Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-30/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Sumqayıt Şəhər İcra Hakimiyyəti) torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisinin boşaldılması, inşa edilmiş tikilinin sökülməsi, qarajın əvvəlki vəziyyətə gətirilib ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərdən müştərək qaydada ona dəymiş ziyanın əvəzi olaraq 8160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajı satın almışdır. İddiaçı ökə ərazisində olmadığı zaman ona məxsus qaraj sökülmüş və yerində tikinti işləri aparılmışdır. Apardığı araşdıma nəticəsində məlum olmuşdur ki, qarajın yerində tikinti işləri Cavabdeh1 tərəfindən aparılmışdır. Cavabdeh1 bildirmişdir ki, qaraj abadlıq işləri ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və xx.xx.2010-cu il tarixli, 194 nömrəli sərəncam ilə Cavabdeh2 verilmişdir. Cavabdeh1 da qarajın ərazisini Cavabdeh2 almışdır. Faktiki olaraq qarajın yerləşdiyi yerdə başqa şəxslər tərəfindən tikinti işləri həyata keçirilmişdir. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhəri 5-ci Polis Bölməsinin təhqiqatçısı araşdırma aprmış və iş üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakı zəbt etmiş, onu məhv etmiş, yerində yeni tikinti işləri aparmışdırlar. Bu hallara əsaslanaraq ona məxsus qarajın ərazisinin boşaldılması, orda inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, qarajın yenidən inşa edilərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qaraj qanunsuz olaraq sökülərkən qarajda iddiaçıya məxsus olan 8160 manat dəyərində əmlaklar onlar tərəfindən oğurlanmış və məhv edilmişdir. Bu əmlaklar: Payka aparatı-2000 manat, Frez-600 manat, Mişar-600 manat, Drellər 4 ədəd- 160 manat, Perfarator 2 ədəd-500 manat, Laqonda 2 ədəd-500 manat, Zajimlər 8 ədəd-100 manat, Qaynaq aparatı 2 ədəd- 500 manat, iş stolu metaldan 150x70x70 sm-500 manat, Məngənə -100 manat, Metal rəf 4mx3m-1000 manat, açarlar və xırda alətlər-100 manat, jiquli və qazel avtomobillərinin ehtiyyat hissələri-1500 manat. İşin məhkəmə baxışı zamanı Sumqayıt Şəhər İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Sumqayıt Şəhər Məhkəmsinin 2(060)-1936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, uzun müddət ölkədən kənarda yaşamışdır. Onun qonşusu ona zəng vuraraq qarajının söküldüyünü bildirib. Artıq ölkəyə qayıdanda ona məxsus qaraja baş çəkən zaman görmüşdür ki, evin bünovrəsi qoyulur. Aruz adlı şəxsin tikinti işləri apardığını görmüş, bu qarajın ona əxsus olduğunu, apardığı tikinti işlərinin qanunsuz olduğunu bildirmişdir. Aruz da cavab olaraq ona bildirmişdir ki, həmin yeri Elman Ağayev adlı şəxsdən 40 000 manat pul müqabilində almışdır. Lakin, ona heç bir alqı-satqı sənədi isə təqdim etməyib. Bundan sonra o, polisə müraciət etmişdir. Tərəflərlə birlikdə mübahisəli əraziyə baxış üçün getdikdə cavabdehin həyat yoldaşı onun evdə olmadığını əsas gətirərək onları həyətə buraxmamışdır. Bu səbəbdən də baxışın keçirilməsi mümkün olmamışdır. Qaraj oun tərəfindən istifadə olunurdu və həmin qarajın işərisində onun əşyaları olub. Cavabdeh1 verilən sərəncamın heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında qarajı əldə edib. Ona lazımlı bir çox əşyalar qarajda olub. Qarajı başqa şəxslər almaq istəyəsələr də, iddiaçı bununla razılaşmayıb. İddiaçı ölkə xaricində olarkən onun qonşusunu onunla əlaqə saxlayaraq ona məxsus qarajın söküldüyünü, orada tikinti işləri aparıldığını bildirib. Polisə müraciət edildikdən sonra cavabdeh Aruz adlı şəxsin orada tikinti işləri aparılması müəyyən edilib. Aruz bildirib ki, bu tikinti işlərini İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında aparıb. İnzibati Məhkəmədə olan məhkəmə prosesində isə İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, Aruz adlı şəxsə tikinti işlərini aparması ilə bağlı heç bir sərəncam verilməyib. Cavabdeh1 hazırda orada fərdi yaşayış evi tikib, orada yaşayır. Dəymiş ziyanla bağlı əsaslar da var. Məişətdə istifadə olunan, iddiaçıya məxsus sexin əşyaları orada olub və məhv olunub. Oradakı malların dəyəri ilə bağlı əldə hansısa bir qəbz yoxdur. İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi sorğuya cavab məktubundan da müəyyən edilir ki, onlar cavabdehlərin tikinti işləri aparmasına heç bir icazə verməyiblər. Sərəncamda müəyyən edilən, ayrılan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün yox, kommersiya üçün nəzərdə tutulub. Cavabdehlər tərəfindən sənədləşmə aparılmadan tikinti işləri aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər və üçüncü şəxsin nüçayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, sözügedən torpaq sahəsindən xəbəri yoxdur və heç vaxt həmin torpaq sahəsini almayıb. O, Aruz adlı şəxsi də tanımır. Belə ki, o özü tikintidə işləyirdi və bir gün müdir onları çağıraraq bildirmişdir ki, adlarına ərizə yazılacaq. 26 nəfər işçiyə ərizə yazdırmış və imzalatmışlar. Ola bilsin ki, qeyd edilən sənədləşmə, yəni torpaq sahəsinin onun adına sənədləşdirilməsi və Aruz adlı şəxsə satılması həmin vaxt baş verib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1949-cu ildə, Füzuli rayonu, Gecə Gözlü kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1960-cı ildə, Ucar rayonu, Qaradağlı kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajı X1 almışdır. İş materiallarına 102a saylı qarajın texniki pasportu əlavə edilmişdir. Texniki pasportda qarajın sahibi kimi X4 qeyd edilmiş, sonradan adın üstündən xətt çəkilərək iddiaçının adı yazılmışdır. İş materiallarına surəti əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli sərəncamına əsasən ünvan 4 ünvanında qeydiyyatda Cavabdeh2 11-ci mikrorayonla üzbəüz mövcud fərdi yaşayış evlərinə yaxın Memarlıq və şəhərsalma idarəsi tərəfindən tərtib edilmiş mövqe planına uyğun 64 nömrəli sahədə yerləşən 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin layihələndirilərək tikintisinə icazə verilməs qərara alınmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyini nəzərə alaraq, 11-ci mikrorayon ərazisində istehsal və kommersiya sahələri tikintisi məqsədilə vətəndaş X5 9600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonla üzbəüz mövcud fərdi yaşayış evlələrinə yaxın ərazidə daş qarajların tikintisi məqəsədilə vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin 30 iyul 1975-ci il tarixli, 292 №li, 17 avqust 1978-ci il tarixli, 374 nömrəli, xx.xx.1982-ci il tarixli, 269.2 №-li və 26 noyabr 1982-ci il tarixli 376.2 №-li qərarları ilə müxtəlif dövrlərdə Sumqayıt şəhər İcra hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin həmin ərazidə ayrı-ayrı hüquqi və fiziki şəxslərə istehsal və kommersiya sahələri tikintisi məqsədilə ayrılmış, hal-hazırda istifadəsiz və baxımsız saxlanılmış torpaq sahəsinin yerləşdiyi ərazidə şəhər əhalisinə hər biri 400 kv.m həyətyanı torpaq sahələri olmaqla fərdi yaşayış evlərinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisində Cavabdeh2 və Cavabdeh1 tikinti işlrəinin aparılmasına heç bir icazə verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1023/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 45 000 manat kompensasiyanın tutulması haqqında iddia tələbi mümkün sayılmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının müraciəti əsasında toplanmış materialdakı xüsusatlar mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda ünvan 6A ərazisində Cavabdeh1 tərəfindən özbaşına tikinti işləri aparıldığı və bununla bağlı müvafiq orqanlara məlumat verildiyi bildirilmişdir. İş materiallarına video disk əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). İddiaçı öz iddiasında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ona məxsus olduğunu, həmin qarajın sökülərək yerində cavabdehlər tərəfindən tikinti işlərinin aparıldığını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). İddianın təmin edilməsi üçün iddiaçı həqiqətən həmin qarajın onun ona məxsus olduğunu, həmin qarajın məhz cavabdehlər tərəfindən söküldüyünü və ərazisinin zəbt edildiyini sübut etməlidir. Öz tələbinin sübutu kimi iddiaçı onunla X4 arasında bağlanmış xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə və Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın texniki pasportuna əsaslanmışdır. Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdən biri kimi ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar göstərilmişdir (bənd 1.4). Öncə qeyd edilməlidir ki, xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsində X3 qarajı iddiaçıya satdığı qeyd edilmişdir. Həmin müqavilədən görünür ki, X3 102a saylı qaraj üzərində hüquqlarının əsası kimi Sumqayıt şəhər Tİ və UB-nun xx.xx.1993-cü il tarixli 73 nömrəli arayışı və Sumqayıt şəhər XDS-nin xx.xx.1975-ci il tarixli qərarı göstərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə isə Sumqayıt şəhər XDS-nin xx.xx.1975-ci il tarixli qərarı ləğv edilmişdir. İddiaçının əsaslandığı qarajın texniki pasportunda isə X3 adı qeyd edilmiş, sonradan onun üstündən xətt çəkilərək iddiaçının adı qeyd edilmişdir. Eyni zamanda Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın yerləşdiyi torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti işlərinin aparılıbaparılmaması ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən tikinti aparılan torpaq sahəsinin məhz iddiaçının ona məxsus olduğunu iddia etdiyi qarajın yerləşdiyi torpaq sahəsi olması iş materialları ilə sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. İddiaçının ona məxsus olduğunu iddia etdiyi qarajın cavabdehlər tərəfindən sökülməsi sübut edilmədiyindən iddiaçının cavabdehlərə qarşı maddi ziyanın ödənilməsi tələbi də təmin oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisinin boşaldılması, inşa edilmiş tikilinin sökülməsi, qarajın əvvəlki vəziyyətə gətirilib iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərdən müştərək qaydada iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 8160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-30/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-30/2023
07.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver