Məhkəmə qərarları › İş №e-2(060)-3120/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3120/2023

15.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3120/2023 15.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı "işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı "işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il tarixindən etibarən 1 saylı Ərazi X3ndə çalışmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli “hamiləliyə və doğuşa görə sosial məzuniyyətin verilməsi” haqqında müvafiq əmrə əsasən məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xəbəri olmadan xitam verilmişdir. İşdən azad olunması barədə əmrin surəti və digər sənədlər iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən əmri mübahisələndirə bilməmişdir. Onunla əmək müqaviləsinin tərəfi olan işəgötürən ləğv edilmiş və səlahiyyətlərinin icrası digər qurum tərəfindən həyata keçirilir. Bu səbəbdən hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə müvafiq olaraq X4 Xidmətinə müraciət etmişdir. Həmin müraciətə verilmiş 06 fevral 2023-cü il tarixli cavabda onunla 1 saylı Ərazi Ərazi X3 arasında olan müqaviləyə K-23 saylı, xx.xx.2022-ci il tarixli əmrlə xitam verildiyi qeyd edilmişdir. Bu səbəbdən dərhal mediasiya prosesinin keçirilməsi məqsədilə aidiyyəti üzrə işəgötürənin hüquqi varisi X6 Təhsil İdarəsinə müraciət etmişdir, daha sonra ərazi üzrə mediasiya təşkilatına müraciət etmişdir. Buna müvafiq olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli müvafiq arayış tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Hazırkı halda 1 saylı Ərazi X3nin K-23 saylı xx.xx.2022-ci il tarixli əmri tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, 1 saylı Ərazi X3nin K-23 saylı, xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək, İddiaçı işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu iclasla bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə ərizə göndərərək iclasın qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf qəsdən iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına sənədləri təqdim etməkdən boyun qaçırmış, həqiqətin aşkara çıxarılmasına maneçilik törətmişdir. Bu isə əyani olaraq sübut edir ki, həmin işdə qayıtma və işdən azad olunma barədə ərizələr iddiaçı tərəfindən imzalanmamışdır. İş üzrə müddətin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçıya işdən azad edilmə barədə əmrin surətini, əmək kitabçasını və iş üzrə iddia müddətinin başlanmaıs üçün zəruri olan digər sənədləri təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti başlanma anını cavabdeh tərəf sübut edə bilməmişdir. Yalnız iddiaçıya bu məlumatlar X4 tərəfindən təqdim edilən məktubdan sonra məlum olmuşdur. Həmin məktubun isə təqdim edilməsindən sonra iddia müddəti ötürülmədən mediasiya prosesi keçirilmiş, dərhal sonra isə məhkəməyə müraciət edilmişdir.

5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron- Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı özü öz ərizəsi ilə işdən ayrılmışdır. 1 saylı X3 isə hal-hazırda ləğv edilmişdir və onun fəaliyyətini Abşeron-Xızı Regional Təhsil İdarəsi həyata keçirir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı 1 saylı Ərazi X3nin rəisi E.M.Süleymanova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən qismən ödənişli analıq məzuniyyətindən işə qayıtmağına icazə verilməsini xahiş etmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi X3nin xx.xx.2022-ci il tarixli, M-22 saylı “məzuniyyətdən geri çağırılma barədə” əmrinin surətindən görünür ki, Sumqayıt şəhəri üzrə təsərrüfat istismar qrupunun qismən ödənişli sosial məzuniyyətdə olan fəhləsi İddiaçı məzuniyyətdən geri çağırılması, xx.xx.2022-ci il tarixində işdə hesab olunması əmr edilmişdir.

10. İş materiallarında olan İddiaçı 1 saylı Ərazi X3nin rəisi E.M.Süleymanova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, aparılan struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş, SN 00007 № ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilir. xx.xx.2022-ci il tarixdə işə çıxmalıdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X6 şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X6 Təhsil İdarəsinin X6 şöbəsinə təqdim etdiyi rəsmi məktubuna və təsdiqedici sənədlərə əsasən müəyyən olunmuşdur ki, onunla 1 saylı Ərazi X3nin rəisi (işəgötürəni) arasında xx.xx.2016-cı il tarixində müddətli əmək müqaviləsi bağlanaraq Mərkəzin Sumqayıt şəhəri üzrə təsərrüfat İstismar qrupuna işinə qəbul edilmişdir. Ona sonuncu dəfə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 saylı Ərazi X3nin M-06 saylı, xx.xx.2022-ci il tarixli “Hamiləliyə və doğuşa görə sosial məzuniyyətin verilməsi haqqında” əmrinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məzuniyyət verilmişdir. Onun qeyd olunan məzuniyyətdə olduğu dövrdə xx.xx.2022-ci il tarixli məzuniyyətdən geri çağrılmağı ilə bağlı müraciətə əsasən Mərkəzin M-22 saylı xx.xx.2022 tarixl əmri ilə məzuniyyətdən geri çağrılmış xx.xx.2022-ci il tarixindən işdə hesab edilmişdir. 1 saylı Ərazi X3nə edilmiş xx.xx.2022-ci il tarixli müraciət əsasında K-23 saylı, xx.xx.2022-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə (öz xahişi ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2023-cü ildir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı 1 saylı Ərazi X3nin M-22 nömrəli, 27 aprel 2022-ci il tarixli əmri ilə öz ərizəsi əsasında məzuniyyətdən geri çağrılmış və xx.xx.2022-ci il tarixdə işdə hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə isə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş və əmək kitabçası ona təqdim edilmişdir. Əlavə olaraq, 1 saylı Ərazi X3 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-99 nömrəli əmri ilə ləğv edilmişdir. Sorğunun icrası üçün aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 1 saylı Ərazi X3 tərəfindən İdarəyə təhvil verilmiş sənədlər arasında İddiaçı işə qəbul edilməsinə və işdən çıxarılmasına əsas olmuş sənədlərin əslləri yoxdur. Odur ki, sözügedən sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspert vəsatətində göstərilən sənədlərin əsilləri mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi X3ndə Sumqayıt şəhəri üzrə təsərrüfat istismar qrupunun fəhləsi vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdən işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək kimi əsas hüquqları vardır.

19. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

21. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

22. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

23. Eyni Məcəllənin 62.5-ci maddəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

24. Göründüyü kimi İddiaçı 1 saylı Ərazi X3nin M-22 nömrəli, 27 aprel 2022-ci il tarixli əmri ilə öz ərizəsi əsasında məzuniyyətdən geri çağrılmış və xx.xx.2022-ci il tarixdə işdə hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə isə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

25. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Sənədlərin əsilləri mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır.

26. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X6 şöbəsinə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmiş, sonradan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

29. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

33. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

34. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

35. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

36. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

37. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

38. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

39. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı "işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı "işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar