Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2764/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər X3 və Cavabdeh2 oğlunun iştirakları ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 oğluna qarşı “şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı uşaqları-2010-cu il təvəllüdlü X5 və 2013-cü il təvəllüdlü X6 və əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 2-dən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2003-cü il tarixli 87 saylı Protokoluna əsasən iddiaçıya Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində 500 kv.m. torpaq sahəsi ayrılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(060)-911/2013 saylı qətnaməsi əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 308D saylı, sahəsi 0,0471 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına xx.xx.2013-cü ildə RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı sonradan həmin torpaq sahəsinin 0,0234 ha hissəsini satmış və ona sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 0,0234 ha hissəyə çıxarış verilmiş, hazırda da bu ev iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. İddiaçı cavabdehlərə ona məxsus olan bu evdə müvəqqəti yaşamağa icazə vermiş, lakin cavabdehlər sonradan bu evi tərk etməkdən boyun qaçırmışlar. Onların birgə yaşamaqları mümkünsüzdür, cavabdehlər mütəmadi olaraq evdə problemlər yaradır, iddiaçı öz mülkiyyətindən normal əsaslarla istifadə etməyə imkan vermirlər. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində onun atasına məxsus ev olmuşdur. Həmin ev satıldıqdan sonra əldə olunmuş məbləğdən 10000 (on min) ABŞ dolları qardaşına verilmişdir. Onun payına düşən 10000 ABŞ dolları ona verildikdən sonra ev almaq üçün bacısında kifayət qədər pul qalmırdı. Onlarda da bacısı ilə birlikdə hazırda mübahisə predmeti olan evi almışlar. Həmin evin tikilməsini, təmirini, kombi sisteminin çəkilməsini şəxsən özü etmişdir. Evin kommunalları onun həyat yoldaşının adınadır. Həmin ev onların ortaq mülkiyyətləridir. Onun iki övladı var. Yaşamaq üçün başqa mənzilləri yoxdur. Göstərilənləri nəzərə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdmişdir. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki, sözügedən fərdi ev əri Rəhimin maddi köməyi hesabına tikilmişdir. Onların həmin yaşayış sahəsindən başqa yaşamağa mənzilləri yoxdur. O, iki uşağı ilə çöldə yaşaya bilməz. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AN-ı № ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, X4 mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon, 308D ünvanında yerləşən 0,0471 ha torpaq sahəsindən 0,0234 ha hissəsini 2000 (iki min) manata X1. Qalan 0,0237 ha torpaq hissəsi İddiaçı mülkiyyətində qalmışdır. İşdə olan Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 29 avqust 2003cü il tarixli 87 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 18, mənzil 25-də yaşayan İddiaçı baş plan əsasında, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 500 (beş yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İşə əlavə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-911/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində sahəsi 500 kv.m olan torpaq sahəsinə İddiaçı faktiki istifadəsində və sahibliyində olması faktının müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Beləliklə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 oğlunun mənzildən çıxarılmaları barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X3 və Cavabdeh2 oğlu və azyaşlı övladları ilə birlikdə evdən çıxarılmalıdırlar. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli fərdi evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdn könüllü olaraq çıxmamaları nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmalarını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər azyaşlı övladları ilə birlikdə hal-hazırda İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları-2010-cu il təvəllüdlü X5 və 2013-cü il təvəllüdlü X6 əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2764/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2764/2024
13.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver