Məhkəmə qərarları › İş №e-2(060)-3000/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3000/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3000/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızının iştirakı ilə, İddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızının Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı Cavabdeh qarşı iddia qaldıraraq, onun ünvan 2 fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan iki övladı vardır. Onlar artıq həddi-buluğa çatmışdırlar. Artıq xeyli müddətdir ki, cavabdehlə aralarında ər-arvad münasibətləri yoxdur. Bütün cehiz əmlakları ünvan 1 ünvanına ailə üzvü kimi yerləşdirilmişdir. Artıq 10 ildir ki, cavabdehlə birgə təsərrüfat idarə edərək yaşamışdır. Aralarında tez-tez mübahisələr olduğundan əri onu tez-tez övladı ilə çölə qovur və yaşamağına imkan vermir. Məcburiyyət qarşısında qalıb qohumlarının evinə sığınır. Həmin fərdi yaşayış evini birgə nikah dövründə tikmişdirlər. O, özü işləyir, fərdi yaşayış evinin təmirini tək özü etmişdir. Cavabdeh içki aludəçisidir. Onun bütün şəxsi əşyaları və əmlakları hal-hazırda həmin fərdi evdə qalmışdır. Hazırda başqa yaşayış sahəsi olmadığı üçün və cavabdehlə birgə təsərrüfat idarə edərək yaşayış sahəsinə yaşayış hüququ əldə etdiyindən bu mənzilə köçürülmək barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 1996-cı ildə cavabdehlə faktiki olaraq ailə qurmuşdur. Yaşıldərədəki evlərini sataraq 2023-cü ilin mart ayında mübahisə predmeti olan evi almışdırlar. Ev Cavabdeh adına rəsmiləşdirilmişdir. Torpağın bələdiyyə sənədi vardır. Hal-hazırda boşanmışdırlar. Keçmiş həyat yoldaşı onu evə buraxmır. 24 aprel 2023-cü ildə oğluna toy etmişdir. Oğlu həmin evdən çıxmışdır. Gəlini həmin evə gətirmişdir. 03 iyun tarixində isə həmin evdən məcbur olduğu üçün çıxmışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri:

5. X1 ifadəsində bildirdi ki, iddiaçı baldızıdır. Keçən ilin mart ayında təzə ev almış, oraya köçmüşdürlər. Oğluna həmin evdə toy eləmişdir. 2 ay həmin evdə yaşamışlar. Həyat yoldaşı ilə mübahisə etdikləri üçün oradan çıxmışdır.

6. X3 ifadəsində bildirdi ki, Lətafət adlı şəxsi tanımır. Lakin qarşı evdə bu ilin yay aylarına kimi yaşayan bir xanım və bəyin olmasından məlumatlıdır. Onlar aprel ayında övladlarına toy etmişdirlər. İndi isə xanımın harada olmasından məlumatı yoxdur. Kişini arada-sırada görsə də, qadını uzun zamandır görmür.

7. X2 izahatında bildirdi ki, mübahisəli evdə yaşayan kişini arada-sırada görür. Həmin ev əvvəl onlara məxsus olub. Evi əslən Qazaxdan olan bir şəxsə satmışdırlar. Sonradan həmin şəxs də evi satmışdır başqasına. O da Fərruxa satmışdır. Buna görə də həmin evin qaz və su sayğacları öz adınadır. Evdə yaşayan kişi əvvəl evli idi, yoldaşı da burada idi, hətta aprel ayında övladlarına toy etdilər və yoldaşı da toy zamanı burada idi. Lakin onlar bura yeni köçdükləri üçün qonşu olaraq onları toya çağırmamışdırlar. Lakin toyun olduğundan məlumatlı idi. Qadın yoldaşı ilə dalaşmış və evdə yaşamasını təsdiq etmək üçün kağıza imza atmağını istəmişdir. Lakin onu tam tanımadığı üçün akta imza atmamışdır.

Tədqiq olunan sübutlar:

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödəmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-287/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı arasında olan Sumqayıt şəhər qeydiyyat şöbəsində 23 noyabr 2013-cü il tarixdə bağlanmış və 1949 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması qət edilmişdir.

10. AZ-İ 482443 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 117 nömrə ilə qeyd edilmişdir.

11. 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli məlumatdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivi, Gəray Məmmədov küçəsi, həyət evi 51-də qeydiyyatsız yaşamış Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı qonşuların şifahi sorğusuna əsasən 2023-cü ilin mart ayından sentyabr ayına qədər ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşamış, lakin həyat yoldaşının içkili olub ailəsi ilə dava-dalaş etdiyi üçün məcbur olub yaşadığı ünvanı tərk etmiş və oğlu ilə birlikdə Corat qəsəbəsində kirayədə yaşayırlar.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli, 3-21-3-31/2- 2212/2024 saylı məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Gəray Məmmədov küçəsi ünvanında yerləşən 51 nömrəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

13. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 2383 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Gəray Məmmədov küçəsi, 51 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh ayrılmamışdır.

14. Sumqayıt şəhər X4 Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 334 nömrəli arayışdan görünür ki, Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində yaşamır və təsərrüfat kitabında qeydiyyatı yoxdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: -11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -11.2-ci maddəsinə görə oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. -13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 23 noyabr 2013-cü il tarixdə nikaha daxil olmuş və onlar arasında olan nikah 29 mart 2024-cü il tarixdə pozulmuşdur. İddiaçı birgə nikahda olduqları dövrdə onlara məxsus başqa evi satmaqla, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini aldıqlarını iddia edərək həmin mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmənin sorğusuna cavab olaraq həmin fərdi yaşayış evi üzərində hər hansı bir şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil–Kommunal sahəsinin 34 saylı, 02 aprel 2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi “Xəzri” yaşayış massivi X8 küçəsi, həyət evi 51-də qeydiyyatsız yaşamış İddiaçı, qonşuların şifahi sorğusuna əsasən 2023-cü ilin mart ayından sentyabr ayına qədər ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşamış, lakin həyat yoldaşının içkili olub ailəsi dava-dalaş etdiyi üçün məcbur olub yaşadığı ünvanı tərk etmiş və oğlu ilə birlikdə Corat qəsəbəsində kirayə yaşayır.

20. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin yerində müayinəsi həyata keçirilərkən evin qapısı bağlı olsa da, həmin evin qonşuluğunda yerləşən evlərin sakinləri şahid qismində dindirilmiş və şahidlərin ifadələrinə əsasən müəyyən olunmuşdur ki, cavabdeh həmin mənzildə yaşayır. Cavabdehin arvadı, yəni iddiaçı ilə aralarında mübahisə düşdüyündən arvad həmin evi tərk etmişdir. Qoşuların deməsinə görə habelə 2023-cü ilin aprel ayında iddiaçı və cavabdehin övladının toyu olmuş, toydan sonra iddiaçı həmin evi tərk etmişdir.

21. İddiaçının hal-hazırda köçürülməsini istədiyi tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir.

22. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.

23. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla, ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və sair hüquqlar əşya sahibinə məxsusdur.

24. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanunun 25-ci maddəsinə müvafiq olaraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

25. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.

26. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikilidə yaşayan şəxsin eyni əsaslarla orada yaşayan digər şəxsi onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır.

27. Eyni zamanda əgər özbaşına tikili ər-arvadın birgə nikahda olduqları dövrdə onlar tərəfindən alınmışdırsa, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulan, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyaya əsasən onların tikilinin faydalı xassələrindən istifadə etməklə bağlı bərabər imkanları tanınmalıdır.

28. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı Paşayeva (Xəlilova) Lətafət Əmirşah qızı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar