Məhkəmə qərarları › İş №e-2(060)-2756/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2756/2025

06.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2756/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76 ünvanında yerləşən 47 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə tam payda xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh onun qardaşının həyat yoldaşıdır. Cavabdeh iddiaçının qardaşına xəyanət etmişdir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması tələbi”nə dair 2(060)-1942/2025 saylı mülki iş vardır. Cavabdehin sözügedən mənzildə yaşaması üçün heç bir əsas yoxdur. Gəlin gəldiyi vaxt başqa mənzilə gəlmiş ailə münasibətləri pozulan ərəfədə sözügedən mənzildə yaşamağa başlamışdır. Cavabdehin sözügedən mənzildə qeydiyyatda olması və orada yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin yaşamaq üçün ailəsinin də öz evi var. Belə olduğu halda, onun sözügedən ünvanda yaşaması yalnız iddiaçı üçün maneədir. Cavabdeh və onun azyaşlı övladları sözügedən mənzildən çıxarılmalıdır. Çünki, cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və onların həmin mənzildə yaşaması isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh azyaşlı övladları xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 ilə birlikdə iddiaçıya məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76 ünvanında yerləşən 47 saylı mənzildən çıxrılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2019-cu ildən etibarən X6, X13, Cavabdeh, X12 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76, 47 saylı mənzildə qeydiyyatdadırlar.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1, 47 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-31/2-1484/2025 saylı daşınmaz əmlakın hüquqi vəziyyəti barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil ünvan 2sdiq edilmiş xx.xx.1993-cü il tarixli, 4Ə-429 nömrəli bağışlanma müqaviləsi əsasında X8 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli, 3M/760 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X9 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli, 3M/380 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4Ə-3-665 nömrəli alqısatqı müqaviləsi əsasında sözügedən mənzil X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-3-665 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X1 adına qeydiyyata alınaraq xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2sdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-2378 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir.

10. İş materiallarında olan Azərbaycan Respubıikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 274 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yaşamır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76 ünvanında yerləşən 47 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir, iddiaçının qardaşı cavabdehlə ailə qurmuş, cavabdeh həmin mənzilə köçmüş və onlar birlikdə orada yaşamışlar, sonradan onlar ayrılmışlar. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Həmin Məcəllənin 157.2, 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Həmin Məcəllənin 228.1, 228.5-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

17. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehin mübahisəli evə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh iddiaçının qardaşı ilə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mənzildə yaşamağa başlaması həmin cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Çünki qanunvericiliyin tələbinə görə, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır.

18. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur.

20. Göründüyü kimi, cavabdeh iddiaçının qardaşının həyat yoldaşı olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da əvvəldən heç yaranmamışdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

22. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X10 yaşayış yeri anaları Cavabdeh yanında müəyyən edildiyindən iddia tələbi onlara münasibətdə də təmin edilməlidir.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan övladları- xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76, 47 saylı mənzildən çıxarılmalıdırlar.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladları- xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 76, 47 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar