Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 09 saylı Protokol-Qərarına əsasən iddiaçıya fərdi ev tikintisi üçün Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kv.metr olan 25 saylı həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda cavabdehlər iddiaçının torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək hərəsi özü üçün ev tikmiş, hasar çəkmişlər. Onlara zəbt edilmiş torpaq sahəsini boşaltmaq və tikililəri sökmək barədə xəbərdarlıq etsə də, onlar bunu etməmişlər və bu gün də zəbt etdikləri torpaqda yaşayaraq oranı boşaltmırlar. Bu isə iddiaçının həmin torpağa olan mülkiyyət hüquqlarını (sahiblik və istifadə) pozur. Belə ki, torpağa dair mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün Reyestr Xidmətinə müraciət etdikdə bildirdilər ki, həmin torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edildiyi üçün həmin sahədə ölçü işləri aparıla bilmir və bu səbəbdən də onlara mülkiyyət sənədi verilə bilməyəcək. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir ki, torpaq sahəsini kənar şəxslərin müdaxiləsindən azad edərək öz torpağına mülkiyyət sənədi alsın. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmək üçün heç bir hüquqi əsasları yoxdur. Ona görə də onların orada apardıqları tikinti işləri qanunsuz tikilidir və bu halda həmin qanunsuz tikililər onların öz hesabına sökülərək boş torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsində inşa etdikləri tikililərin öz hesablarına sökülərək, iddiaçıya məxsus torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 09 saylı, xx.xx.2008-ci il tarixli “vətəndaş İddiaçı mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında” qərarın surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, vətəndaş İddiaçı mülkiyyətinə Bakı - Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, mövqe sxemi əsasında fərdi ev tikintisi üçün 11-ci küçədə sahəsi 1200 kv.m olan 25 saylı həyətyanı torpaq sahəsinə verilməsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı - satqısına dair akt tərtib edilməsi, dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınması, Bələdiyyənin İcra aparatının memarlıq və tikinti şöbəsinə mülkiyyətə verilmiş torpaq sahəsinə dair müvafiq sənədlərin hazırlanmasının tapşırılması, vətəndaş İddiaçı verilmiş həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün ərizə ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinə müraciət edilməsi, qərarın icrasına nəzarətin bələdiyyənin İcra aparatının memarlıq və tikinti, bələdiyyə mülkiyyətinin idarəetmə şöbələrinə tapşrılması qərara alınmışdır.
10. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2755/2019 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında mövqe sxemi əsasında 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan 25 nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 nömrəli qərarının etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsi) 11 aprel 2008-ci tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə texniki baxış zamanı iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud olmadığından torpaq sahəsinin hansı hissəsinin zəbt olunduğunun müəyyən olunması mümkün olmamışdır.
12. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı iclasının qərarı ilə İddiaçı fərdi ev tikintisi üçün Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan 25 saylı həyatyanı torpaq sahəsi ayrılmışdır. Həmn torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında müqavilə bağlanmasa da, İddiaçı tərəfindən 600 manat pul vəsaiti torpağın alqı-satqı haqqı olaraq 12 fevral 2008-ci il tarixdə Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabına ödənilmişdir. Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən 2008-ci ildə qəbul edilmiş qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir. Bu səbəbdən Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan 25 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı iclasının qərarının və torpağa dair sorğuda tələb olunan digər sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir.
13. İş materiallarında olan Ceyranbatan-1 Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr İddiaçı məxsus olan 25 saylı həyətyanı torpaq sahəsi haqqında sorğuya cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi barədə məlumat toplaya bilməsə də, həyatyanı torpağın yeri təxmin edildi. Məlumatda göstərildiyi kimi 1200 kv.m deyil, təxminən 600 kv.m daş hasarın içərisində heç kim tərəfindən də istifadə olunmur.
14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindəki torpaq sahəsinin faktiki ölçüsü 0.1956 ha-dır. Torpaq sahəsinin 1 tərəfi yol, digər tərəfləri qonşudur. 4 tərəfi mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində texnik inventarlaşma işləri aparıldı. Torpaq sahələrinin qeydiyyatı aparılmamışdır. Ayrı-ayrı hasarlanma aparılmış 3 torpaq sahəsindən ibarətdir. 1630 kv.m torpaq sahəsi Y.G.E.X-nin mühafizə zonasında yerləşir. Tikinti alt sahəsi 133,6 və 88.0 kv.m olan 2 ədəd 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4025 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Sövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 31/2-608/2024 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, təqdim olunan sənədlərdə Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 09 saylı protokolla vətəndaş İddiaçı ayrılmış 1200 kv.metr (0,12 ha) torpaq sahəsinin planında torpaq sahəsinin yerləşmə mövqeyi qeyd olunsa da, ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan sualların faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə deyil, sənəd üzrə dinatları ilə əlaqəli olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
20. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
21. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
25. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
26. Maddə 66 (İ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
27. Maddə 66 (İİ hissə) Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
28. Maddə 67 (İ hissə) Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
29. Maddə 67 (İİİ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
30. Maddə 67 (İV hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmənin mövqeyi:
31. Məhkəmə işin hallarına istinadən qeyd edir ki, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 09 saylı, xx.xx.2008-ci il tarixli qərarı ilə Bakı - Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, mövqe sxemi əsasında fərdi ev tikintisi üçün 11-ci küçədə sahəsi 1200 kv.m olan 25 saylı həyətyanı torpaq sahəsinə ayrılmışdır. Bu qərar bələdiyyənin arxivində var, onun hər hansı formada ləğv edilməsi və ya etibarsız hesab edilməsi (olması) müəyyən edilməmişdir. Lakin həmin torpaq sahəsi üzərində nə iddiaçı, nə də cavabdehlərin hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
32. Hazırda İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 09 saylı, xx.xx.2008-ci il tarixli qərarı ilə ona ayrılmış 1200 kv.m olan 25 saylı həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, onlar tərəfindən həmin sahədə qanunsuz olaraq tikinti inşa edildiyini iddia edir və tikintilərin onların vəsaiti hesabına sökülməsini və onların torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdehlər iddianı qəbul etmir, hazırda onların istifadə və sahibliyində olduğu torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyətinin olmadığını, iddiaçıya məxsus olmadığını bildirirlər. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu məqsədlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı da bu halın təsdiq edilməsi baxımından bir nəticə verməmişdir.
33. Belə ki, ekspert rəyinə əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 09 saylı protokolla vətəndaş İddiaçı ayrılmış 1200 kv.metr (0,12 ha) torpaq sahəsinin planında torpaq sahəsinin yerləşmə mövqeyi qeyd olunsa da, ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır.
34. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindəki torpaq sahəsinin faktiki ölçüsü 0.1956 ha-dır. Torpaq sahəsinin 1 tərəfi yol, digər tərəfləri qonşudur. 4 tərəfi mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində texnik inventarlaşma işləri aparıldı. Torpaq sahələrinin qeydiyyatı aparılmamışdır. Ayrı-ayrı hasarlanma aparılmış 3 torpaq sahəsindən ibarətdir. 1630 kv.m torpaq sahəsi Y.G.E.X-nin mühafizə zonasında yerləşir. Tikinti alt sahəsi 133,6 və 88.0 kv.m olan 2 ədəd 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.
35. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun sahibliyində olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi bələdiyyə qərarı 2008-ci ilə aiddir və bu baxımdan müddət etibarı ilə torpaq sahəsi iddia qaldırılan tarixə 14 ildir ki, fasiləsiz olaraq onun istifadə və sahibliyində olmalı, 14 ilin qarşılığında bu istifadə və sahiblik öz təsdiqini tapmalı idi. Lakin bu sahənin hazırda cavabdehlərin sahibliyində olması iddiaçının həmin sahəyə nəinki hər hansı hüququnun yaranmasını, ümumiyyətlə bu sahənin iddiaçıya hər hansı aidiyyətinin olmasını istisna edir.
36. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə hazırda cavabdehlərin sahibliyində olan torpaq sahəsinin məhz Sumqayıt şəhər Bələdiyyəsinin 09 saylı, xx.xx.2008-ci il tarixli qərarına əsasən onun istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi olduğunu sübuta yetirə bilmir.
37. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddiası təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva