Məhkəmə qərarları › İş №e-2(060)-2768/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2768/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2768/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 148.70 AZN olmaqla cəmi 148.70 AZN borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin istifadəsinə dair ərizəsinə əsasən Bank tərəfindən təşkilatın işçilərinin istifadəsinə verilməsi üçün 49 ədəd əmək haqqı kartı 3 il müddətinə açılmış və istifadə edilməsi üçün plastik kart verilmişdir. Nəsimi filialının müştərisi olan Cavabdeh sözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 581.81 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2021 və xx.xx.2021 tarixlərində eyni miqdarda (582.70 AZN) “AMAK HAQQİ” təyinatı ilə vəsait mədaxil olunmuşdur. Köçürülmüş hər iki əmək haqqı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixlərində məxaric edilmişdir. xx.xx.2021 tarixində “AMAK HAQQİ (REVERSE)” təyinatı ilə vəsaitin biri geri qaytarılaraq overdraft yaranmışdır. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 581.81 AZN, faiz borcu üzrə 33.22 AZN olmaqla, cəmi 615.03 AZN borcu olmuşdur. Maliyyə arayışına əsasən müxtəlif vaxtlarda edilən hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinmələr və nağd ödənişlər vasitəsi ilə cəmi 466.33 AZN məbləğində borcdan ödəniş olunmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 148.70 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2021 və xx.xx.2021 tarixlərində 582.70 AZN “AMAK HAQQİ” təyinatı ilə vəsait mədaxil olunmuş və köçürülmüş hər iki əmək haqqı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixlərində məxaric edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, hazırda Cavabdeh "xxxx" ASC-yə 148.70 AZN borcu var. İşdə olan Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin istifadəsinə dair ərizəsindən görünür ki, həmin ərizəyə əsasən "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən təşkilatın işçilərinin istifadəsinə verilməsi üçün 49 ədəd əmək haqqı kartı 3 il müddətinə açılmış və istifadə edilməsi üçün plastik kart verilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli və xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" tərəfindən xx.xx.2021 və xx.xx.2021 tarixlərində 582.70 AZN “AMAK HAQQİ” təyinatı ilə vəsait cavabdehin hesabına mədaxil olunmuş və köçürülmüş hər iki əmək haqqı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixlərində məxaric edilmişdir. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 148.70 AZN borcu mövcuddur. İddiaçı hazırda həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin əsassız varlanmadan irəli gələn münasibətləri tənzimləyən normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2). Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 148.70 AZN borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da (0.40 qəpik xidmət haqqı daxil olmaqla) cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 148,70 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar