Məhkəmə qərarları › İş №e-2(060)-2809/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2809/2024

21.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2809/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh, azyaşlı övladları xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı evin 38 saylı mənzilinə istifadə hüququna xitam verilməklə cavabdeh tərəfindən mənzilin boşaldılmasına, həmçinin hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı ev, 38 saylı mənzil onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1, xx.xx.2024-ci il tarixli və ********** saylı İddiaçı adına ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən çıxarış təqdim edilmişdir. Alqı-satqı müqaviləsinin imzalanmasından əvvəl qeyd edilən mənzilə dair beh müqavləsi imzlanamış və imzalanma zamanı satıcı Atluxanov Hikmət Dəmir oğlunun arvadı Cavabdeh notariat ofisində ərizə imzalayaraq qeyd etmişdir ki, Cavabdeh qeydiyyatda olduğu, birgə nikah dövründə əldə edilmiş, əri Atluxanov Hikmət Dəmir oğluna məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd olunmuşdur ki, satıcı Atluxanov Hikmət Dəmir oğlu, daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2024-ci tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Lakin satıcı Atluxanov Hikmət Dəmir oğlu, mənzildən qyediyyatdan çıxaraq başqa ünvanda yaşamasına baxmayaraq onun arvadı Cavabdeh, övladları xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 gedən mənzildə hal-hazırda da qeydiyyatdadırlar və o mənzili boşaltmaqdan imtina edirlər. Həsab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 saylı mənzili boşaltmaqdan imtina etməsi qanuna ziddir. Qeyd edilənlərə əsasən hesab edir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı ev, 38 saylı mənzilin üzərində onun istifadə hüquqları müəyyən edilməli, həmin mənzil cavabdeh tərəfindən boşaldılmalıdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, evi alqı-satqı müqaviləsi ilə almışdır. Lakin cavabdeh evdən çıxmır. Nəticədə o da evinə köçə bilmir və hazırda kirayə mənzildə yaşayır.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh evdən çıxmır, alqı-satqı müqaviləsindən əldə edilən puldan ona pay çatmadığını iddia edir. Satışdan əldə edilən pulun 40000 manat ipoteka ödənişinə getmişdir. Bir hissəsi beh müqaviləsi ilə ödənilmişdir. Cavabdeh evdən çıxmaq üçün əvvəl 1500 manat məbləğində ödəniş istəmişdir. Həmin pul verildiyi zaman isə 4000 manat məbləğində ödəniş istəmişdir. 4000 manat ödənildikdə isə 15000 manat məbləğində ödəniş istəmişdir. İddiaçı özü hazırda kirayə mənzildə yaşayır, əlavə xərcləri çoxdur. Qarşı tərəf pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı hazırda evsiz qalmışdır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Alqı-satqı müqaviləsi onunla yox, yoldaşı ilə olmuşdur. Onun iki qızı var, məktəbə gedirlər. Həyat yoldaşı pulu alıb getmişdir. Evi satdıqdan sonra Bakıya köçəcəklərini bildirmişdir. Yanvar ayında razılıq vermiş, fevral ayında yoldaşı əşyalarını yığıb getmişdir. Mənzillə bağlı hazırda mübahisə vardır. Başqa məhkəmə prosesi gedir. Mənzilin paylara bölünməsini istəyir. Fevral ayından aralarındakı münasibətlər pisləşmiş, razılığı yanvar ayında vermişdir. Həmin vaxt münasibətləri yaxşı idi. Həyat yoldaşı evi 4 il əvvəl ipoteka müqaviləsi ilə almışdır. 2 qız övladı var, evdən çıxa bilməz. Ailəli idilər, belə edəcəyini bilmirdi. Yoldaşına inanmışdır. İpoteka məbləği barədə məlumatı olmamışdır.

Tədqiq olunan sübutlar:

6. AN-İ ******* saylı, 25 yanvar 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68 kv.m olan mənzili 78500 manat qiymətinə İddiaçı satmış, alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 50000 manatını Sumqayıt şəhəri, 4 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3M-91 nömrəli reyestrlə rəsmiləşdirilmiş beh müqaviləsinə əsasən öhdəlikdən sonra qalan 28500 manatı isə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

7. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 28500 manat məbləğində pul vəsaitini notariusun bankda açılan depozit hesabına ödəmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 29 fevral 2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan görünür ki, İddiaçı, X8, Atluxanov Hikmət Dəmir oğlu, Cavabdeh, Atluxanova Günay Hikmət qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

9. Cavabdeh notarial qaydada təsdiq edilmiş 13 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu, birgə nikah dövründə əldə edilmiş, əri – Atluxanov Hikmət Dəmir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

10. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 yanvar 2024-cü ildə qeydiyyata alınmışdır.

11. Atluxanov Hikmət Dəmir oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ünvan 1 ünvanında yerləşən mənzili satmaq məqsədi ilə İddiaçı 50000 manat behi almış və həmin mənzili ona satmaqdan imtina edəcəyi halda behi ikiqat geri qaytaracağını öhdəsinə götürmüş, İddiaçı hərəkətləri nəticəsində müqaviləni bağlamaq mümkün olmadıqda 50000 manat behin Atluxanov Hikmət Dəmir oğlunda qalacağı müəyyən edilmişdir.

12. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil üzərində Atluxanov Hikmət Dəmir oğlunun mülkiyyət hüququ 21 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. AZ-İ 974618 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ilə Atluxanova (Kaziyeva) Sofiyat Valeryevna arasında 22 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2213 nömrəsi ilə qeydiyyat aparılmışdır.

14. xx.xx.2024-cü il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, X5 və X3 qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiklərini, razı olduqlarını bildirmişdirlər.

15. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 30.1 kv.m, yaşayış sahəsi 17.3 kv.m, yardımçı sahəsi 12.8 kv.m olan 1 otaqlı mənzili tam mülkiyyət üzrə X6 53000 manat qiymətinə satmışdır.

Məhkəmə baxışının hədləri:

16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

1. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını, onun nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

2. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı qeyd olunan mənzilin əvvəlki mülkiyyətçisi Atluxanov Hikmət Dəmir oğlunun həyat yoldaşı Cavabdeh, övladları X8 və Atluxanova Günay Hikmət qızı da qeydiyyatdadır. Hal-hazırda İddiaçı Cavabdeh və onun azyaşlı övladları X8 və Atluxanova Günay Hikmət qızının sözügedən mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

3. Sözügedən mənzil İddiaçı hazırki iş üzrə Cavabdeh əri tərəfindən 25 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin alqı-satqı müqaviləsi bağlanmamışdan öncə, yəni 13 yanvar 2024-cü il tarixində Cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ərizə təqdim edərək birgə nikah dövründə əldə edilmiş, əri – Atluxanov Hikmət Dəmir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

4. Beləliklə sözügedən mənzilin hal-hazırda iddiaçının mülkiyyətində olması, onun həmin mənzili cavabdehin ərindən alqı-satqı müqaviləsi əsasında alması və mənzili almamışdan öncə cavabdehin həmin mənzilin satılmasına etiraz etməməsi və mənzil satıldıqdan sonra mənzili tərk etməsi və oradan qeydiyyatdan çıxması ilə bağlı üzərinə öhdəlik götürməsi işin mübahisə edilməyən hallarıdır.

5. Cavabdeh sözügedən mənzili tərk etməməsinin dəlili kimi alqı-satqı müqaviləsinin onunla deyil, əri Atluxanov Hikmət Dəmir oğlu ilə bağlandığını və ərinin pulu götürüb getdiyini bildirmişdir.

6. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.

7. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir.

8. İş materiallarından görünür ki, mübahisə predmeti olan mənzil üzərində cavabdehin əri Atluxanov Hikmət Dəmir oğlunun mülkiyyət hüququ 21 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin dövrdə tərəflər birgə nikahda olmuşlar. Beləliklə də Atluxanov Hikmət Dəmir oğlunun sözügedən mənzil üzərində mülkiyyət hüququ cavabdehlə birgə nikah dövründə qeydiyyata alınmışdır.

9. Bununla da hazırki iş üzrə Cavabdeh 21 avqust 2020-ci il tarixdə həmin mənzil üzərində ümumi birgə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə mindiyi dövrdən sonra əmələ gəlsə də, Cavabdeh həmin mənzil üzərində istifadə hüququ Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş əsaslarla deyil, ümumi birgə mülkiyyət hüququ əsasında yaranmışdır.

10. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

11. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırki mübahisə Cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan bu mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

13. Qeyd olunan normanın mənasından göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsasdır.

14. Hazırki işdə də işin faktiki hallarından göründüyü kimi Cavabdeh 13 yanvar 2024-cü il tarixində Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ərizə təqdim edərək sözügedən mənzilin özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş və eyni zamanda müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

15. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzil üzərində istifadə hüququna xitam verilməlidir.

16. Məhkəmə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının sözügedən mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 və xx.xx.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının da sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməlidir.

17. İddiaçının cavabdehlər tərəfindən mübahisə predmeti olan mənzilin boşaldılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərin hal-hazırda sözügedən mənzildən istifadə hüquqları qalmadığından onlar iddiaçıya məxsus mənzildə qalaraq onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaratmaqla mənzildən istədiyi kimi istifadə etmək, ona sahiblik etmək hüquqlarını məhdudlaşdırırlar.

18. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması hissəsində də təmin edilməlidir.

20. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 300 manat məbləğində pul ödədiyini iddia etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

21. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qızının və onun övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və 19.2.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməli və həmin mənzil Cavabdeh tərəfindən boşaldılmalıdır.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü X4 və 19.2.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilsin; Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzili Cavabdeh tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar