Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3069/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti cəlb olunmaqla) “işə bərpa, işçilərin və ştatların ixtisarı, işdə saxlamağa üstünlük hüququ, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-nə qarşı işə bərpa, işçilərin və ştatların ixtisarı, işdə saxlamağa üstünlük hüququ, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədalətin ən böyük istiqrarçısı olaraq onun “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-də işə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının və ona dəymiş 50000 (əlli) min manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1963-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Azərbaycan vətəndaşıdır, orta təhsillidir, sonradan hamıya məlum olduğu kimi 1990-cı ildə doğma torpaqlara mənfur düşmən hücum etmiş və torpaqların bütövlüyü uğrunda müharibə başlamışdır. O da bu torpağın yetişdirdiyi bir övlad kimi torpaqların bütövlüyü uğrunda gedən döyüşlərə qatılmış və həmin döyüşlərdə iştirak etmişdir. Sonradan həmin döyüşlərdə iştirakına görə veteran vəsiqəsi verilmişdir. xx.xx.2023-cü ildən birinci qrup əlil kimi qeydiyyata alınmışdır. Qeyd olaraq bildirir ki, o və ailə üzvləri həm də məcburi köçkün kimi dövlət tərəfindən qeydiyyata alınmışlar. xx.xx.2020-ci ildə Sənaye və Yüksək Texnnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X12nə əmək müqaviləsi bağlanmaqla” inzibati təsərrüfat müdiri” vəzifəsinə işə götürülmüşdür. xx.xx.2024-cü ildə Sənaye və Yüksək Texnnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X12n direktoru X2 əmri ilə “AR ƏM-nin 70.b-işçilərin sayı və ya ştatları ixtisar edildikdə“ maddəsinə əsasən işdən çıxarılmışdır. Qeyd etmək istəyir ki, onun işlədiyi şöbə bağlanarkən həmin şöbədə işləyən digər işçilərə əlavə şöbələrdə işlər təklif edilmiş və bir hissəsi həmin şöbələrdə işlə təmin olunmuşdur. Ona isə heç bir əlavə iş təklif olunmadan əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd etdiyi kimi o, Qarabağ müharibəsi veteranı, məcburi köçkün və birinci qrup əlildir. Bu o deməkdir ki, onun işdə saxlanmağa üstünlük hüququ vardır .Təssüfflər olsun ki, o, işdən çıxarılarkən bu halların heç biri nəzərə alınmamışdır. O, bu hüquqlarımın olduğunu rəhbərliyə bildirəndə onlar “biz əlil işçi saxlamaq istəmirik” deyərək ona böyük bir mənəvi zərər vurmuşlar. Belə ki, həmin sözlər bu günə kimi onun beynində səslənir və o, mənəvi iztirab çəkir. O, ömrü boyu bu dövlətə və millətə bacardığı qədər xidmət etmişdir. Qarşılığında belə rəftarı görəndə və bu sözləri eşidəndə Qarabağ veteranının, məcburi köçkünün və birinci qrup əlilin bu insanlar üçün nə qədər dəyərsiz olduğu ortaya çıxır. Belə çıxır ki, əlil olduğu üçün o, bu dövlətə lazım deyildir. Halbuki, Cənab Prezident bütün çıxışlarında hamının diqqətinə onların həssas təbəqə olduqlarını və onlara xüsusi diqqətin ayrılmasını və dəstək olunmasını bildirir. X11 İlham Əliyev çıxışlarında hər dəfə xüsusi olaraq qeyd edir ki, işəgötürənlər işçini qanunsuz və əsassız olaraq işdən çıxartdıqları halda qanun qarşısında cavab verəcəklər. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyan 50000 (əlli min) manatdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, işləmək istəyir. Əlillərə hörmət olunmalıdır. Lakin cavabdeh təşkilatda bu yoxdur. Agentliyin nümayəndələri vasitəsi ilə ərizə yazmışdır ki, əmək haqqını öncədən alsın. Onu çağırmış və bildirmişlər ki, ya ərizə yazacaq kompensasiya ilə bağlı, ya da gözləyəcək əmək haqqını yanvar ayının sonunda alacaqdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hacıbabazadə Sübhan Müslüm oğlu iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xəbərdarlıq edilmişdir. O, gələn zaman məzuniyyətdə olmuşdur. Ona demişlər ki, özü qəsdən belə edir ki, işdən çıxma müddəti uzadılsın. Həmin zaman heç bir etiraz etməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə israr etmişdir. O da ərizə olmadan bunu edə bilməyəcəyini demişdir. Ödənilən kompensasiya xəbərdarlıq müddəti ilə bağlıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1494/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mediasiya prosessində iştiraka dair hər hansı bir sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024- cü il tarixli, 198 nömrəli əmrə əsasən “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X12 bölməsində “inzibati təsərrüfat şöbəsinin müdiri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.”b”-işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 9 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. 0121687 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X10 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «inzibati təsərrüfat şöbəsinin müdiri» vəzifəsini icra etmişdir. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir. Elektron çıxarışdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbilə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən şəkərli diabet 2 tip, çoxsaylı ağırlaşmalarla, insulin tələbli, sol ayağın dizaltı amputasiyasından sonrakı vəziyyət, ağırlaşma H33.2, tor qişanın seroz qopması diaqnozu qoyularaq müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2025-ci ildir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X9 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 23 may 2025-ci il tarixli, 180 nömrəli sorğuya cavabdan görünür ki, mərkəzin keçmiş maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış İddiaçı 2023-cü ilin fevral ayından X4 üzvlüyündən öz ərizəsi ilə müraciət edərək azad edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X9 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 198 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə 29 dekabr 2024-cü il tarixindən istifadə etmədiyi 9 məzuniyyət günü və orta aylıq əmək haqqının 2 misli miqdarında kompensasiya ödənilməklə xitam verilməsi əmr edilmişdir. Qeyd olaraq yazılmışdır ki, İddiaçı öz ərizəsində qeyd etdiyi kimi xəbərdarlığının müddəti xx.xx.2023-cü il tarixində bitir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 489 nömrəli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdirildiyi üçün xx.xx.2024-cü il tarixində xitam olunur. İddiaçı tərəfindən Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun xəbərdarlığının müddəti xx.xx.2024-cü ildə bitir. Bayram günləri ilə əlaqədar olaraq bayram və istirahət günlərinin yeri dəyişdirildiyi üçün onun əmək müqaviləsinə xx.xx.2024cü il tarixində xitam verilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli qərarı əsas tutularaq, qərarın 1-ci hissəsi ilə “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alınaraq 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsinin ixtisara düşməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq 9 təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq edilmişdir. Bildirişi aldığını İddiaçı imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.5- ci bəndinə əsasən həmin Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları” aşağıdakı redaksiya verilsin: qrupların sayından asılı olaraq ştat vahidlərinin sayı üzrə
1. Direktor:10-dək-3, 10-14-dək -4, 15-24-dək-5, 25 və daha çox- 6;
2. Tədris və təlim işləri üzrə direktor müavini:10-dək -1, 10-14-dək-1, 15-24-dək-1, 25 və daha çox- 1;
3. Tərbiyə işləri üzrə direktor müavini: 10-dək -0, 10-14-dək-1, 15-24-dək-1, 25 və daha çox- 1;
4. İnzibati-təsərrüfat işləri üzrə direktor müavini: 10-dək -0, 10-14-dək-0, 15-24-dək-1, 25 və daha çox- 1; və sair. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ hissəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri yaranmış, iddiaçı cavabdeh X10 “inzibati təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə işə qəbul edilmiş, 4 ildən artıq müddətdə həmin vəzifədə çalışmışdır. Həmin və digər ştatların ləğv edilməsi ilə bağlı cavabdeh PHŞ-nin rəhbərinin 29 dekabr 2024-cü il tarixli əmri ilə isə iddiaçının çalışdığı vəzifə ştatı və bir sıra digər ştatlar ləğv edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X9 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 23 may 2025-ci il tarixli, 180 nömrəli sorğuya cavabdan görünür ki, mərkəzin keçmiş maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış İddiaçı 2023-cü ilin fevral ayından X4 üzvlüyündən öz ərizəsi ilə müraciət edərək azad edilmişdir. Eyni zamanda, 28 oktyabr 2024-cü il tarixdə iddiaçı “xəbərdarlıq-bildiriş”lə yazılı formada cavabdeh tərəfindən məlumatlandırılmışdır. Cavabdehin 29 dekabr 2024-cü il tarixli, 198 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisar edildiyi üçün 29 dekabr 2024-cü il tarixdən xitam verilmişdir. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, iddiaçıya bu barədə 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı məhkəmə iclasında öz ərizəsi ilə həmkarlar ittifaqı təşkilatının üzvlüyündən azad edildiyini bildirmiş, ona görə də həmin təşkilatın razılığı alınmamışdır.İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı öz ərizəsi əsasında X4 üzvlüyündən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki halda iddia tələbini müdafiəsinin əmək müqviləsinə xitam verilməsini mübahisələndirsədə onun öz ərizəsi əsasında Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsindən xəbərdar olması, yəni iş materiallarında olan şəxsən iddiaçı tərəfindən yazılmış ərizəyə əsasən müəyyən edilərək, onun tərəfindən xx.xx.2024-cü il tarixinin bayram və istirahət gününə düşməsi əsası ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə etiraz etmədiyini bildirməklə öz iradə ifadəsini bildirmiş, bundan sonra mediasiya prosesində iştirak etməmiş, iddia ərizəsi geri qaytarıldıqdan sonra, mediasiya sesisiyasında iştirak edərək, iddia tələbi və müddətin bərpası ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iddia müddətinin bərpa edilməsi ilə bağlı iddiaçı tərəfindən ərizə verilmiş olsa da, əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub- olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui- istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Bundan əlavə, ştatlar ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması, habelə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda əlillərin, məcburi köçkünlərin şəxslərin işdə saxlanmasına üstünlük verilməsi qeyri-mümkündür. Çünki, ştat ixtisar edilərkən həmin ştat artıq mövcud olmur və mövcud olmayan ştat üzrə hər hansı işçiyə üstünlük verilməsi də mümkün olmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “işə bərpa, işçilərin və ştatların ixtisarı, işdə saxlamağa üstünlük hüququ, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-nə qarşı “işə bərpa, işçilərin və ştatların ixtisarı, işdə saxlamağa üstünlük hüququ, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova