Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-277/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt Şəhər Corat Bələdiyyəsi) mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı"xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR MM-nin 228.1-ci maddəsinə əsasən “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı"xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə almaq lazımdır ki, hal-hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. 13 noyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Sumqayıt Şəhər Corat Bələdiyyəsi məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, fərdi yaşayış evi və torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. Bununla əlaqədar, bu günkü gündə onlar mülkiyyətçi kimi həmin torpaq sahəsi və onun üzərində yerləşən 330 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını və fərdi yaşayış evinin boşaldılmasını xahiş etmişdirlər. Eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 100 manatın tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməsini xahiş etmişdir. İclasa gələrkən problemli kreditlər şöbəsindən məlumatı dəqiqləşdirmiş və ona bildirmişlər ki, halhazırda yaşayış vardır. Cavabdeh həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmış, lakin hal-hazırda fərdi yaşayış evindən istifadə edir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünürki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(060)- 1010/2017 saylı qətnaməsi tələbin ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi, iddiaçı "xxxx" KB ASC-nin tələbi ünvan 3 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə yönəlilməsi, qətnaməyə qismən dəyişiklik edilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 02-1/15SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh milli manat ekvivalentində 19.767,81 ABŞ dolları məbləğində əsas, 1.871,98 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları cərimə, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manatı "xxxx" KB ASC-nin xeyrinə tutulması, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 21.649,79 ABŞ dolları məbləğində pul, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manat pulun "xxxx" KB ASC-nə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-953/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, vətəndaş Cavabdeh xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş və xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxmışdır. - “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında yekun protokola əsasən Cavabdeh məxsus fərdi yaşayış evi və 0,0718 ha torpaq sahəsi yaşayış eviipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evi və 0,0718 ha torpaq sahəsi ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən 54187.50 manata əldə edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı “X1” ASC iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən "xxxx" KB ASC-yə məxsusdur. İddiaçı mülkiyyət huququ ilə ona məxsus olan əmlakdan cavabdehin qanunsuz müdaxiləsi nəticəsində məhrum olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahibola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, mənzilin keçmiş sakini olan cavabdeh mənzili üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verməmişdir. Cavabdeh qeyd olunan mənzildən çıxmamaqla və yaşamağa davam etməkdə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilənformal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0718 ha torpaq sahəsinin üzərində olan 252.60 kv.m ümumi sahədən ibarət 330 saylı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı X1 ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-277/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-277/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver