Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2862/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz ərazisində yerləşən sahəsi 200 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidməti tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 03 mart 2022-ci il tarıxli **********78 saylı məktubda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid olan Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi ərazisində 200 kvadrat metr torpaq sahəsini zəbt edərək orada qanunsuz 90 kvadrat metr ölçüdə tikinti işləri aparır. Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçilərı tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz ərazisində yerləşən sahəsi 200 kvadrat metr olan həyətyanı torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq fərdi yaşayış evi inşa olunmuşdur. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi EP-300 zavodu ilə üzbəüz ərazisındə yerləşən və bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılmasını, orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq və bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Cavabdeh hər hansı hüquqmüəyyənedici sənədi olmadan bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməldir. Belə olan halda, o, zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində özbaşına inşa edilmiş fərdi yaşayış evi sökülməli və qeyd edilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, icraatda iddiaçı Sumqayıt Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş vardır. Qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı iş materialında heç bir mötəbər sübut olmadığına görə, həmin iddianı aşağıda göstərilən asaslara görə qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə nıülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Lakin iş materiallarında mübahisəli torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarında olan “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının və Sumqayıt Şəhər Bələdiyyəsinin sədri tərəfindən razılaşdırılaraq təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli Protokolun İİİ Bələdiyyənin sərhədi daxilində kənar torpaq istifadəçilərindən bəhs edən bölməsinin “İ” yarımbəndində qeyd edilmiş və Cavabdeh istifadə etdiyi 1264.0 ha mübahisəli torpaq sahəsinin “Sənaye obyektləri” kateqoriyasına aid olduğu göstərilmişdir. Yenə də iş materialında olan “Sumqayıt şəhər ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların” EKSPLİKASİYASİ-na dair şəhər icra hakimiyyəti və şəhər bələdiyyəsinin təsdiq etdiyi həmin tarixli torpaq sahələrinin növlərinə dair sənəddə 28-ci (sənaye obyektlərinə) aid sırasında 1264.0 torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılması qeyd olunmuşdur. Bundan başqa 01 mart 2022-ci il tarixdə Sumqayıt bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda “qanunsuz olaraq bələdiyyə mülkiyyətində olan torpağın” zəbt edilərək orada özbaşına tikinti aparılması qeyd edilmişdir. Hansı ki, yuxarıda qeyd olunduğu kimi həmin torpaq sənaye obyektləri növünə aid olmaqla dövlət mülkiyyətində saxlanılmışdır. Bundan başqa X4 Layihə İnstitunun mütəxəssisləri, DTXK-nin Sumqayıt şəhər şöbəsinin mütəxəssisinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinin, Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini və bələdiyyənin memarı tərəfındən tərtib edilmiş 21 iyun 2001-ci il tarixli torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 3-cü və 21ci maddələrinin göstəricilərinə əsasən torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib təyinatına görə araşdırma aparılaraq Dövlət mülkiyyətində saxlanılan cəmi 7829.80 hektar müəyyən eidlmişdir ki, bunun da 1264.0, hektarı sənaye obyektərinə aid torpaq sahəsi olmuşdur. Odur ki, Sumqayıt şəhər bələdiyyəsinin mübahisəli torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığına görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözügedən ərazidə aparılan islahatlar nəticəsində Əmlak Komitəsinin nümayəndələri tərəfindən qanunsuz tikililər müəyyən edilir və bununla bağlı akt tərtib edilir. Hazırki iş də bu tip işlərdən biridir. Hazırkı iş üzrə cavabdehə qanunsuz tikilinin sökülməsi barədə xəbərdarlıq edilmiş və bu halla bağlı akt tərtib edilmişdir. Hazırkı vəziyyətdə bələdiyyənin mülkiyyət hüququ pozulmuşdur. Həmin ərazi dövlətin yox, bələdiyyənin mülkiyyətindədir. Belə ki, belə olmadığı təqdirdə Əmlak Komitəsi özü iddia ərizəsi ilə məhkəməyə müraciət edər, iddia qaldırılması üçün bələdiyyəyə müraciət etməzdi. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, sözügedən ərazidə evi nəvəsi üçün şəxsən özü tikmişdir. Ev tikərkən müvafiq idarələrə məlumat verilmiş və onların razılığı ilə evin tikintisinə başlanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehə məxsus evin ətrafında olan digər evlər də sənədsizdir. Cavabdeh də başqaları kimi həmin ərazidə yaşamaq üçün ev tikmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə cavabdehə məxsus evin sökülməsi ilə ədalət bərpa olunmayacaqdır. Bundan başqa sözügedən ev bələdiyyənin mülkiyyətində yox, dövlətin mülkiyyətində olan ərazidə yerləşir. Belə ki, bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokolun 3-cü bölməsinin İ bəndində sənaye obyektləri də qeyd olunub. Sənaye obyektləri torpaqları isə dövlət mülkiyyətindədir. bu səbəbdən hesab edir ki, iddiaçı qurumun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mütəxəssis rəyində mübahisəli torpağın bələdiyyə mülkiyyətində olmasını qeyd etməsinin səbəbini isə başa düşmür. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Bələdiyyəsinə müraciət edərək, Azərbaycan Respublikasi Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri inzibati ərazisində vətəndaş Cavabdeh tərəfindən Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid 0,02 hektar torpaq sahəsində 90 m2 ölçüdə fərdi yaşayış evinin tikinti işlərinin aparılması faktının müəyyən edildiyini və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verildiyini bildirmiş və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların isifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirdiyini nəzərə alaraq səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində xidməti araşdırmalar apararkən Cavabdeh tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 90m2 kv.metr olan torpaq sahəsi zəbt edilərək orada özbbaşna tikinti işləri aparılmış və tərəflərindən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq Cavabdeh zəbt olunmuş torpaq sahəsini boşaltmaqdan, zəbt edilmiş 200 m2 sahədə olan 90m2 fərdi ev tikməkdən və torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan 0.02 ha torpaq sahəsinin təqribi sahəsi 0.009 ha olan fərdi yaşayış evinin tikintisi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Cavabdeh istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib–keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və NECAS proqramlarının bazasına baxılmış, lakin məlumatlar əldə edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(060)-2862/2022 saylı məktubuna əsasən ********** nömrəli iş ürə Səməd Vurğun küçəsi, Kimyaçılar qəsəbəsi ünvanında yerləşən tədqiqat obyektinə yerli baxış keçirilmiş və tərəflərin iştirakı ilə ölçmə dəqiqləşdirilmə işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 avqust 2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə olan 302 kv.m torpaq sahəsinin, 286 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində, 16 kv.m hissəsi isə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi ərazisində 200 kvadrat metr torpaq sahəsini zəbt etsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 200 kvadrat metr torpaq sahəsi onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar isə bələdiyyə mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə olan 200 kvadrat metr torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı etirazının dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarında olan 24 avqust 2022-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh faktiki istifadəsində olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə olan 302 kv.m torpaq sahəsinin, 286 kv.m (bələdiyyə tərəfindən mübahisələndirilən) hissəsinin bələdiyyə mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, EP-300 zavodu ilə üzbəüz fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yerləşən 200 kvadrat metr torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh hesabına sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2862/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2862/2022
23.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver