Məhkəmə qərarları › İş №e-2(060)-279/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-279/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-279/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair ilk iddia ərizəsinə, cavabdehin iddiaçıya qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 31.600 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyun ayında Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsində seçdiyi layihədə fərdi yaşayış evi tikilməsini cavabdehə sifariş etmişdir. Cavabdeh layihənin icrasına 60.000- 70.000 manat sərf olunacağını bildirmiş, özünə zəhmət haqqı kimi 3.000 manat istəmişdir. İddiaçı bununla razılaşdıqdan sonra cavabdeh işə başlamışdır. 2023-cü ilin avqust ayına kimi iddiaçı cavabdehə hissə-hissə olmaqla 101.600 manat pul vermişdir. Buna baxmayaraq cavabdeh evin inşaatını başa çatdıra bilməmişdir. İddiaçı tikintiyə sərf olunan pul məbləğini audit vasitəsilə yoxlamış və ən çoxu 70.000 manatın xərcləndiyini müəyyən etmişdir. İddiaçı cavabdehin bu hərəkətinə görə polisə şikayət etmiş, lakin açılmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Material üzrə təyin edilmiş məhkəmətikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə də tikintinin başa çatmaması və evin inşası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq 61.603 manat müəyyən olunmuşdur. Cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə iddiaçıya şişirdilmiş məbləğ deyərək pulun yerdə qalan hissəsini mənimsəmişdir. Bununla da vəd etdiyi kimi evin təmirini yekunlaşdırmamış, işinə məsuliyyətsiz yanaşmışdır. İddiaçı hesab edir ki, cavabdehə verdiyi 31.600 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir. Cavabdehin iddiaya yazılı etirazı isə belə əsaslandırılmışdır ki, cavabdeh tikinti işlərinə 2022-ci ilin iyun ayında başlayıb, 2023-cü ilin iyul ayınadək tikintidə iştirak edib. İddiaçı tərəfindən cavabdehə hissə-hissə olmaqla 101.600 manat pul verilib. Həmin məbləğin 97.000-98.000 manat hissəsi inşaat materiallarına və ustaların zəhmət haqqısına sərf olunub. Yerdə qalan məbləğ isə cavabdehin zəhmət haqqısının bir hissəsi kimi ona qalmışdır. Əslində iddiaçının cavabdehə borcu qalıb. Razılaşmaya əsasən cavabdeh gündəlik alınan mal-material və görülmüş işlər barədə iddiaçıya məlumat verib. Cavabdeh gördüyü işlərin qeydiyyatını aparıb. Çəkilməli olan xərclərin məbləği əvvəlcədən müəyyən edilməyib. Cavabdehin aldığı materialların qaimələri mövcuddur, bir nüsxəsi iddiaçıda da vardır. Cavabdeh tərəfindən zirzəmidə 75,5 kv.m, birinci mərtəbədə 166 kv.m, ikinci mərtəbədə 178 kv.m, terrasda 22 kv.m iş görülüb. 89 adda işlərin və xərclərin siyahısı tutulub. Smetanın dəyəri 108.222 manat təşkil edib. İddiaçının istinad etdiyi ekspert rəyi mötəbər deyil. Cavabdehin ekspertiza həyata keçirilən zaman iştirakı təmin edilməyib. Görülmüş bütün işlər ekspert rəyində öz əksini tapmayıb. İddiaçı hər gün tikintiyə baş çəkərək, işləri özü müşahidə edib. İddiaçının narazılığı olsaydı etirazını həmin vaxt edər, digər vəsaitləri ödəməkdən imtina edərdi. Bundan sonra Cavabdeh də öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı icarə haqqı kimi ödədiyi 2.405 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tikinti zamanı Cavabdeh ustaların hündür yerlərdə rahat işləməsi üçün bəzi tikinti konstruksiya avadanlıqlarını icarəyə götürmüşdür. Həmin avadanlıqlara lesa və ya kozyol, yəni başlıqlar, uzun və qısa çubuqları və taxta ayaqaltılar təşkil edir. Avadanlıqlar Saray qəsəbəsi yeni tikinti bazarında fəaliyyət göstərən şəxslərdən icarəyə götürülmüşdür. Cavabdeh tikintidə iştirak etdiyi müddətdə həmin avadanlıqlara görə hər ay 185 manat icarə haqqı ödəyib. O, tikinti işlərindən kənarlaşdırıldıqdan sonra avadanlıqlar cavabdehə qaytarılmamış və icarə haqqısı ödənilməmişdir. Bu səbəbdən Cavabdeh 2023-cü ilin sentyabr ayından həmin icarə haqlarını özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh hesab edir ki, tikinti işlərindən kənarlaşdırıldıqdan sonra icarə haqlarına görə ödədiyi vəsaitin əvəzi olaraq 2.405 manat məbləğində pul İddiaçı alınaraq ona qaytarılmalıdır. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 21.3-cü maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarını təhlil edən Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinə ayrıca hüquqi institut kimi təsbit edilmiş öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tərəflər arasında meydana gələn münasibətlər Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə cavab verir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Tərəflər bağlanmış podrat müqaviləsini mübahisə etməmiş, həmin müqavilənin şərtlərinə istinad edərək bir-birinə qarşı tələblərini irəli sürmüşdür. Məhkəmə tərəfindən podrat müqaviləsinin etibarlılığı yoxlanılmış, tərəflərin iradəsindən kənar həmin müqavilənin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən edilməmişdir. Odur ki, tələblərə podrat razılaşmasının şərtləri baxımından qiymət verilməsi mümkündür. Məhkəmə həmçinin hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün podrat müqaviləsinin qüvvədə olub-olmaması, müqaviləyə xitam verilib-verilməməsi aydınlaşdırılmalıdır. Tikinti işlərinin 2022-ci ilin iyun ayında başlaması, Cavabdeh podratçı olaraq təmirtikinti işlərini başa çatdırmadan 2023-cü ilin iyul ayında sifarişçi olaraq İddiaçı tərəfindən Cavabdeh müqavilənin icrasından iradəsindən kənar kənarlaşdırılması işin mübahisəsiz halları kimi müəyyən edilir. Podrat müqaviləsi öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilədir. Mülki Məcəllənin 752.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçinin isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürməsi ilə şərtləndirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş izahı nəzərə alan Məhkəmə işin hallarını nəzərə alaraq müəyyən edir ki, İddiaçı 2023-cü ilin iyul ayında Cavabdehlə bağlanmış podrat müqaviləsini birtərəfli qaydada ləğv etməklə xitam vermişdir. Belə ləğetmənin əsası kimi isə sifarişin vaxtında icra edilməməsi və podratçı Cavabdeh tərəfindən sifarişin icrası üçün lazım olandan daha artıq vəsaitin alınmasının sonradan müəyyən edilməsi göstərilmişdir. İddiaçı müqaviləni ləğv edərkən belə hesab etmişdir ki, podratçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur, əksinə podratçı əsassız olaraq ondan tələb olunandan artıq vəsait tələb edib almışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırda cavabdehlə bağlanmış podrat müqaviləsini ləğv etmiş İddiaçı cavabdeh tərəfindən ondan müqavilənin icrası ilə bağlı tələb olunandan artıq alınmış 31.600 manat pulun ona qaytarılmasını tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi əsassız varlanmanın müddəalarına istinad edir və həmin vəsaiti vurulmuş zərərin əvəzi kimi tələb edir. Əsassız varlanmanın anlayışı qanundan irəli gələn öhdəlik kimi Mülki Məcəllənin 1091-ci maddəsində verilmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddianın haqlı bir hüquqi əsasa söykənib-söykənmədiyini müəyyən etmək Məhkəmənin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Əsassız varlanma İddia tələbinin əsaslana biləcəyi başqa heç bir hüquqi əsas, yəni müqavilədən və qanundan irəli gələn hüquqi əsas olmasa tətbiq oluna bilər. İddiaçının qeyd etdiyi 31.600 manatı müqavilə üzrə öhdəliyin icra edilməsi məqsədilə cavabdehə verməsi, sonradan həmin vəsaiti görülmüş tikinti işlərinə sərf edilməməsini müəyyən etməsi əsası geri tələb etməsi işin mübahisəsiz halıdır. Qeyd edildiyi kimi iddiaçı müqaviləni birtərəfli ləğv etməsi səbəbi kimi bu faktı da göstərmişdir. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqaviləni tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması anlayışı Mülki Məcəllənin 421.2-ci maddəsinə verilmişdir. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şəxsin 70.000 manata başa gələ biləcək iş üçün 101.600 manat sərf etməsi, aradakı 31.600 manat əmlak itkisi (45% daha artıq vəsait sərf edilməsi) şəxs üçün xeyli dərəcədə məhrumiyyət sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddianın hüquqi əsasını Mülki Məcəllənin 424.5-ci maddəsi təşkil edir. İddia tələbinin əsaslana biləcəyi qanundan irəli gələn hüquqi əsas tapıldığından mübahisəyə əsassız varlanmanın qaydaları tətbiq edilə bilməz. Müqaviləni birtərəfli qaydada ləğv etmiş iddiaçının müqavilənin tərəfi kimi hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ vardır. Cavabdeh müqavilənin digər tərəfi kimi hazırkı iddia tələbinə cavab verən şəxsdir. İddia düzgün cavabdehə qarşı irəli sürülmüşdür. Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bu halın təsdiqi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8467 nömrəli ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 20 ünvanında tikintisi başa çatmamış yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 61.603 manat məbləğində müəyyən olunur. Yerinə yetirilmiş tikinti işlərinin həcmi və dəyəri ekspert rəyində əksini tapan smetada ətraflı göstərilmişdir. Cavabdeh ekspert rəyinin mötəbərliyini şübhə altına alaraq bildirir ki, qiymətləndirmə fəaliyyətini məhkəmə tikinti ekspertizasının eksperti həyata keçirmişdir. Halbuki məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən təyin edilmiş məhkəmətikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9446 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu rəyi verən ekspert ilə Sumqayıt Şəhər Polis İdarəsində aparılan araşdırma zamanı rəy verən ekspert hər ikisi məhkəmə-tikinti ekspertizasını həyata keçirən şöbənin əməkdaşlarıdır. İddiaçının istinad etdiyi rəyi verən ekspert öz fəaliyyət sahəsindən kənara çıxmaqla qiymətləndirmə fəaliyyətini həyata keçirmişdir. Bu isə həmin qiymətləndirmənin məbləğinin şübhəli olması qənaətinə gəlməyə əsas verir. Eyni fəaliyyət üzrə ekspertiza həyata keçirən iki ekspertin eyni iş üzrə verdiyi rəylər bir-biri ilə ziddiyyət təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9446 nömrəli ekspert rəyindən görünür ki, ekspert tərəfindən tədqiqat olunan tikililərə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Lakin tədqiqatın nəticəsində həqiqətən də cavabdehin qeyd etdiyi əsaslarla rəy verilməsindən imtina olunmuşdur. Lakin Məhkəmə hesab edir ki, bu hal xx.xx.2024-cü il tarixdə ekspert rəyinin mötəbərliyini şübhə altına ala bilməz. Ekspert xüsusi biliyindən kənara çıxmamışdır. Xüsusi bilik təşkil etməmə və başqa xüsusi biliyə aid olma anlayışları bir-birindən fərqləndirilməlidir. xx.xx.2025-ci il tarixli rəydə qiymətləndirmə fəaliyyətinin elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etmədiyi qeyd edilmişdir. Belə olan halda xüsusi biliyi olan ekspertin bu sahədə rəy verməsi qəbulediləndir və qiymətləndirmə məbləğinin şübhəli olması qənaətinə gəlmək üçün əsas təşkil edə bilməz. Cavabdeh həmçinin ekspert rəyinin əsassızlığı ilə bağlı bildirmişdir ki, 2024-cü ildə birinci ekspertizanın aparılması zamanı onun hüquq və vəzifələri pozulmuş, iştirakı təmin olunmamışdır. Nəticədə özünün sübutlarını ekspertə təqdim edə bilməmişdir. Ekspert rəyi görülmüş işləri tam şəkildə əhatə etmir. Ekspert tikilmiş evin dam örtüyü də vurulduqdan sonrakı vəziyyətinə baxış keçirmişdir. Lakin ərazidə ilkin qazıntı-bünövrə işləri aparılarkən torpaq uçqunu baş vermiş və bununla bağlı orada xeyli əlavə bərkitmə işləri görülmüşdür. Ekspert ona bildirilmədən bu işləri müəyyən edə bilməzdi. Ekspert rəyində bu hallar qeyd edilməmişdir. Həmin bünövrə bərkitmə işləri ilə bağlı iddiaçı əlavə xərclər çəkmişdir ki, bu hal əvvəlcədən nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh qeyd etmişdir ki, ekspert rəyi həm də ona görə mötəbər deyildir ki, ekspert 61.300 manat qiymətləndirmə aparmışdır. Ümumi 441 kv.m tikinti sahəsində işlərin aparıldığı nəzərə alınarsa 61.300 manatı həmin sahəyə böldükdə 1 kv.m üçün 139 manat xərc ortaya çıxır. Bu məbləğ isə ağlabatan deyil. Çünki hazırkı qiymətlərlə tikinti bazarında ümumi tikintinin 1 kv.m-i üçün məbləğ 250-300 manatdan başlayır. Ekspertin müəyyən etdiyi qiymət isə 2 dəfə azdır. Məhkəmə qeyd edir ki, cavabdehin çıxışındakı dəlillər iddiaçının yeganə sübut kimi istinad etdiyi ekspert rəyinin mötəbərliyini aradan qaldırmaq və bu səbəbdən iddia tələbinin sübuta yetməməsi əsası ilə təmin edilməməsinə nail olmaqdır. Lakin ekspert rəyinin mötəbərliyinə qarşı dəlilləri irəli sürən və qiymətləndirmə fəaliyyətinin özəl ekspertiza təşkilatları tərəfindən keçirilə biləcəyini bildirən cavabdehin özü tərəfindən də etirazının əsaslılığı ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavabdeh və ya onun vəkili özəl ekspertiza təşkilatlarının biri ilə bağlanan müqavilə əsasında sübutlarını təqdim edərək qiymətləndirmə hesabatı əldə edə biləcəyi halda, belə sübutu məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9446 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Podrat müqaviləsi əsasında tikinti işlərinə sərf edilmiş vəsaitin məbləği 61.603 manat təşkil etdiyi müəyyən olunur. İddiaçı tərəfindən cavabdehə 101.600 manat vəsait verildiyi işin mübahisəsiz halıdır. Razılaşdırılmış muzdun əvvəlcədən 101.600 manat təşkil etdiyini sübut etmək vəzifəsi üzərinə düşən cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh özü də bildirmişdir ki, muzdun dəyəri əvvəlcədən razılaşdırılmamışdır. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, 101.600 manat vəsaitdən 61.603 manat çıxıldıqda cavabdehə verilmiş vəsaitin (101.600 – 61.603 =) 39.997 manat hissəsinin tikinti işlərinin görülməsinə sərf edilmədiyi müəyyən olunur. İddiaçı ona vurulmuş zərərin əvəzi kimi 31.600 manat tələb etmişdir. Bu səbəbdən cavabdehin 3.000 manat vəsaitin ona zəhmət haqqı kimi ödənilməsi ilə bağlı dəlilinə qiymət verilməsinə zərurət qalmır. Beləliklə Məhkəmə hesab edir ki, ilk iddia əsaslı hesab edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 31.600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, tikinti zamanı ustaların hündür yerlərdə rahat işləməsi üçün bəzi tikinti konstruksiya avadanlıqlarını icarəyə götürmüşdür. Həmin avadanlıqlara lesa və ya kozyol, yəni başlıqlar, uzun və qısa çubuqları və taxta ayaqaltılar təşkil edir. Avadanlıqlar Saray qəsəbəsi yeni tikinti bazarında fəaliyyət göstərən şəxslərdən icarəyə götürülmüşdür. Cavabdeh tikintidə iştirak etdiyi müddətdə həmin avadanlıqlara görə hər ay 185 manat icarə haqqı ödəmişdir. O, tikinti işlərindən kənarlaşdırıldıqdan sonra avadanlıqlar cavabdehə qaytarılmamış və icarə haqqısı ödənilməmişdir. Bu səbəbdən cavabdeh 2023-cü ilin sentyabr ayından həmin icarə haqlarını özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh hesab edir ki, tikinti işlərindən kənarlaşdırıldıqdan sonra icarə haqlarına görə ödədiyi vəsaitin əvəzi olaraq 2.405 manat məbləğində pul İddiaçı alınaraq ona qaytarılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh müqavilə ləğv edildikdən sonra onun tərəfindən icarəyə götürülmüş və tikinti işlərindən kənarlaşdırıldıqdan sonra iddiaçının faktiki sahibliyində qalmış, 2023-cü ilin sentyabr ayından qarşılıqlı iddia tələbini irəli sürdüyü 2024-cü ilin oktyabr ayınadək 13 aylıq icarə haqqının (185 x 13 = 2.405) ödənilməsini tələb edir. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlik nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında izah edilmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.” Məhkəmə hesab edir ki, cavabdeh ona vurulmuş zərərin əvəzini tələb edə bilməsi üçün ilk növbədə iddiaçı tərəfindən hüquqazidd bir əməlin törədildiyini, hüquq qaydasının pozulduğunu sübut etməlidir. Cavabdeh tərəfindən həmin avadanlıqların iddiaçıdan tələb edilməsi sübut edilmir. Arif Mehdiyevin şikayəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK-1/2730 nömrəli material tədqiq edilərkən Cavabdeh alınmış izahatlarda da avadanlıqlarla bağlı heç nə bildirməmişdir. Cavabdeh tərəfindən Məhkəməyə qeyd edilən avadanlıqların götürülməsini təsdiq edən sübut kimi təhvil-təslim aktı təqdim edilmişdir. Lakin təhvil-təslim aktının tərtib edildiyi tarix və icarəyə götürmə tarixi həmin sənəddə göstərilməmişdir. Cavabdeh tikinti fəaliyyəti göstərən şəxs kimi qeyd edilən təhvil-təslim aktının məhz iddiaçı ilə bağlanan podrat müqaviləsinin icrası ilə bağlı istifadə edilən avadanlıqlara aid olduğunu təsdiq edən başqa sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə həmin təhvil-təslim aktını hazırki iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh 2023-cü ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək hər ay 185 manat icarə haqqı ödəməyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir. Beləliklə, Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, ilk iddia tələbi təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 31.600 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia rədd edildiyindən Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh özünə aid edilməlidir. İş üzrə verilmiş ekspert rəyinin nəticə hissəsində rəyin verilməsindən imtina edildiyindən Məhkəmə hesab edir ki, məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqat dəyəri Məhkəmə Ekspertizası Mərkəzinin özünə aid edilməlidir. Çünki ekspert tədqiqat aparmadan da məhkəmə ekspertizası fəaliyyətinə aid olmaması əsası ilə ekspertizanın aparılmasından imtina edə bilərdi. Bunun üçün tədqiqat apardıqdan sonra ekspert rəyinin verilməsinə zərurət yox idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 31.600 (otuz bir min altı yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185 (yüz səksən beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Ekspert rəyinin verilməsindən imtina edildiyindən məhkəmə-tikinti-texniki ekspertizanın tədqiqat dəyəri Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar