Məhkəmə qərarları › İş №e-2(060)-2799/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-2799/2023

22.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2799/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ya (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) olan istifadə hüququnun itirilmiş hesab edilməsi, həmçinin tərəfindən mediasiya üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 101 manatın da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş əridir. Belə ki, onlar xx.xx.2008-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların iki övladı var: xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü Şərfiov Rəsul Samir oğlu. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 368/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşaqların iddiaçının yanında qalmasının müəyyən olunması və onların saxlanması üçün 350 manat aliment tutulub iddiaçıya verilməsi qət olunmuşdur. Bildirir ki, hazırda iddiaçının mülkiyyətində olan ünvan 1-nı (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) onlar nikahda olduqları dövrdə yəni, xx.xx.2019-cu ildə birgə vəsaitləri hesabına almışlar. Həmin mənzil alınan zaman cavabdehin adına olmuşdur. Həmçinin qeyd edir ki, onlar nikah dövründə yəni, xx.xx.2019-cu ildə "xxxx" MTK-dan Sumqayıt şəhəri Bulvar ərazisində tikilməkdə olan 1-ci bina, 9-cu blok, 3-cü mərtəbə, 9 nömrəli, 2 otaqlı mənzili 67915 manata almışlar. Həmin mənzilin dəyəri tam olaraq ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Mənzil hazırda ********* nömrəli 06 noyabr 2019-cu il tarixli payçı müqaviləsi ilə cavabdehin adınadır. Bildirir ki, cavabdeh ünvan 1-nı (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) xx.xx.2021-ci ildə iddiaçıya bağışlamışdır. Hazırda həmin mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Yuxarıda qeyd edildiyi kimi artıq cavabdehlə aralarında olan nikah pozulmuşdur. Həmçinin cavabdehin öz adına mənzili var. Ona görə də hesab edir ki, onun iddiaçıya məxsus olan mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Çünki hazırda cavabdehin iddiaçıya məxsus mənzildə heç bir hüququ yoxdur. O, formal olaraq iddiaçıya məxsus mənzildə hazırda qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini, eyni zamanda mülki işin qiyabi icraat qaydasında keçirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, X2 və Şərifov Rəsul Samir oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) ünvanında yerləşən mənzili arvadı İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-368/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27 avqust 2008-ci il tarixində Sumqayıt şəhəri Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra 05 iyul 2013-cü il təvəllüdlü Şərifov Rəsul Samir oğlu və 31 may 2009cu il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmaları, 05 iyul 2013-cü il təvəllüdlü Şərifov Rəsul Samir oğlu və 31 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2019-cu il tarixli, ********* №-li payçı müqaviləsinin surətindən görünür ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, Bulvar 2 ərazisi, 1-ci bina, 9-cu blok, 3-cü mərtəbə, 9 №-li, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən Sumqayıt şəhəri, Bulvar 2 ərazisi, 1-ci bina, 9-cu blok, 3-cü mərtəbə, 9 №-li, 2 otaqlı mınzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil ürə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin "xxxx" MTK-nın Sumqayıt şəhəri, Bulvar 2 yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürür. - xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Sumqayıt şəhəri, Bulvar 2 ərazisi, 1-ci bina, 9-cu blok, 3-cü mərtəbə, hesablaşma sahəsi 57,8 kv.m olan, 9№li mənzilin ümumi dəyəri 67915 AZN-dir. Cavabdeh tərəfindən tam məbləğ-67915 manat MTK-ya ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduqları vaxt tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü Şərfiov Rəsul Samir oğlu adlı iki övladı doğulmuşdur. Hazırda mübahisə predmeti olan ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) mənzil tərəflərin nikahda olduqları dövr ərzində xx.xx.2019-cu il tarixində alınmışdır. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) ünvanında yerləşən mənzili arvadı İddiaçı bağışlamışdır. Hazırda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-368/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 27 avqust 2008-ci il tarixində Sumqayıt şəhəri Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra 05 iyul 2013-cü il təvəllüdlü Şərifov Rəsul Samir oğlu və 31 may 2009-cu il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmaları, 05 iyul 2013-cü il təvəllüdlü Şərifov Rəsul Samir oğlu və 31 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflər arasında nikah pozulmasına baxmayaraq, cavabdeh iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Qeyd edilənlərə əsasn iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ödənilmiş 101 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1-ya (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti, 434, M3, m1) olan istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin və 101 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar