Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3007/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsinə və fərdi yaşayış evi tikməsinə törədilən maneələrin aradan qaldırılmasına və torpaq sahəsinin boşadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, onun hüquqi marağı mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinə istədiyi kimi sahiblik etməkdir. Lakin cavabdeh Corat bələdiyyəsi isə qeyd edir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbirstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən İddiaçı adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019cu il tarixli RX ******* nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A-348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdır. Sözügedən torpaq sahəsi qəsəbə qəbirstanlığı üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin həmin torpağa dair hüquqmüəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü bələdiyyə mülkiyyətini pozmaqla tərtib olunmuşdur.” Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki iddiaçının mülkiyyətində olan torpaq sahəsini Novxanı bələdiyyəsi ayırmışdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mühəndisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, mübahisəli torpaq sahəsində yol istiqamətində sağ tərəfdə hasar daxilində kiçik tikilinin olduğu, geri qalan sahədə isə qəbirlərin mövcud olduğu, boş sahənin olmadığı müəyyən edilmişdir. Həmçinin bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 04 fevral 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilir ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılmışdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşür. Faktiki torpaq sahəsindən qəbrstanlıq kimi və başqa şəxs tərəfindən zəbt olunaraq istifadə olunur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli ərazinin faktiki olaraq qəbirstanlıq olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı üçün o, hüquqi maraqlarına uyğun olaraq tələblər irəli sürməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi nəticəyə fərqli tələblər formasında çatmaq mümkün ola bilər. Həmin qərardadda həmçinin qeyd edilmişdir ki, iddiaçının mümkün ola biləcək uğurlu hüquq müdafiə vasitələri Corat bələdiyyəsi ilə qeydiyyat orqanı arasında yaranmış mübahisədən, eyni zamanda mahiyyət etibarı ilə Novxanı bələdiyyəsi ilə Corat bələdiyyəsi sərhədlərinin müəyyən edilməsindən asılıdır. İddiaçı bu mübahisənin nəticəsinə uyğun olaraq daha əlverişli hüquq müdafiə vasitəsi seçə bilər. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya tələbi və ya mübahisəli ərazilərin boşaldılması ilə bağlı tələblər qaldıra bilər. Lakin bu tələblərin kimə qarşı qaldırılmasının Corat bələdiyyəsinin iddiasının nəticəsindən sonra müəyyən edilməsi daha məqsədəmüvafiq hesab olunur. Göründüyü kimi iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında sözügedən iddianın mümkün sayılmamasının əsası kimi iddianın mülki məhkəmə icraatı qaydasında baxılması deyil, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi nəticəyə fərqli tələblər formasında çatmaq mümkün ola bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizənin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlərin hərəkətlərinin onun hüquqlarını pozduğunu iddia edir və həmin hərəkətlərin qanunsuz hesab olunmaqla qadağan edilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin tələb müəyyən hərəkətləri etməkdən çəkinməyə dair mübahisə kimi qiymətləndirilməli, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatından görünür ki, Azərbaycan Respublikasının bələdiyyələri və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqan hesab olunur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3007/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3007/2025
04.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver