhid valideynidir. O, hazırda xəstədir. Onların evlə təmin edilmələri və bundan sonra İddiaçı evinə yerləşməsini xahiş edir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Qubadlı rayonu işğaldan azad edilmişdir və orada tikinti işləri davam etdirilir. Cavabdeh1 şəhid ailəsidir. Onların imtiyazları vardır və ilk mənzillə təmin olunacaq şəxslərdən biri olacaqlar.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 47ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 736 nömrəli 07 sentyabr 2023-cü il tarixli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə Sərəncamının məzmunundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Müəyyən olunmuşdur ki, Sumqayıt Səthi Aktiv Maddələr İB-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi və MMK-nın xx.xx.1993-cü il tarixli birgə iclasının 7 nömrəli protokoluna əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzil 6 nəfər ailə tərkibi ilə İddiaçı Ağabay oğluna ayrılmışdır. Mənzil yaşayış sahəsi 53,13 kvadratmetr olan 4 otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir. Hazırda ərizəçi 8 nəfər (özü, arvadı, 2 oğlu, qızı və digər 2 qız övladı ilə) ailə tərkibi ilə mərhum atasına aid Corat qəsəbəsində yerləşən 450 saylı evdə 1975-ci ildən qeydiyyatda olmaqla yaşayır. Məhkəmə qətnaməsini nəzərə alaraq, İddiaçı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddələrini rəhbər tutaraq, yaşayış sahəsi 53,13 kvadratmetr olan 4 otaqlı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 26-ya dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanılması (ailə tərkibi 6 nəfər: İddiaçı-özü, X7- arvadı, X5- oğlu, X3- qızı, X2- qızı, X4oğlu), Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi və Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Saray kəndindən məcburi köçkünlər- Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məcburi köçkün, həmçinin şəhid ailəsi kimi qeydiyyatdan keçib-keçməmələri, onlara hər hansı bir mənzil təklif edilib-edilməməsinin, mənzillə təmin olunmasının, mənzilə ehtiyacı olan şəxslərin siyahısında adlarının olub-olmamasının, dövlət tərəfindən mənzillə təminatı, həmçinin onların başqa yaşayış sahəsində yerləşdirilməsi imkanı və ya gələcəkdə yaşayış sahəsinin təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Qubadlı rayonunun Saray kəndindən məcburi köçkün Cavabdeh2 yuxarıda adları qeyd olunan ailə üzvləri ilə bərabər Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 11 saylı evin 26 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və hər hansı bir mənzillə təmin olunması təklif olunmamışdır. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahılar üzrə məcburi köçkün, həmçinin şəhid ailəsi olaraq Cavabdeh2 adı ailə üzvləri ilə birgə məskunlaşdıqları mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı Cavabdeh2 adı ailə üzvləri ilə bərabər öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir. Qeyd edilir ki, Böyük Qayıdışla bağlı Qubadlı rayonundan olan məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırki vaxta kimi həyata keçirilməyib.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 26 İddiaçı məxsusdur. Həmin mənzildə Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır. İddiaçının hazırki tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus mənzildə məskunlaşmaları onun iradəsinə ziddir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”

19. Həmin Qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin, orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnn pozuntusu kimi qiymətləndirilmişdir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

23. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

27. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

28. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.

29. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.

30. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir.

31. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.

32. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi mübahisəli mənzilin hüquqi statusunu müəyyən edən sənəd onun adına verilmiş "xxxx" Dövlət Şirkəti Sumqayıt Səthi Aktiv Maddələr İstehsalat Birliyi tərəfindən verilmiş arayış, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 736 nömrəli, 07 sentyabr 2023-cü il tarixli “yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması” barədə Sərəncamıdır.

33. Məhkəmə hesab edir ki, şəxsin istifadə hüququ əldə etdiyi mənzildə yaşamaq imkanına malik olmalıdır.

34. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

35. Göstərilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır.

36. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan İsgəndərli Burhan Zaur oğlu ünvan 1nında yerləşən 26 saylı mənzilindən çıxarılmalı, ünvan 1nında yerləşən 26 saylı mənzil boşaldılmalı və İddiaçı təhvil verilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan İsgəndərli Burhan Zaur oğlu ünvan 1nında yerləşən 26 saylı mənzilindən çıxarılsınlar. ünvan 1nında yerləşən 26 saylı mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar