Məhkəmə qərarları › İş №e-2(060)-3071/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3071/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3071/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 17 mart 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixində avtorizasiyasız silinmə daxil olmuşdur. Bununla əlaqədar olaraq Banka 2799,51 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 2799,51 manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 17 mart 2021-ci il tarixli, ******************** saylı Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 28 mart 2022-ci il tarixli, xx/xx-1168 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-3466/2022 saylı qərardadı ilə Bank tərəfindən təqdim olunmuş xx.xx.2022- ci il tarixli, xx/xx-1657 saylı ərizənin qəbul edilməsindən imtina edildiyindən müvafiq iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət olunur. Hаl-hаzırdа borclunun, müqaviləyə əsаsən «Аzər–Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 2799,51 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənlərə əsasən Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2799,51 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixndə Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 3466/2022 saylı qərardadı ilə bank tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, xx/xx-1657 saylı ərizənin qəbul edilməsindən imtina etdiyindən hazırda bank çatan-çatmayanı bəzəyərək yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı ASC guya müqaviləyə əsasən onun onlara 2799 manat 51 qəpik borcu olduğunu, həmin borcu ödəməyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Guya bankla onun arasında 17 mart 2021-ci il tarixində ******************** saylı müqavilə ilə ödəniş kartının verilməsi və ondan istifadə edilməsi tənzimlənmişdir. Belə ki, o, kartı uzun müddətdir ki, işlətməmişdir. Bankın ona qarşı iddiasını yalnız proqram vasitəsilə görmüşdür ki, ona qarşı borc tələbi vardır. Kart hesabından yalnız ona dekabr ayında 6 manat yaranmışdır ki, mən də həmin 6 manatı ödəmişdir. Bundan istifadə edən İddiaçı ASC indiki iddanı qaldıraraq tələb edirlər ki, o, onlara 2799 manat 51 qəpik pul ödəməlidir. Amma kartında pul olmadığından oradan heç bir pul çəkmək mümkün olmamışdır. Onun İddiaçı ASC-nə heç bir borcu yoxdur. Hazırda bu artıq kütləvi şəkil almış, demək olar ki, hər kartdan bankın bəzi işçiləri pul çəkməyə və ya borc yazmağa səbəb olurlar. Hazırda məcbur olub kartı işlətmir, ondan istifadəni dayandırmışdır ki, onu yenidən şər böhtanla məhkəməyə verib pul tələb etməsinlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən Cavabdeh 36 ay müddətinə kredit kartı verilmişdir.

7. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashbank) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashbank) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashbank) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 2799,51 manat borcu vardır.

9. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziyadan görünür ki, bank Cavabdeh məxsus olmayan 2799,51 mnat vəsaiti 5 iş günü ərzində bütövlükdə geri ödəməsi, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******************** saylı “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh MC World növlü kart hesabı açılmış, 2021-ci ilin dekabr ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Nəticədə texniki overdraft səbəbi ilə artıq məbləğdə aparılan əməliyyat 2799,51 manat təşkil etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Overdraft (ing. overdraft ) — müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir.

17. Overdraftın 4 növü vardır: -Overdraft standartı (klassik), -Öncədən overdraft — kassa və hesablaşma xidmətlərinin cəlb edilməsi məqsədilə (əsasən etibarlı müştərilərə) verilir. -İnkasso üçün overdraft — hesablaşma hesabının kredit dövriyyəsi yığılmış pul vəsaitlərinin (o cümlədən müştərinin özü tərəfindən hesablaşma hesabına köçürülənlər) ən azı 75%-ni təşkil edən müştəriyə verilir. -Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (Birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir.

18. Məhkəmə qeyd edir ki, overdraft anlayışı əksər hallarda kredit kartlarına şamil edilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

21. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə “overdraft” anlayışı mövcuddur. Müqavilənin həmin bəndinə əsasən müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir.

23. Göründüyü kimi cavabdeh qeyd olunan borc məbləğini banka qaytarmamaqla, əsassız varlanmışdır.

24. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

25. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

28. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

29. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

30. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

31. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

32. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33. Məhkəmə hesab edir ki, iddia tələbi 2799,51 manat borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

34. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə iddia tələbinin “ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, bank tərəfindən dövlət rüsumu olaraq 100 (bir yüz) manat ödənilsə də, Elektron Məhkəmə Sistemindəki Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 2799,51 manat iddia tələbi ilə əlaqədar 48 manat dövlət rüsumu ödənilməlidir.

36. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 48 (qırx) manat məhkəmə xərci cavabdehə aid edilməlidir.

37. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2799,51 (iki min yeddi yüz doxsan doqquz manat, əlli bir qəpik) manat məbləğində pul və 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2799,51 (iki min yeddi yüz doxsan doqquz manat, əlli bir qəpik) manat məbləğində pul və 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar