Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3081/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, iddiaçının azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladı vardır: xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5. Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-662/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 460 nömrəli akt qeydi ilə rəsmiləşdirilimiş nikahın pozulmasına və xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Nikahdan sonra iddiaçı cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. Bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin valideynləri öz həyətlərində yeni ev tikintisi üçün tərəflərə torpaq sahəsi ayırmışdır. Cavabdeh tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə belə bir cavab məktubu gəlmişdir: “Sizin müraciətinizə şəhər İcra hakimiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətinə) məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya isitfadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad Sifarişçiyə təqdim edilmədikdə, Sifarişçi tikinti işlərinə başlaya bilər”. Evin tikintisinə 2018-ci ilin iyun ayından başlanılıb və tərəflər ayrılana qədər davam edib. Ev 2 mərtəbə və 1 mərtəbə mansar olmaqla 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbəsi idman zalı kimi nəzərdə tutulmuşdur. Ümumilikdə isə 6 otaqdan ibarətdir. İddiaçı X3 Cavabdeh ilə birgə nikah dövründə ümumi birgə gəlirlər hesabına inşa etdirdikləri ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin - 60000 manat məbləğində pulun 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində cavabdehin paylarının müəyyən edilməsi və iddiaçının azyaşlı övladları ilə birlikdə həmin evə köçürülməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkməsinin 2(060)-931/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin - 53000 manat məbləğində pulun 1/2 hissəsi üzərində İddiaçı və 1/2 hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bu isə iddiaçıya evin hazırki bazar qiymətinin yarısı məbləğində pul məbləğinin verilməsi deməkdir. İddiaçı isə bununla razılaşmır. Evə çəkilmiş xərclər tərəflər arasında bərabər bölünsə də iddiaçı bu günə qədər öz payına düşən hissəni almamışdır. Almaq niyyətində də deyildir. Sözügedən evə azyaşlı övladları ilə birlikdə köçürülmək istəyir. Gələcəkdə sözügedən evə dair çıxarış aldıqdan sonra paylarının bərabər bölünməsi tərfdarıdır. Hazırda iddiaçının azyaşlı övladları ilə yaşamağa yeri yoxdur. İddiaçı nikahları dövründə sözügedən mənzildə yaşamış, nikahları pozulduqdan sonra sözügedən mənzildən çıxmağa məcbur olmuşdur. Mübahisəli mənzilə dair aralarında hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli mənzil birgə nikah dövründə tikilmişdir. Lakin iddiaçı həmin evdə qalmamışdır.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər faktiki nikahda olmuşlar. 15 mart 2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır. 2022-ci ildə isə nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə tərəflər mübahisəli mənzili inşa etmişlər. Bununla bağlı məhkəmə aktları vardır, tikintiyə mülkiyyət hüququ tanınmışdır. ünvan 2 ünvanında yerləşən evə çəkilmiş xərcə ½ hissədə paylar müəyyən olunmuşdur. Həmin evə çıxarış veriləcəyi təqdirdə iddiaçının da orada mülkiyyət hüququ olacaqdır. İddiaçı pul tələb etmir, həmin evdə yaşamaq istəyir. İcra qurumu icra sənədini geri qaytarmışdır. Pulun alınıb verilməsi barədə tələb olmamışdır. Sadəcə tikintiyə çəkilən xərclər üzərində pay müəyyən olunmuşdur.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2018-ci ildən ayrı yaşamışdırlar. Torpaq onun adına deyil, anasının adınadır. Torpaq onun olsa idi, razılaşardı. Ailəsinə yaxşı baxmışdır. İddiaçının evə köçürülməsinə razı deyildir. İddiaçının çəkdiyi xərci ona ödəyəcəkdir. Həmin yaşayış evi yaşayış üçün yararlı vəziyyətdə deyildir. Tam inşa edilməmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X6 izahatında bildirdi ki, məhkəmə tərəfindən müəyyən olunmuş evin qiymətinin yarısını iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Hal-hazırda ev yaxşı vəziyyətdə deyildir.
Tədqiq olunan sübutlar:
7. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-662/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 460 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(060)-931/2023 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin – 53000 manat məbləğində pulun ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(105)-319/2024 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(060)-931/2023 nömrəli qətnaməsi – ünvan 1 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin – 53000 manat məbləğində pulun ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Sumqaıt şəhəri, Xəzər bağları, ev 67 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə çəkilmiş xərc – 37049 manat məbləğ üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2959/2024 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(105)-319/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Azərbaycan Respublikasının Konstitusiyası 43 (İ hissə)-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
-30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. -30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
16. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 05 mart 2015ci il tarixdə nikaha daxil olmuş və onlar arasında olan nikah Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-662/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Halhazırda iddiaçı birgə nikah dövründə tikilmiş ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evə köçürülməsini məhkəmədən xahiş etmişdir.
17. Mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında bundan əvvəldə məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə iddiaçı sözügedən evin tikintisinə çəkilmiş xərcin – 60000 manat məbləğində pulun ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin paylarının müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia irəli sürmüşdür. Yuxarıda adı qeyd edilən məhkəmə aktları ilə həmin hissədə iddiaçının iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin – 53000 manat məbləğində pulun ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi X7 və üçüncü şəxs X6 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(105)- 319/2024 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(060)-931/2023 nömrəli qətnaməsi – ünvan 1 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin – 53000 manat məbləğində pulun ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Sumqaıt şəhəri, Xəzər bağları, ev 67 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə çəkilmiş xərc – 37049 manat məbləğ üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
18. Hazırki iş iş üzrə mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır. İddia tələbi evə köçürülmə barədədir. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir.
19. Halbuki, Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir ki, bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.
20. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir.
21. Mənzilə köçürülmə barədə tələbin mahiyyəti məhz şəxsin yaşayış sahəsinə olan ehtiyacını aradan qaldırmaqdır. Halbuki, köçürülmə tələb olunan fərdi yaşayış evi istifadəyə yararsızdır. Qeyd olunan hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkil və video-disk əsasında müəyyən olunur. İddiaçının azyaşlı övladları ilə birlikdə istifadəyə yararsız və yarıtikili vəziyyətdə olan mübahisəli evə köçürülmələri hüquqi baxımdan düzgün olmayacaqdır. Belə ki, iddiaçının istismara yarasız vəziyyətdə olan, qapısı, pəncərəsi belə olmayan evə köçürülməsi formal məhkəmə qətnaməsinin qəbul edilməsi və gələcəkdə qətnamənin icra edilməsinin mümkünsülüyü ilə nəticələnəcəkdir.
22. Bundan əlavə yuxarıda adı qeyd edilən məhkəmə qətnamələri əsasında sözügedən özbaşına tikilinin dəyərinin müəyyən hissəsi üzərində iddiaçının pay hüququ tanınmışdır ki, həmin vəsait əsasında da iddiaçı özünün yaşayış sahəsinə olan ehtiyacını qarşılaya bilər.
23. Bundan başqa məhkəmə iddiaçının azyaşlı övladlarının həmin mənzilə köçürülməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Uşaqların yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-662/2022 saylı qətnaməsinə əsasən isə uşaqların ananın yanında qalması qət edilmişdir və ananın yaşayış yeri uşaqların yaşayış yeri hesab olunur və iddianın uşaqlara aid hissədə təmin olunması yalnız uşaqların iddia tələbində qeyd olunduğu kimi anası ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi qanuni nümayəndənin həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri:
25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evə köçürülməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva